Qarabağ niyə mənimdir, bilirsənmi?
Mən oradan çıxanda təkcə ayaqqabımı deyil, ayağımın altının bir neçə qat dərisini torpaqda buraxıb gəldim.
Mən oradan çıxanda toyuğun-cücənin qabağına dən, inəyin- qoyunun qabağına yem, itin qabına yal töküb gəldim.
Mən ordan çıxanda qapını bağlayb açarlarımı qapı həcəməsinin başına, ya da astanadakı ayaqaltının altına qoyub gəldim.
Mən oradan çıxanda….
Mən oradan çıxmadım ki. Zorla sürgün edilən mənə nə zaman, nə aman verildi.
Mən oradan çıxanda ruhumu orada buraxıb özümlə cismimi götürüb gəlmişdim.
Qarlı aşırımlar, keçilməz yarğanlar, dərələr, düzlərdə iz sala-sala, saçlarımı yola-yola yola düzəlmişdim.
Mən oradan öz xoşuma çıxmamışdım ki…
Mən oradan çıxsam da ora məndən çıxmadı. 30 il Sizin qondarma taxtınıza məkan edib şahlığınızı elan etdiyiniz yerə mat-mat baxmaq zorunda qaldığım ora məndəydi.
Sən ordan avtafa-ləyənini götürüb çıxanda, yaylığımın arasına bir ovuc torpaq töküb çıxdığım ora mənimləydi.
Qarabağ niyə mənimdir, bilirsənmi?
Mən o bir ovuc torpağı oraların qoxusunu unutmamaq, bir az da olsa ovunmaq, həsrətdən gözləri yumulmayan həsrətlilərin gözlərinə tökmək üçün götürəndə, məzar daşlarına baxıb köks ötürəndə, sən məzarları “silib -süpürürdün”.
Mən daşına qıymadığımın sən daşını daş üstə qoymadın.
Qarabağ niyə mənimdir, bilirsənmi?
Sən sərvət dərdindəydin, mən torpaq!
Sən havadarların hesabına kiçik qələbələrin üçün badə toqquşdurub bizim Düzümüzdə araq vuranda biz atəşkəslə durdurulmuş, dondurulmuşduq. Yaşadığımız ölkələrdə kafe-restoranlara girəndə başımızı əyməsək də, içimizdə əyilməyə, qırılmağa məhkum edilmişdik.
Qəzəbimiz də, hirsimiz də özümüzəydi.!
Sən mənim elimə “Qarabağ Ermənistandır ”-deyib qurduğun cümlənin nöqtəsini belə səsli bağırmışdın. Durğu işarəsinin yerini bəlkə də düz qoymuşdun, amma durduğun yerin işarəsi düz deyildi.
O işarəni nə əvəz edəcəkdi, bir təxmininiz varmıydı? Siz axı təxminlərdə də ustasınız.
Mən deyim qoy. Biz cümlə quranda nöqtə demərik, nöqtə qoyarıq.
Və bəlkə “Azərbaycan əsgərləri nöqtə atışi ilə düşməni susdurdu” cümləsini bir az gec qurduq. Amma qurmaqla qalmadıq, vurduq.
İndi bütün dünya millətlərinin tribunasından göz yaşı axıdaraq “haqq” istədiyniz yerdə anasının köksünün altında didərgin, köçkün düşən o uşağın səsi olsam deyərdim:
Mən 30 il əvvəl bir evli kimi yaşadığımız Əhməd dayını, Həcər xalanı, onun mənlə yaşıd qızı Leylanı istəyirəm. Yalın ayaq gəzdiyim çölləri, düzləri, dizimin izi qalan qayaları, daşları, yaşayacağım itirilmiş uşaqlığımı geri istəyirəm!
Və bir də taleyimin qədərini zorla dəyişdirənlərdən, ömrümün 30 ilini oğurlayanlardan bunun təzminatını ödəyəcək haqqın ölçüsü nədir, deyə sorardım?
İndi bildinizmi, Qarabağ niyə Mənimdir?!
Tünzalə Vəliqızı,
Moskva
22.09.2023