Bir qrup ziyalı prezident İlham Əliyevə məktub göndərdi
Uzun illər düşmən əsarətində olan tarixi torparlarımızın azad olunmasının 100-cü günü münasibətilə Azərbaycan və onun hüdudlarından kənarda yaşayan alimlər, ziyalılar, ictimai xadimlər, diaspor fəallarının təmsil olunduğu Milli Qəhrəman Mübariz İbrahimov adına Milli Birlik sosial qrupunun üzvləri ölkə prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Prezidentə ünvanlanan məktubda onlar əsrin dörddə birindən artıq erməni qəsbkarları tərəfindən istila altında qalan Azərbaycan torpaqlarının Milli Orudumuz və onun Ali Baş Komandanının inamlı və qətiyyətli addımı sayəsində geri alınmasını dilə gətirib və bu qələbədən doğan sevinc hisslərini bölüşüblər.
Düşmənin kapitulyasiya aktına qol çəkməsinin ardından bu tarixi Qələbənin Bakıda keçirilən möhtəşəm Zəfər Paradı ilə taclandırılması qürurvericidir.
Qrup üzvləri illərlə ya qəsdən, ya da başqa səbəblərdən həlli müşkülə düşən Qarabağ problemində təşəbbüsü ələ alıb, qətiyyətli, kəskin mövqə nümayiş etdirən ölkə başçısı İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.
Məktubun tam mətnini dərc edirik.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevə
18. 02. 2021
Möhtərəm Prezident!
2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan kimi Sizin işğal altında olan torpaqlarımızı azad etmək üçün verdiyiniz əmrlə başlanan Vətən müharibəsi 44 gün sonra Şanlı Ordumuzun zəfəri ilə başa çatdı və düşmən təslim sənədini imzaladı. Bununla da Siz xalqımıza otuz il həsrətində olduğu Qələbə sevincini yaşatdınız.
Vətən müharibəsi xalqla ordunun Sizin ətrafınızda bir vəhdət halında birləşdiyini, ön cəbhədə və arxada hamının bir ali məqsədə – Qələbəyə xidmət etdiyini göstərdi. Böyük Qələbəmizin 100-cü günü bir daha bu müqəddəs savaşda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza sağlamlıq diləyərək, Qələbə münasibətilə xalqımızı və Sizi ürəkdən təbrik edirik!
Mənfur düşmənin xislətinə yaxşı bələdik və buna görə də biz sayıqlığı heç vaxt əldən verməməliyik. Düşmənin torpaqlarımıza bir daha göz dikməməsi, vətəndaşlarımızın öz doğma yurdunda üzücü qaçqın, köçkün vəziyyətinə düşməməsi üçün ordumuz daha da gücləndirilməli, xalqın güzəranı yaxşılaşmalıdır.
Möhtərəm Prezident!
Bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin qaliblərə layiq firəvan yaşayışı təmin olunmayıb. Biz böyük Qələbəni qazandıran əsgərlərin çoxunun necə çətin şəraitdə yaşamasının şahidi oluruq. Hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş qazilərin sosial təminatında bu günə qədər ciddi problemlər qalır.
Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birləşdiyi “Milli Birlik” sosial WhatsApp qrupu adından Sizə müraciət etməkdə məqsədimiz bu gün Azərbaycandakı mövcud vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün zəruri hesab etdiyimiz bəzi təklifləri nəzərinizə çatdırmaqdır.
1. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin iqtisadi və siyasi qüdrəti səmərəli, ədalətli, şəffaf idarəçiliyin tətbiqi və uğurlu kadr siyasətindən asılıdır. Onilliklərdən bəri eyni vəzifələri tutan, hər cür inkişafa müqavimət göstərən yuxarı təbəqə idarəçilərini təşəbbüskar, müasir innovasiya yeniliklərini tətbiq edə bilən gənclərlə əvəz etməklə ölkəmizin inkişafına və güclənməsinə güclü təkan vermək olar.
