Qırıqların Fəlsəfəsi Silsiləsi — II: Daonun Axan Çayı və İnyanqın Qırıqları


“Güclü tufanlar ən dərin kökləri olan ağacları yıxa bilməz, su isə yolunu kəsən qayaları aşaraq axar.”

Qədim Çin məsəli.

İnsanın ən böyük xətası, öz gücünü sərtlikdə, qırılmazlıqda və sarsılmaz bir bütövlükdə axtarmasıdır.Kintsugi yazımızın Facebook-da və “Yenises.ru” platformasında doğurduğu o səmimi əks-səda mənə bir daha sübut etdi ki, müasir oxucu artıq saxta parıltılardan bezib. Yaponların o qırıqlara qızıl sim çəkmək müdrikliyindən sonra, bu gün silsilənin ikinci addımında Şərq təfəkkürünün ən dərin qatına — qədim Çin fəlsəfəsinin Dao (Yol) və İnyanq qanunauyğunluğuna enirik.Qədim Çin mütəfəkkiri Lao Tzı bizə pıçıldayır ki, kainatdakı ən böyük güc sərt və dikbaş olan bütövlükdə deyil; yumşaq, axıcı və qırılma anını qəbul edən çeviklikdədir. Çünki sərt olan hər bir ağac qasırğada qırılmağa məhkumdur, yumşaq və əyilən qamış isə tufandan güclənərək çıxır. Bizim Şərq sosiologiyasının və o məlum saray mühitinin ən böyük faciəsi isə budur: o, insanı mütləq bir sərtliyə və iki rəngə (ya tam ağ, ya tam qara) məhkum edir. Tarix boyu hökmdar saraylarında Tanrının onlara bəxş etdiyi yüksək ilham və istedadı iqtidar sahiblərinin ayaqları altına sərən mədhiyyəçi zehniyyətin iplərinin həm rəngi qaradır, həm də sünicə yaratdıqları mühitin. Onlar öz daxili qaranlıqlarını (Şər tərəflərini) gizlətmək üçün saxta bir “Xeyir” maskası taxırlar. Halbuki Çin fəlsəfəsinin İnyanq (Yin-Yang) rəmzi bizə tam fərqli bir əxlaq öyrədir: Hər bir ağlığın (Xeyrin) içində bir qara nöqtə, hər bir qaranlığın (Şərin) içində isə parlaq bir ağ nöqtə var. Kainat və insan bu iki ziddiyyətin qırıqlarından, toqquşmasından doğan bir vəhdətdir. İnsanın öz daxili dünyasındakı qaranlığı, aldığı yaraları və bunları acizanə qəbullanması əslində onun öz təbiətinə xəyanətidir. Düşünən bir insan üçün daxili Dao — həyatın maneələri qarşısında bir çay kimi axmağı bacarmaqdır. Qarşına o sərt, aşılmaz divarlar və qorxu kütləsi çıxdığı an, sən o divarla toqquşub qırılmamalısan; su kimi o divarın ətrafından süzülüb özünə yeni bir Yol tapmalısan. Əgər eqon varsa, sən o maneəni keçə bilməyəcəksən; sən o divarın önündə dayanıb ətalətə məhkum olacaqsan. Lakin fərd öz eqosunu o mütləq “heçlik” məqamında sıfırlayanda, o, suyun o sarsıdıcı, qayaları parçalayan yumşaq gücünə vaqif olur. İnsanı mənəvi-psixoloji cəhətdən bədbinliyə sürükləyən şey — içində yatan müdhiş enerjili Divi fərq etməməsidir. Çin müdrikliyi bizə o içimizdəki Divi oyandırmağı diqtə edir.

İçinizdəki Divi oyandırmaqdan əsla qorxmayın! Qorxunun ömrü, qorxunun bitdiyi yerə qədərdir. Bu, həm fərdi, həm də toplumsal anlamda dəyişməyən gözəl bir gerçəklikdir. Əlbəttə, bacaranlara!

Məhəmməd İsrafiloğlu.
Almaniy
a.