Məmməd İsmayıldan təkrarsız misralar
HANSI ADAM QÜRBƏTDƏN VƏTƏNİNƏ GDERKƏN SEVİNMƏZ? YENƏ YOLUM VƏTƏN SARI! SEVİNƏ BİLİRƏMMİ? İKİAYAQLI ŞEYTANLARIN NƏFƏSİ İLƏ DOLUB-DAŞAN,GÜNAH VE YALANLARLA NƏFƏS ALDIRILAN BİR MƏMLƏKƏTİN DURUMUNU VARIN DA SİZ DÜŞÜNÜN…
GÜNAH
Şeytan әmәli var sәndә, ya mәndә,
Qәdim sahibiyik hansı günahın.
Bizә yurd verәndә, yuva seçәndә
Qalıb arxasınca gözü Allahın.
İnamı atüstü, ümidi kövrәk,
Nә verib, bir azca yarımçıq verib.
Keçәlin saçı tәk sevinci seyrәk,
Tәpәlin qaşı tәk qәmı sıx verib.
Dünyaya gәlәli qovğalı baş da,
Başının altına balınc da verib.
Bir köynәk aralı ögey qardaş da,
Qardaşın әlinә qılınç da verib.
Verib yer üzünә xәstә gәlmәyi,
Bir az astaqәdәm, bir az utancaq.
Haçandı unudub üstә gәlmәyi,
Bölmәyi, çıxmağı bacarır ancaq.
Min ildi açılmır eynimız nәdәn,
Daha bölünmәkdәn gәlmişik cana.
Tәrs kimi adın da bölünür,Vәtәn,
Bölünür Azәrә, bir dә Baycana.
Çoxu yelçәkәnә oxşadıb sәni,
Şimaldan Cәnuba çoxu taptadı.
Ayırıb Tәbrizi, bölüb Göycәni,
İndi dә Qarabağ haqq-hәsabdadır.
Başını aldadıb elin, obanın,
Qәdim kәdәrinә üz çәkirik biz.
Uzaq әsirlәrdәn hansı babanın
Qalan cәzasıdır, biz çәkirik, biz.
Bir günah işlәyib hәr gәlәn nadan,
El-oba boğulur içindә yasın.
Allah da boylanıb baxır ucadan,
Baxır, bağışlasın, bağışlamasın.
Amma bağışlamır suçu heç kimә,
Aradan nә qәdәr fasilә keçir.
Günah yuyulmursa yaşayır demә,
Yaşayıb nәsildәn nәsilә keçir.
Nә edәk, bir elin günahı varsa,
Ya bizi yox elә, ya bizә gün ver.
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mәn olum, mәnә ölüm ver.