Qaç, qovalayan gəlir!
QARABAĞ, səndən çox yazdım. Niyə Sənə gələ bilmirik deyə Özümüzə çox yükləndim. O yurdlar üçün yandıqca, qovrulduqca, bir də hər ağacında, daşında, yamacında, düzündə gözünün yeri, xatirələrinin izi qalanların yerinə qoydum özümü.
“Necə olur yurd itirmək?””-sualının lal sükutlu cavabı göynətdi köksümü. Bu səssizliyin səsindəki nalə qarsdı üzümü.
İlahi, bu Sevdanın ömrünə yazılan ayrılıq nə uzun çəkdi? Bu həsrət illərlə ürəklərdə dərd cücərdib, qəm əkdi?!
Neçələrimiz gözü orda, özü yarı yolda ağladı. Sənə qanıyla canıyla yol olan yollara boylanan aynalar tor bağladı.
Neçə illərdir ağladı, yoxuşlar, enişlər… Ağladı ağlamaz dediyimiz kişilər.
Mübtədası xəbərsiz qaldı bütün cümlələrin. Adlıq cümləyə ad olanım- Qarabağ. Xəbərinin ünvanı yağı-yad olanım- Qarabağ!-fəryadıyla telefonun zəngində Bayatı-Şiraz dil açdı.
O səs-səksəkəylə gecələr yastığa baş qoydu keçənlərin, köçənlərin…
“Kişilər ağlamaz” məzəmmətində qovrulub gözünün yaşını köynəyinin qoluna silib belə gizlətdi göynəyini Şuşalı, Laçınlı, Kəlbəcərli, Agdamlı, Zəngilanlı, Agdərəli, Cəbrayıllı, Qudadlılı, Füzulili, Xocalılı, Xankədlili…
O yerlilər, o yerlərsiz qalanlar. Bir-birinə, Yerlim, – deyəndə səsləri titrədi. Yer tapa bilmirəm özümə, yerli…
Özünün yerində özgələrin yer eləməsi yaman yer edir adama.
Bunun da cavabının veriləcək zamanı və yeri gələcək-dedilər. Köhnə şəkilləri qarışdırıb, peykdən görüntülənə bilən yerlərini, küçələrini, evlərini axtardılar. Görəsən dururmu? Görəsən kim yaşayır evimdə, kim gəzir həyət yerimdə…
Bitsin, bitməli…
Atıq o yerlərin sahibi ayaqlanıb, ayaqdadır! İndi yeri gəlmişkən, Yerli gəlmişkən, Yersiz, qaç, məncə. Qovalayan, qovan gəlir!
Tünzalə Vəliqızı,
Yenises.ru
29.09.2020
“