Uzun sözün qısası… Olmur!


(Çap olunmamışlar silsiləsindən II yazı-düşüncə)

Anırıq,  anacağıq. Gündəm  səngiyəcək, ləngiyəcək, arada tələsəcək. Yenə qaçan qaçacaq, yenə qovan qovacaq. Tatami üstündə həyatla əlbəyaxa olub savaşan gah üstə çıxacaq, gah altda qalacaq. Qəriblər qəribsəyəcək. Kimi də hərf səhvi tapıb birini hərifləyib özünü “tərifləyəcək”. Buna görə təltif  də istəyəcək. Nə edəsən? Həyatın quruluşu belədir.

Yenə evlər dördbucaqlı, yenə qapılı, pəncərəlidir. İşıq düşmək üçün açılan  pəncərələrin, girmək üçün keçilən qapıların funkusayaları da məntiqlə dəyişməzdir. Amma məntiq də əntiqə (antika) dönüb. İşıq yolu da, giriş yolu da qapı və pəncərələrdən keçmir. Qapıdan girib pəncərədən çıxan da var, pəncərədən girib qapıdan çıxan da.

Cırtdanlardan “işıqgələn” və ya  “ithürən”ə  getmək soruşulan nağıllar ağıllarda suala dönüb. “Yağ yaxmasının” cırtdanı məsləhətçiyə döndərməsindəki “hikmət” də  bir başqadır və  deyirsən bu elə o zamanlardan qalıb. Nə isə…

Bir yarımçıq “mollanın” bir yas məclisində  “Yelizaveta öləndən sonra dünya qiyamətə çatdı” proqnozunu dinləyəndə  qiyamətdə olduğunu  dərk edirsən…İlahi, nə günə qaldıq demək  keçir içindən. Susursan. Çünki hamı diqqətlə dinləyir və təsdiqləyir. Yetər ki, bitirsin cümləsini və çay, yemək… gəlsin!

Uzun sözün qısası… olmur. Qisa tumanı çəkib uzatmaq olmadığı kimi bəzi şeylər çox uzadılıb, bəziləri isə qısaldılıb. Dilimiz də. Həriflə Hərfin fərqi üstündə baş yorub ”dahi” olmağa çabalasan nə dəyişəcək ki?! Hərif düşüb, hərf düşüb… Onsuzda düşdüyümüz yerdən qaldırıb məqamına, məramına görə yerinə qoyan olmayacaq. Çünki hər iki cümlənin təyinatını təyin edənlər başqadır, başdadır. Sən ayaqda otur!

Dilimizin uzun, dilimizin qısa olduğu yerlərin fərqinə varmaq, onu sorğulamaq lazımdır əvvəl. Nə isə…

 “Yalquzaq “ olmaq da var qismətdə. Tək qalan Aslana yazığım gəlmir. Ətrafında aslan qalmayıbsa təklik fərqlilik, fərdilikdir. Özünü bilənə şərəfdir!

Uzun sözün qısası…olmur. I-nın başına papaq qoysan i olar. Sonra… Əvvəli də sonrası da birdir. Daha “Bizim vaxtımız”la “Sizin vaxtınız” arasındakı müqayisələr, mübahisələr bitib. Sıfırlanıb zaman.

Bir tatamı var,  bir döyüşçü- ətraf tamaşaçıdır. Dünya fırlandıqca gah üstə çıxacaq, gah altda qalacaqsan. Olan kim bilir kimə olacaq.

Həyatın “şparqalkası” əldən ələ gəzir, köçürülür ötürülür. İlk yazan unudulub. Müəllif susur.

Uzun sözün qısası …Olmur, vallah olmur. Günün sonunda yenə qaldığın yerə dönürsən. Və baxırsan ki, yüz addım getsən də bir addım qət etməyibsən. Günə də yazıq, gündəmə də…(((

Uzun sözün qısası… olmur!

Tünzalə Vəliqızı, Moskva

(davamı var)