HANI, XOCALIYA ƏDALƏT?
Mühakimə olunmayan “qalibləriylə” 31 il zaman aşımına uğrayan cinayət! Əslində bəzi cinayətlərin zaman aşımı olmur. Unutmadığın yerə qədərdir onun zamanı. Və unudulmayanınla varsan! Elə ona görə nə bu gün, nə də ellikllə Xocalıya dönəndə unutmayaq bizə yaşadılanları! Unutmayaq o gecəni yaşayanları! Dərsliklərdə riyazi tənliklərə sual, cavab olsun o rəqəmlər. Azalan yerinə, çıxılan yerinə, fərq yerinə qoyaraq hər gün hesablayaq. Hesabını verməyənlərdən hesabı sorulmayanlardan soraq.
Kitablar yazdılar. İlhamlandılar. Kim ilhamlandırdı? Nə ruhlandırdı? Bu soruları soraq.
Ruhunu canlandırmaq üçün faciəni canlandıran qələmini insan qanına batırıb qəhrəmanlıq dastanı kimi yazıb oxutdular dünyaya bizim qətliamımızı . Zori Balayanın- “Ruhumuzun canlanması”- Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi “Sülh mükafatı” komissiyasına göndərilmək üçün yazılan esse idi sanki.
Əvvəl istibdadı yaşadıb, sonra onun qurbanlarının yazdığı esselərin mükafatı aldığı çox nümunələr var. İndi onları qandonduran sözünün belə sönük qaldığı , qanasusamışların yazdığı “ruhunu canalandıranların” essesi ilə bir sırada tutmayım deyirəm. Çünki istibdadı yaşadanla yaşayanın bir sırada dayanması fizika qanunlarına belə ziddir. Amma nədənsə dünya onları aralarına alıb çiyin-çiyinə dura bildi.
Miqyası ərazisindən böyük faciə yaşadıldı, yaşadanlar etiraf etdi. Xocalıda bir gecədə əsrlərə meydan oxuyacaq nəsillərin faciəsi yaşandı. Düynanın Xocalı adlı bətnindən doğulacaq sabahları söküb aldılar.
Cinayətin sözlə təsviri belə ürküdücü. Hərflərdən qan damır. Oxuyanın canına vəlvələ düşür. Oldumu belə bir vəhşilik deyə- sordumu “Ruhumuzun canlanması ” essesini oxuyanlar. Yoxsa qəddarlığın ağlagəlməz ifadəsinin ən parlaq bədii nümunəsi kimimi dəyənləndirdi – “dünya sülh mükafatı” təsis edənlər?!
Mükafat verilmədi bəlkə. Amma yaşatdıqları faciədən ruhlanaraq ölmüş ruhlarını dirildənlər mühakimə olunmamaqla mükafatlandırıldılar. Bundan böyük təltifmi olur? Bəs kəsilən əmcəklər, şişə keçirilən başlar, divara mismarlanan canlar…?
Onların faciəsini tanımayan dünyanın vicadınına buraxmışıq. İllər ötür…. Dünya vicdanında yük olan bu faciəni necə daşıya bilir illərlə ? Yoxsa zaman aşımınamı uğradı çoxlarının beynində.
Acılar səngiyər, ədalət ləngiyər- cox vaxt. Əslində ədalətin axsaq düşüncəlilərin ayağıyla yeriməməsi üçün unutmayaq!!! Hər gün o hesabın üstünə illərin də hesabını qoyaraq soraq.
-Hanı , Xocalıya ədalət?
Tünzalə Vəliqızı, Moskva
26.02.2023