XOCALI


Nə vaxtdır bu yerdə açılmır sabah…
Açılmır tilsimli kilidlər kimi!
Elə ağırdır ki, yükü sözlərin,
Qələm də sınacaq ümidlər kimi!

Mübarək elimin namusu torpaq
Hələ də yağılar qucağı olmuş!
Xocalı dərdimiz bir şəhid kimi
Acısı bitməyən göz dağı olmuş!

Kora da bəllidir bu aciz durum –
Xocalı yolunda geri qalmışıq!
Bu günü ilbəil yaşayaq deyə
Ölənlə ölməyib diri qalmışıq?!

Dolmasın neyləsin nifrətlə ürək?
Sağalmaq bilməz ki, belə yaralar –
Hər yanda viranə, uçuq yurd yeri,
Hər yurdda boş qalmış igid yeri var!

…Nə qədər ağırsa yükü sözlərin,
Qoy qələm sınmasın ümidlər kimi;
Həqiqət yolunda keçib canından
Qanına bulansın şəhidlər kimi!

Afaq Şıxlı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir