Həyatın «şparqalkası…» -gizli qeydləri


(Çap olunmamışlar silsiləsindən İ yazı-düşüncə)

Teatra və ya kinoya gəlib qarderoba verilən paltosunun içindən çıxmayanlar  kollektiv şəkildə asılqandan sallanan geyimləri kimi  məhkumdurlar bu həyata. Məktəb düşünün. Universitet.Və oraya məhkum olanlar. O asılqanda  asılıb qalanlar. Biriləri  öyrənib çıxar, digərləri illərlə eləcə hər gün eşikdən içəri girəndə qapı ağzında soyunulub asılan paltarları kimi  asılqanında boğularlar.

Universitet və ya həyat məktəbi  sadəcə nəfəs almağı, asılı qalmamağı öyrədər. Dərslik və ya onu yazanları asılıysa,  o zaman nə baş verir?

Bir otağı sadəcə ayaqqabıları üçün ayrılan evlər var həyat dediyiniz o məktəbdə. Heç ayaqqabısı olmayan insanlar da var. “Ayaqqabı dərdi çəkmək ayağı olmamaqdan daha yaxşıdır”  təsəllisiylə bu dərdi çözmüşlər. Onlar həyat adlı sinfin partalarında sıralanmış, eyni təranəni dinləyib, eyni havaya yırğalanan, lakin günün sonunda fərqli qiymət  alanlardı (verilənlərdi).

Hər şey qağayı Conatan livinqstonun tabulara, qaydalara  məhkum olmaqdan qurtulub daha yüksəklikdə uçmaq üçün savaşmağa çağırışında bitir.Yüz kərə yıxılıb qalxmaqla, cəsarəti, iradəsi hesabına bunu dəyişdirdiyni bizə təqdim edən  insanların nümunəsində təsdiqini tapır-deyərdim, amma. Əgər elədirsə, niyə onlar sadəcə barmaqla sayıla biləcək qədər azdırlar. Ya çoxdurlarmı mən görmürəm.

Az olan dəyərli olar dediyimizi məntiqli edən budur. Çünki az adam cəsarətli və iradəlidir.

       Elan olunmamış müharibə

Elan onunanı belə elan olunmamışdır. Çünki səni öldürməyə, səndən qopartmağa hesablanmış savaşlara fərqli qəlib geyindirirlər. Reklam şitində hər gün yüz və ya min kərə  göstərilən, gözəl sözlərlə süsləndirilən ifadələrlə  müxtəlif cür adlandırırlar. Mübarizə, iradə, əzilməmək üçün göstərilən əzm…(Əzməklə nədənsə…)

Bütün bunlar  elan olunmayanın reklamı  kimi hər yerdə fırlanar. Gözümüzə soxulan “başarılı həyatların” hekayəsi kimi…

* * *

Bir simi mizrabsız gərsən ondan səs çıxar. Amma barmağının ucunun qanaması hesabına. Beləcə simlər mizrab barmaqları qanadar, qanadınız qanayar. Uçmaq istəyin varsa, yüksəklik eşqindəsənsə qanayacaqsan.

Bir sim gözəl melodiyanın mənbəyi də olur. Evdə yanan lampaya işıq ötürən də. Həyatları ayıran həbsxana və ya sərhəd məftillərinə dolanan da. Simlər həyatınızın melodiyasına köklənər bizi çalar, bizdən də  çalar.

Reklam şitində elan olunmamış müharibə elanı verilməz. Sadəcə ona süs verilər. Bəzək yəni.

Bəzi şeylər  bəzək üçündür. Çoxlu ayaqqabısı olan  bəzəkli adamlar kimi. Əvvəldə də qeyd etdim. Evində ayaqqabı otağı olan həyatlar var.

Və ayağı olmadığı üçün ayaqqabı dərdi, özünü sığışdırmağa otağı olmayan həyatlar da. Birinin həyatı dinləmək, digərininki dinlənmək (dincəlmək) üçündür. Pozulmur tarazlıq. Əslində qaydası, mənası, anlaşılması  üçün tərs olması-bir sözlə gərəkəni budur.

Elan olunmamış müharibələr, savaşlar burdanmı başlar? Başlamaz. Onlara mübarizə öyrədərlər. Uçmaq üçün qayaya çarpılcaqsan. Daha dərinə enmək üçün, daha yüksəyə qalxacaqsan.

İnsanlar onlara buxov olan bəzi  süni  qaydalara qurban verilməyə davam edər.Yem insan, yeyən  insan.Yuxarıda duranın içdiyi suyu aşağıdan bulandıran quzu insan.

Qurd olmaq, aslan olmaq nə qədər hünərdən sayılırsa, qoyun-quzu olmaq bir o qədər  qurbanlıq olmaqdır. 

Toyuqlar uçmaz, qanadı da olsa. Amma quşlar. Qeyrət edəni uçandır. Etməyəni zibillikdə yem axtarıb yenə günün sonunda yem olacaq.

Uçan süs üçün, uçmayan yem üçündür qaydasına tabedir -həyatın əlimizə verdiyi düstur. Bu qaydanı pozmağın cəzası  nədir?

Biri “tabularından, buxovlarından xilas üçün  mübarizə et”- deyir. Digəri  tabular, buxovlar dediyinə “dəyərdir, qoru”-deyir. Hansı deyən doğrudur.

Əslində düşüncə burada başlayır. Hansının doğru olduğunu ayırd etməyində. Onu tapdığın zaman qəlibinə oturursan. Qurdmu, ya quzumu olmağa qərar verirsən. Ya toyuq olub dənlənəcəksən. Ya da qartal olub quzu olanları canyağına keçirib yemlənəcəksən.

Həyatın əlimizə verdiyi “şparqalkası” budur!

Tünzalə Vəliqızı, Moskva

(davamı var)