2. Hakimiyyətin hər üç qolunun — qanunverici, icraedici və məhkəmə orqanlarının tam müstəqilliyi təmin edilməli, xüsusilə məhkəmə sistemində ədalətin, qanunun aliliyinin tam olunması, Milli Məclis əsil qanunverici orqan kimi öz funksiyasını çevik yerinə yetirməsinə diqqət artırılmalıdır.
3. Məmurların və güc strukturlarının xalqa qarşı etinasız, zorakı, qanundankənar hərəkətlərinə qətiyyətlə son qoyulmalı, müqəssir şəxslər tutduqları mövqedən, vəzifədən asılı olmayaraq qanun qarşısında cavab verməli, bununla da idarəetmənin bütün sahəsində qanunun aliliyi təmin edilməlidir.
4. Korrupsiya, monopoliya və digər qanunsuz yollarla külli miqdarda dövlət vəsaitini mənimsəmiş məmurların aşkarlıq şəraitində mühakimə olunması və onların qanunsuz yiyələndiyi əmlakının dövlətin nəfinə müsadirə edilməsi xalqın haqq-ədalətə inamını artırar, eyni zamanda müharibənin vurduğu yaraların tezliklə sağaldılmasına əlavə maddi imkanlar yaranar.
5. Ölkədə monopoliya və məmur sahibkarlığına son qoymaq, azad, iqtisadi mühit təmin etmək, işsizliyin azaldılması, əmək qabiliyyətli insanların miqrasiyasının qarşısının alınması üçün təcili və real tədbirlər görülməsini, yeni istehsal sahələri yaradılmasını təşviq etmək, Vətənimizin əlverişli iqlim şəraitindən və münbit torpaqlarından daha çox fayda götürülməsi üçün müxtəlif sahələrdə çalışanlara, xüsusilə aqrar sahədə dövlət dəstəyi gücləndirilməlidir.
6. Hər vacib dövlət orqanında, hakimiyyətin müxtəlif qollarının fəaliyyətinə nəzarət üzrə işlək ictimai şuralar təşkil edilməli, bu quruma respublikada elmi, ictimai, yaradıcı fəaliyyətilə böyük nüfuz qazanmış şəxslər daxil edilməlidir.
7. Prezident, Ali Baş Komandan olaraq tərəfinizdən Qalibiyyət münasibəti ilə geniş əfv verilməsi, amnistiya elan edilməsi bu gün xalqın təqdiri və rəğbəti ilə qarşılanacaq ən nəcib və humanist addım olardı.
8. Ermənilərin Tovuz təxribatına qarşı Bakıda keçirilən etiraz nümayişlərində iştirak etmiş şəxslərin, uydurma ittihamlarla həbs edilən vətəndaşların azadlığa buraxılması, uzun müddət həbsdə saxlanılan şəxslərin işlərinə xitam verilməsi ədalətin təntənəsi olmaqla yanaşı, vətəndaş həmrəyliyinə və milli birliyə bir töhfə olardı.
9. Respublikada aztəminatlı əhaliyə sosial müavinətlərin, ilk növbədə çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi dünyanın sivil ölkələrinin təcrübəsi əsas götürülməklə, verilməsi təmin edilməlidir.
10. Cəmiyyətdə narahatlıq yaradan, ictimai rezonansa səbəb olan məlumatsızlıq üzündən çoxlu suallar doğuran məsələlərə Sizin mətbuat xidmətinizin və ya təyin etdiyiniz hər hansı qurumun operativ və müfəssəl açıqlama verməsi ictimaiyyət arasında yersiz gərginliyə yol verməz və müxtəlif yanlışlıqlara son qoyar.
Möhtərəm Prezident!
Bu təkliflərlə Sizə müraciət edərkən biz iqtidar və ya müxalifət platformasından deyil, hamımız üçün ali və müqəddəs olan Azərbaycanın vətənpərvər övladları mövqeyindən çıxış edir, yaranmış vəziyyətdə ölkəmizi dünyanın həm sosial təminat baxımından, həm əhalinin rifahı baxımından qabaqcıl ölkələri sırasında görmək istəyirik. Bəzən məmurların özbaşınalığı, şəxsi mənfəət qazanmaq həvəsi elə təsəvvür yaradır ki, sanki onlar dövlət içərisində dövlət qurublar və yalnız özlərinə sərf edən, sivilizasiyanın tanımadığı və qəbul etmədiyi anlayışlarla hərəkət edir, xalqın ödədiyi vergilər, dövlətin büdcəsi hesabına yaşadıqlarını, xalq qarşısında təəhhüdlərinin olduğunu unudurlar.
Xalqımız çox vacib, taleyüklü dönəmini yaşayır. Otuz illik mühasirə, işğal, məhrumiyyətlər halqasını 44 gündə yaran Orduya və onun Ali Baş Komandanına xalqın inamı və verdiyi yetkilər bu gün mövcud olan bütün mənfi halları aradan qaldırmaq üçün kifayətdir. Ölkəni işğaldan azad edərək tarixə yeni səhifə yazmış Müzəffər Prezident kimi Sizin bir də ölkəni haqsızlıqlardan, qanunsuzluqlardan, rüşvət və korrupsiya girdabından azad etmək kimi tarixi imkanınız var.
Möhtərəm Prezident!
Bu məsul vəzifənizi yerinə yetirəcəyinizə inanırıq, güvənirik və bütün mümkün dəstəyimizlə yanınızdayıq!
Hörmətlə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına “Milli Birlik” WhatsApp qrupu
Imza:
1. Professor Rafael Qəribov
2. Professor Togrul İsmayıl
3. Abbas İmanov
4. Afət Kərimova
5. Asif Mayılov
6. Aslan Mehdiyev
7. Asman Hüseynov
8. Ayaz Məmmədov
9. Ayden Kurbanov
10. Akif Çakmak
11. Barat İmanı
12. Bəhram Süleymanov
13. Vahid Rüstəmov
14. Vüqar Abbasov
15. Vüqar Xudiyev
16. Cavad İsmayılbəyli
17. Cəfər Abbasov
18. Eldar Ələsgərov
19. Ellada Məmmədli
20. Elşən İbrahimov
21. Əhməd Qulusoy
22. Əhəd Əhədov
23. Əli Novruzoglu
24. Əlisəfa Mehdi
25. Feyruz Şivəxanov
26. Fərhad Güneyli
27. Fərhad Hümbətov
28. Fərhad Nouri
29. Gülarə Yenisey
30. Güloglan Əbilov
31. Gümrah Vəliyev
32. Haşim Aliyev
33. Haşim İsgəndərli
34. Hidayət Mammadov
35. Hikmət Cavadov
36. İbrahim Xəlil
37. Iqbal Aslanov
38. İlham Tagıyev
39. İlhamə Qurbanova
40. İlqar İsmayılov
41. Kamran Həsənzadə
42. Qalib Əlizadə
43. Qəhrəman Məhərrəmov
44. Qələndər Muxtarlı
45. Limunət Əmrahlı
46. Məhəmməd Hüseynli
47. Məqsəd Oguz Adil
48. Məmmədcamal Məmmədov
49. Rauf Baxışov
50. Rahib Süleymanov
51. Ramiz Abişov
52. Rəfail Hacıbalayev
53. Rəşid Əliyev
54. Rüfət Bayramov
55. Sevil Tagıyeva
56. SəbinəXəlilova
57. Sədaqət İsmayılova
58. Sərraf Kərimov
59. Sultan Mərzili
60. Südabə Sərvi
61. Süleyman İsmaylov
62. Tahir Soltanoglu
63. Tapdıq Nagıyev
64. Tərxanım Nəsibova
65. Tünzalə Vəliqızı
66. Vladimir Kurbanov
67. Yaşar Cəfərov
68. Yelmar Mustafaev
69. Zaur Bayramoğlu
70. Zaur Qiyasov
71. Zəlimxan Məmmədli
72. Zəminə Mustafaeva və sonra 141 qrupun üzvü
Cəmi: 213 imza
Yenises.ru
Moskva
18.02.2021