Bu gün MİRZƏ ƏLƏKBƏR SABİRİN Anım günüdür!
M. Ə. SABİRIN ƏZİZ VƏ İŞIQLI XATİRƏSİNƏ…
Xalq üçün yaşayanı Xalq əbədi yaşadar.
Öz Xalqının haqqı, hüququ maariflənməsi yolunda fədakarlıq edənlər həmişəyaşardırlar.Onların xeyirlil əməlpərvər işləri öldükdən sonra da davam edən ikinci ömürləridir. Dinlərin anlatdığı cənnət olacaqmı, olmayacaqmı biləməm. Çünki nə gedən var nə gələn. Şəxsiyyətsənsə, öldükdən sonra yüzillər boyu haqqında əfsanələr gəzirsə bu sənin yenidən zühurundur demək ki. Bu mənada böyük şəxsiyyətlər göydən düşmürlər, yerdən göyə yüksəlirlər.
Mirzə Fətəi AXUNDZADƏ, Mİrzə Ələkbər Sabir, İsmayıl Bəy Qaspıralı, Ziya Gökalp, Həsən Bəy Zərdabi, Əlimərdan Bəy Topçubaşov, M.Ə. Rəsulzadə və bu silsələnin davamı olanlar millətin fikir, düşüncə dünyasının inciləridirlər. Öz dövrlərində də, sonralar da bu mümtaz, işıqlı şəxsiyyətlərə nə qədər çamur atsalarda çifayda! Almaz çirkabda əriməz!
“ El üçün ağlayanın gözü kor olar.” Bu atasözünü çöz ki, çözəsən.Hesabla el üçün fədakarlığın meyarı ağlamaq və kor olmaqla nəticələnməməlidir. Kor olmaq dünya işığından məhrumiyyətdir, oysa qaranlğa işıq tutmaq qayəsiylə yanmaq işin ən gözəli. Bu atasözünü uyduranlar xalqa təpədən aşağı baxmanın bir folklor nümunəsini yaradıblar pessimistcəsinə, vəssalam. Ağlamaq əsla çıxış yolu deyildir. Sabir demişkən: “ Ağladıqca kişi qeyrətsiz olur , necə ki, ağladı oldu İran…”
Amma bu zehniyyət eyni zamanda “ İgidi el saxlar” da deyir. Atalarımızı çox vaxt başa düşmək olmur. Həm igidliyi övürlər həm də qorxulu baş salamat olar deyib aradan əkilirlər. Demək ki, ataların da igidi, qorxağı, dalaşqanı, mütisi var imiş. Cəsarətə övgülər yağdıran cəsur atalar, mənə nə var, ac qulağım dinc qulağım deyib ömrü başa vuran atalar.
Bəlkə də Şərqi müti qılan atalar və oğullar arasında sistemli savaşının olmamasıdır. Qərbdə oğullar ataları çoxdan məğlub edib və yaxud da ortaq bir məxrəcə gəlinib birincilərin üstünlüyü ilə. Bizdə isə hələ də “ atalar övladlarının gələcəyidir.” Bəzi kosmetik dəyişikliklərə aldanmayın lütfən. Onsuz da tarix, ədəbiyyat şüurumuzda belə bu kompleks yatır. Hamı novruzəliyə lağ edir amma hamı elə yenə novruzəlidir, Oksfordlu, qalstuklu, diplomlu novruzəli. Mirzə Cəlilin novruzəlisinin nəyi də olmasa bir saflığı var idi. Avam idi, poçt qutusundakı ağasının məktubu uğrunda öləsinə vuruşan bir cəsarəti var idi. Indiki “ novruzəlilər” isə hər an buqəlmun kimi rəng dəyişdirən, çox bilmiş MSK- məzahir pənahov misalı. O da novruzəlilik etmirmi?! Bal kimi edir sadəcə darülfünün müəllimi adıyla, qalstuklu, mədəni görkəmiylə və s. xarici görünüş elementləriylə. Amma di gəl Mirzə Cəlilin “ Poçt qutusu” nu oxuyanda bəlkə də yazıq novruzəlinin halına onun ağası Vəli bəydən betər şaqqanaq çəkib gülübmüş.
