“Nöqtəsinə, vergülünə toxunmadan” yaşanan ömrə…II HİSSƏ
Məmməd İsmayıl – bir vardı, bir yoxdu…
əvvəli bu linkdə:https://yenises.ru/n%c9%99qt%c9%99sin%c9%99-vergulun%c9%99-toxunmadan-yasanan-omr%c9%99/
YAZA BİLMİRƏM…
“Sən istəsən də pis yaza bilməzsən, qızım”- deyirdi hər yazdıqarımı oxuyandan sonra. O səsi hələ də qulağımdadır. Məni təqdir idi bu, Ona görə. Mənə görə isə boynuma yüklənmiş böyük məsuliyyətdi. “Bilirsən ki, kimsəni boğazdanyuxarı tərif edən deyiləm”-desə də, bəlkə haçansa, kimisə özü istəmədən tərifləmək məcburiyyətində qalmışdı. Və bu bəlkə onun ömrünün ilk istisnası ola bilərdi. Bir insan ömründən keçən istisnaların sayı nə qədərdi ki? Və insanlıq “qaydanı pozmur dediyimiz istisnaların” bizdən çaldıqları ilə sınanır. Onun müstəsna ömrünün bəzi istisnaları kimi… Ayrıcalıqdır, seçkinlikdir- istisna. Baxır hansı məqamda.
Sonralar demək olar ki, Moskvaya hər gəlişində görüşürdük. “Türkiyəyə yolun düşəndə bir Atanı da görməyə gəl”- demişdi bir dəfəsində. O görüşü heç unutmayacağam. Məni limanda qarşıladı, müqəddəs Çanaqqalanı gəzdirdi. Sonra elə mən yaşlarda Qəmzə adlı bir aspirant-müəllimə ilə tanış edib, məncə, yaxşı anlaşacaqsınız deyib onunla qalmağımı istədi. Bütün gecə Məmməd müəllimdən, Azərbaycan dili və ədəbiyyatından danışdıq Qəmzə xanımla. Səhərisi erkən gəldi. Məni dərs dediyi iki qrupun birləşdyi auditoriyaya apardı. Öyrənciləri arasında oturub dərsini dinləmək zövqünü yaşayacaqdım. Mövzuya başlayar-başlamaz -aranızda olan yeni qız- Qızımdır-dedi, Mənəvi Qızım. Və məni elə təqdim etdi ki… Sonra -“Bu dərsdə indi məni o, əvəz edəcək”-, deyib məni lövhəyə çağırdı. Tələbəmiydim, müəllimmiydim, anlatması zor. Mövzu da “İmadəddin Nəsimi”. Mən bu ikiləm arasına sığdım da, sıxışmışdım sadəcə.
-“Harasından istəsən başla, bilirəm ki, öhdəsindən gələcəksən”.
O an ürəyimin döyüntüsünü sanki bütün auditoriya eşidirmiş kimi həyəcanla dərsə başladım. Artıq mövzuya və öyrəncilərə ozümü o qədər qapdırmışdım ki, polemikaya, sorğu-suala keçmişdik…. Bir ara ürkək baxışlarla onun gözlərinə baxdım. Qıyılmış gülər gözlərindən cavabımı almışdım. Mənə bir ilki-hoca olmadan hoca-müəllim olmaq hissini bəxş etmiş, bu təcrübəni yaşatmışdı.
***
Yaşı- yaşadığı “gördüyünü gördü, dövranını sürdü” –deməyə tam uyğun gəlsə də, yenə tamamlanmadı. Sürdüyü dövranla sürükləndi başından bəri. “Mən dünyaya ata, ana borcuyam”-deyə gələnin borcu bitdi və getdi…
Bütün bu yaşananlar keçəndən, yaşayanlar köçəndən sonra “sanki dünəndi” – deyirik hər ötən zamanın ardından. Oysa, bir nəfəslik yoldur ömür! Olumla ölüm arasındakı zaman bir güman, bir amandan keçəndi. Yenə bir gümanla amanı zamandan istəmək sadəlövhlük olsa da, möhlət umuruq ömrün hasilinə çatanda. Möhnətlə, töhmətlə minnət yüklədiyimiz zamansa möhlətini çoxdan doldurub.
Nazim Hikmət avtobioqrafiyasını əks etdirən şeirini nöqtəsiz yazıb. Nədən qaynaqlandığını ədəbiyyat tənqidçilər və təqlidçiləri öz düşüncələrinə görə şərh edirlər. Özünun “nöqtələmədiyi” avtobioqrafiyası yaşanmışlıqların yarımçıqlığına işarəydi bəlkə. Ya da bu zaman aralığında hər şeyin bir göz qırpımında fasiləsiz keçməsinə, hələ bitməməsinə. Qürbət ömrü kəsik olduğundan nöqtəsi olmaz, bitsə belə…
(davamı var)
bu linkdə:https://yenises.ru/noqt%c9%99sin%c9%99-vergulun%c9%99-toxunmadan-yasanan-omr%c9%99-2/
Tünzalə Vəliqızı, Moskva
20.10.2025-ci il
