Baş-ayaq düşüncə


“İstəyənim çoxdur deyib öyünmə, ucuz malın alıcısı çox olar”.  Mən demirəm, deyən deyib. 

Bahasına gücü çatmayanlarmı deyib, əcəba?)) 

Kəmiyyət çoxaldıqca keyfiyyət azalır. Amma daha isbatsız heç nə yoxdur. Sadəcə dəyişik vektorlar və sektorlar var. 

Baxır 6 və 9-a hansı tərəfdən baxırsan. Sənə görə 9 olan ona görə altıdır. Altı olmayın, əlaltı da olmayın. Bacarın 8 olun. Çünki o elə hər tərəfdən 8-dir. Bunu da müqayisə üçün yazdım.

Ciddiyyəti qoruyum deyib ziddiyəti böyütdüm. Bu sonu “ət” lə bitən sözləri də ha tərəfə çevirirsən çevir, keyfiyyətlilik əmsalı o birindən artıq olur. Haqq üçün deyim yəni. 

İnsaniyyət, hürriyyət, mədəniyyət… bu 3-ü yetər onu tərif etməmə. 

Tərif də ziddiyyətli sözdür. Birini tərif et deyirsən, özünə yox, insaniyyətinə yox, mədəniyyətinə  yox… (yəni durub onu düşünmürlər) imkanı və vəzifəsinə görə tərif edirlər. 

Ya yolu tərif et-desəm… 

Kənd yolu, şəhər yolu… 

Yol hələ uzundur. Söhbət də yol kimidir. Yoldaş yola yaxın olanda yol da yaxınlaşır.

Hər yolun yolçusu ol, amma… Tərifin yenə təltifinə görə olacaq. 

Hərdən düşünürəm. Niyə hərdən onu da bilmirəm. İnsan beyni düşünmədən durmur deyirlər. (Elmi araşdırmalara görə insan beyni gün ərzində 6200 düşüncə istehsal edir). O zaman…? Bəzi suallar ədaləti tapdanan  günahsız məhkumlar timsallıdır.  Cavabı yoxdur. O sosial sorğudakı “bitərəf” ya da “cavab vermirəm” kimi. 

Heç zad… Düşünmədən durmayan beyinə malik insana niyə düşüncəsiz deyirik? Çox inkarlar da «siz» şəkilçisi ilə düzəlir. Yəni bizdən olan sizlə. Bunun sız-ı da var, süz-ü də…  Ey sözü belə ahənginə görə uyğunlaşdıranlar… Bilmədim bunu kimə ünvanlayım. Cavabsız sualın duzu yoxdu, süz-sən də, sız-san da… Sus! 

Biz də hələ evdən çıxanda qabağıma qara pişik çıxdı deyə – o gün  işimiz nəhs gətirərsə, səbəbini o heyvancığaza yükləyərək davam edirik. Sanki yüklənməyə, yükləməyə başqa heyvan yoxmuş. 

Qarğa  da var… Eləyə qalsa it də var… 

Nəysə, var olandan xeyir gəlmir, yox olanla da yoxsullaşaraq var olanı da itiririk. 

Nə işimə qalıb, namus, qeyrət mövzusuna girim?! Özgə monopolyasına girəni cəzalandırırlar. Sonra da deyirlər ki…

Deyirlər, deyiblər, deyəcəklər. «Ucuz ətin şorbası olmaz». Ucuz ətdən elə şorba olar, başqa şey olmaz. Sümük suyuna sup bişirənlər məni təsdiqləyərlər.

Elə hey düşünməkdənsə, bu bilinməzliyə gedənlərin qatarından yolun yarısında düşmək yaxşıdır. 

Ucuzu, bahası 6-9 kimi baş-ayaq düşüb. Sən də düş. Dünyanın yaxasından da düş.

Tünzalə Vəliqızı, Moskva
26.01.2024


Bir cavab yazın