Vallah adama deyərlər bu yerdə ki, kor kora kor deməsə lap bağrı çatlar. Hələ Axundovu, Zərdabini,Sabiri, Mirzə Cəlili oxuyub kişi elə bil bu günümüzü görüb deyib başını bulayan aliminə, professoruna nə deyəsən. Sən bir mənim alimimə, professoruma bax, cahilliyə qarşı savaş açan Sabir, Mirzə Cəlil olmaq əlbəttə çətindir, bu yolda döyülmək var, söyülmək var. Amma sonunda şərə qalib gəlmək qeyrəti himməti nə gəzir bunlarda?!
Ən yaxşısı xalqa təpədən bax, onu xor gör, mən alim sən cahil, sən kim mən kim deyib alay et.
Dini fanatizmin at oynatdığı XX əsrdə cəhalətə heç bir şeydən qorxmadan savaş açan Sabir, Mirzə Cəlilin çölə atılan dırnağı belə deyilsiniz. Eyni dəmirdən nal da olur, qılınc da. Atalarımız da hərdən ağılıı sözlər deyirmişlər məsələn Oddan kül törəyər . Törədi nədir, çiçək açdı, bəhri barını verdi. Kaş ki ocağın közü olsaydıq. Kül-küllük, bir də var gül, güllük-gülüstan.
Şair də gözəl deyib bu arada:
“ Gül bəsləməyən bağçada heç gül qədrini bilməz…”
KƏDƏRLİ BİR HAŞİYƏ
Status məqalədən boylanan karikaturadakı Sabirin çəkdiyi yükə ürək dayanmaz. Ölüm döşəyində Onun “Arizü-qəmlər əlindən ürəyim şişmiş idi…” misraları içimi sızlatdı bu sətirləri yazarkən… “Arizü-qəmlər” bu səbəbdən canına yapışıbmış xəstəlik kimi sən demə böyük Sabirin… Sabirə satira şairi kimi yanaşanların halına hər zaman acıdım. SABİR BİZİM HÜRRİYYƏT ŞAİRİMİZDİR!
Mütaliə, bədii təfəkkür , analitika hamısı dünyagörüşdən qaynaqlanır. Meyvə bağçası olduğu kimi, fikir bağçası da mövcuddur bəhri barıyla. Hər kəs yediyindən ikram edər bu baxımdan. Bizim tariximizə, ədəbiyyatımıza, şəxsiyyətlərə münasibətimizdə də bu “ yediklərimizin” dərin təsiri var. Biz heç zaman Sabirə Sabir, Axundova Axundov, Zərdabiyə Zərdabi gözüylə baxmadıq, ya təhrif etdik ya da özümüzdən uydurduq.
Sabirin qələmi, ruhu, təmiz vicdanı yalnız və yaınız hürriyyətdən yoğrulmuşdur, bu üzdən o qaranlığı, cəhaləti sevmirdi, xalqı geriyə salan bütün qüsur və nöqsanlara, rüşvətxor Dövlət rəhbərləri olan şahlara, məmurlara, mədəsini xalqın cəhalətindən sui istifadə edərək dolduran, onların pullarını öz ciblərinə çevirən yekəqarın, həzrəti mədə olan din xadimlərinə, mollalara qarşı ölümünə mübarizə aparırdı. Bu mübarizədə Sabir təmənnasız idi, fədai idi, ona atılan çamurlara dözürüdü ki dözürdü. Belə olmasaydı öz zamanının önündə yürüyən bu Nəhəng İnsan deməzdi ki:
Ey dilbəri-hürriyyət, olandan bəri aşiq
Könlüm sənə, çarpışmadadır ruzü şəb* ilə!
Derlərsə əgər işbu səbəbdən mənə fasiq,
Pək müftəxirəm mən də bu ali ləqəb ilə!
*ruzü-şəb- gecə-gündüz
Mənim idealım:
“ Derlərsə əgər işbu səbəbdən mənə fasiq,
Pək müftəxirəm mən də bu ali ləqəb ilə!- hayqıran SABİRDİR!
Fransada Sorbonna Universitetini bitirib elinə, obasına qayıdıb Şuşada müəllimlik edən Əhməd Bəy Ağaoğluna da camaat alay edərək ” firəng Əhməd” deyirmişlər. Hətta Əhməd Bəyi qoçu dəstələrinə döydürülməsi halları belə olubmuş. Amma O amalından vaz keçməmiş. Nə hikmətsə ” firəng Əhməd” ermənilərə qan udduran ” Difai” ni yaradıb xalqın namusunu necə var qorumağa müvəffəq olmuşdur.
Məhəmməd İSRAFİLOĞLU,
Almaniya