QARAÇÖP MAHALINDAN QARABAĞA…. SİZƏ QURBAN!!!- -VİDEO – Eksklüziv
Əsgərlərimizə qoç-qoyunlar qurbanı…. 600 başdan ibarət sürü orduda savaşan Azərbaycan əsgərinə qurban olaraq göndərildi. Bu aksiyaya imza atan qaraçöplülər isə, buna yardım deməyin deyir. Bu əsgərlərimizə sovqatimiz, hədiyyəmizdir! Canını ortaya qoyana hər şey Qurban!
Və bu nə ilk, nə son yardımdır.
Aldığımız məlumata görə bu gün Gürcüstanın azərbaycanlılar yaşayan Qaraçöp mahalından Ordumuza yardım məqsədiylə toplanmış 600 baş xirdabuynuzlu heyvan Azərbaycana yola salınıb. Hər zaman yardımsevərliyi və milli təəssübkeşliyi ilə seçilən Qaraçöp camaatı Qarabağda zəfər savaşı aparan əsgərlərimizə qoyunları Qurban ərməğanı kimi göndəriblər.
Artıq yardım maşınları karvanı Gürcüstan sərhəddini keçib.
Xəbəri Gürcüstanın Qaraçöp mahalında yaşayan həmkarım və bilavasitə bu kampaniyanın təşkilatçısı İsmixan Məmmədov təsdiqlədi.
O, – “Bir ölkədən başqa bir ölkəyə belə bir yükün keçirilməsi üçün bir çox prosedur qaydalarına uyğun sənədlər hazırlanması bir az zaman aldı. Və nəhayət başardıq. Bəli, artıq maşın karvanımızı yola saldıq”-dedi.
İsmixan Məmmədov yardımsevərlik, xalqının yanında durmaq bizə babalardan qalmadır-deyə bunları əlavə etdi. “Qaraçöplülər bu ənənəyə hər zaman sadiq olublar. 1918-ci ildə Bakının işğaldan azad olunması zamanı da qızıl, geyim, silah-sursat və canlı qüvvə olaraq o taya-Azərbaycanımıza dəstək veriblər”.
Qaraçöp camaatı adından danışan və bunun xüsusilə vurğulanmasını istəyən İsmixan Məmmədov yardımı əslində Azərbaycan torpaqlarını canı bahasına qoruyanlar, onun uğrunda savaşanlar qarşısında borc kimi dəyərləndirdi. “Bu, bizdən onlara sadəcə kiçik bir ərməğan və xidmətləri qarşısında təşəkkür borcumuz olsun!”
Onu da qeyd edək ki, qaraçöplülər də olmaqla Gürcüstanda yaşayan azərbaycanlılar təkcə maddi yardımla kifayətlənmirlər. Onlar siyasi arenalarda da Azərbaycanın haqq səsi olurlar. Dəfələrlə Gürcüstanda mitinqlər, etiraz aksiyaları keçirməklə bu birlikdəliyi nümayiş etdiriblər.
Qaraçöplülər Qarabağ torpaqları tam azadlığına qovuşana kimi təkcə maddi və mənəvi dəstəklə deyil, canlarıyla da Azərbaycanın yanındadırlar- ismarıcını da çatdırırlar. Biz birlikdə güclüyük!
Tünzalə
Yenises.ru
30.10.2020