Bəxtəvərəm
Çünki Tanrı məni cənnəti bu dünyada qazana bilmək imkanı ilə imtahan edib. Deyirlər ha, üç qız övladı böyüdüb ərsəyə gətirən atanın yeri cənnət olar, o həm də mənə aiddir. Hətta bu deyimin özündə belə bir patriarxat düşüncəsi durur o başqa məsələ. Yəni övladları böyüdüb boya-başa çatdıranda da son nəticədə özünün axirətini düşünür insan.
Birinci qızımın dünyaya gəlməsi xəbərini axşam iş otağımda aldım. Bakıda xəbər agentliyində işləyirdim və gec saatlara qədər sabahkı qəzetlərə veriləcək materialları hazırlayırdıq. Gəncədən gələn telefon zəngi xoş xəbəri gətirdi: gözün aydın, qızın olub. Bir anlıq duruxdum. Necə? Mənim qızım olub? Ola bilməz. Oğlum olmalıdı. Ümumi düşüncə axarı beləydi axı. Özümü topladım, zəng vuran baldızıma təşəkkür elədim. Bu xəbərdən cəmi bir həftə sonra sevimli müəllimim Cəlil Xəlilov məni yanına çağırıb Moskvaya, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibliyinə işə getməyi təklif elədi. Beləcə qızımın ayağının sayası düşdü taleyimə. İki il sonra ikinci övladım doğuldu. Qız! Onun dünyaya gəlişini avqust ayında yağmurlu bir gündə ev üçün bazarlıq edib qayıdanda öyrəndim. Bir gün əvvəl anasını xəstəxanaya aparmışdım. İndi guya hazırlıq üçün bazarlığa getmişdim və əlimdə zənbil olmadığından (o vaxt indi gördüyümüz qədər selofan, plastik torbalar yox idi!) aldığım yumurtaları qəzetdən düzəltdiyim “qutuya” qoymuşdum ki, yağış da o “möhkəm qutunu” bir neçə dəqiqədə islatdı, özümü zor-bəla evə çatdırdım. Az keçmədən çalışdığım idarədə bir pillə irəli çəkildim və bunu da ikinci qızımın sayəsi hesab elədim. İllər ötdü, məktəbə getdik. Onlarla bərabər yenidən oxuduq, gimnaziya bitirdik, qızların ikisi də Moskvada yaşasalar da ana dilində danışır, məktəbdə rus və alman dilini öyrənirdilər. İkinci qızdan on bir il sonra Yaradanın lütfü ilə bir övladımız da oldu—qız! Günay və Aygündən sonra ona da anamın adını verdik—Əminə. Onun gəlişi böyük dövlətin dağılmasından, Azərbaycanın müstəqilliyə qovuşmasından üç il sonraya təsadüf etdi. Gimnaziya təhsilimiz hələ davam edirdi və yeddi il sonra Əminə də o məktəbin üçüncü müdavimi oldu. Orada uzun müddət övlad oxutduğumuza görə üçüncü qızımın son zəng mərasimində valideynlər adından səhnəyə çıxıb “bu gimnaziyanın ən uzunömürlü, “sinifdə qalan” şagirdi mənəm,–dedim,–çünki 23 ildir burada “oxuyuram”. Birinci qızımın son zəngində dörd yüz nəfərə yaxın adamın toplandığı salonda gimnaziyanın direktor müavini valideynləri təbrik etdikdən sonra dedi: bütün şagirdlər həvəslə oxudular, zəhmət çəkdilər, finişə çatdılar, amma bir şagird var ki onun adını hamının qarşısında çəkmək istəyirəm, çünki onunla şagird kimi yox, az qala həmkar kimi sərbəst müzakirələr apara bilirəm. Valideynlərin çoxu intizarla çəkiləcək adı gözlədilər və Tatyana Andreyevna “Onun adı Günaydır” dedi. Mənim qürurumun ölçüsünü düşünün.
İkinci qızım çalışdığı müəssisədə nümunəvi işçi kimi mövqe qazanmışdı. Bu gün tez-tez rast gəlindiyi kimi onun iş yükünü durmadan artırır, məvacibini artırmaq bir yana, azaltmağa belə cəhd edirdilər. Öz ərizəsi ilə işdən çıxdı. Yerinə işə qəbul edilən üç namizədin heç biri bir aydan çox tab gətirmədən qaçdıqdan sonra onu məvacibini və iş statusunu yüksəltməklə təkrar dəvət etdilər. Atanın bəxtəvərliyi üçün bu yetərli deyilmi?
Sonbeşiyimiz də təhsilini və iş məharətini nümunəvi yerinə yetirir. Almaniyaya, böyük qızımgilə qonaq gedəndə Əminənin tərcüməçiliyi ilə öyünürəm.
Hamısının mənimlə mübahisə etmək, razılaşmamaq haqqı var. Bəzən bu haqqın normadan artıq olduğunu da düşünürəm, amma nə fayda. Cini şüşədən buraxmışam artıq (zarafat).
Bunları yazmaqda məqsədim öz “demokratlığımı”, övladlarımın başqalarından istedadlı olduğunu önə çəkmək deyil, əksinə, qız ovladları olaraq valideynlərini bəxtəvər etmək üçün necə zəhmətkeş olduqlarını, müftəxorluqdan və ucuz parıltılı zahiri görüntüdən çox, mənəviyyata, biliyə üstünlük verdiklərini göstərməkdir. Tələbə yoldaşım şair Tofiq Məmmədin belə misraları vardı “Qızlar hamısı gözəldir./Təki görməyi bacar,/Təki sevməyi bacar.”
Həyatımdakı uğurları qızlarımın ayağının sayası deyə dəyərləndirməyimi dinə, xurafata bağlamağa ehtiyac yoxdur. Sadəcə qız övladlarının hər valideynin uğurlarının qaranquşu olduğuna inanıram.
Bu gün sosial şəbəkələrdən birində qız övladın təhsilinin vacibliyi haqqında məşhur xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin fikrinə istinad etmişdilər. O fikrin davamı olaraq deyə bilərəm ki, bəşəriyyətin sağlamlığı da, azadlığı da, zənginliyi, firavanlığı da, əmin-amanlığı da təhsilli, bərabərhüquqlu, varlığına, baxışlarına, görüşlərinə dəyər verilən, hörmət bəslənən qadınlardan asılıdır. Onlar başımızın tacıdır deyib keçməklə olmur, onları həmişə haqq etdikləri yüksəklikdə tutmaq hamımızın borcudur.
Cəfər Sadıq,
25 aprel 2026-cı il, Moskva
