XORUZ İLİ


Üçüncü hissə

Leyla xanımın vəziyyəti oğlundan sonra tam düzəlmədi. Saşadan sonra dörd
il yaşasa da o illərin çox hissəsi xəstəliklə keçdi. Saşa ilə Tanyanı o təkbaşına
böyütmüşdü. Keçən əsrin əllinci illərində SSRİ çempionu olan məşhur idmançı ilə
ailə qurur.


Bu evliliyə qədər keçdiyi həyat yolu ayrıca əsər mövzusudur. Çox kiçik
yaşlarında atasını itirən Leyla və bacısı tutun fabrikində işləyərək cüzi maaş alan
anasının himayəsində qalır. Müharibə dövrünün məşəqqətlərindən, necə aclıq
çəkdiyindən danışanda gözləri yaşarırdı. Xatirələrindən iki qısa epizodu danışım.
“Bakıda “beşmərtəbə”nin arxa tərəfindəki köhnə evlərdə yaşayırdıq. Mən
məktəbdə yaxşı oxuyur, dərslərimi tez hazırlayıb bütün günü uşaqlarla həyətdə
oynayırdım. Qonşuluqda Rəhimə xala evdə çörək bişirib satırdı. Bir gün məni
çağırdı. –A bala, səhərdən axşama keçi kimi burdan ora, ordan bura səkirsən. Gəl
bu çörəklərdən götür sat, bir işin qulpundan tut. On çörək satsan biri sənindir.”
Razılaşdım. Çörəklər fətirdən bir az qalın idi, o qədər böyük deyildi. Bir balaca
xurcuna doldurub asdı çiynimdən. Küçə boyu gedib o çörəkləri satmalı idim.
Yoxuş küçəni qalxdıqca təzə çörəyin ətri məni bihuş edirdi. Düşündüm ki, onsuz
da bunun biri mənimdir. Xurcunda on çörək vardı. Əlimi uzadıb çörəyin birini
götürməyimlə yeyib bitirməyim bir oldu. İkinci çörəyi “sabah satanda çörək
almaram” deyib yedim. Sonra nə bəhanələr tapdığım yadımda deyil, küçənin
başına çatanda xurcunda çörək qalmamışdı. Rəhimə xalanın məni necə
cəzalandıracağı barədə heç düşünmək istəmirdim. Uzun zamandan bəri ilk dəfə
döymuşdum”. Hər dəfə əhvalatın bu yerində doluxsunurdu. “Allahdan Rəhimə
xala məni cəzalandırmadı, həm də bu mənim ilk və son satıcılığım oldu.”
“On dörd yaşım yenicə tamam olmuşdu. Eşitdim ki, mənə elçi gələcək.
Kimsə məni sevdiyindən deyil, yazığı gəldiyindən, anamın yükünü azaltmaq üçün
məni oğluna, bəlkə də özünə almaq istəyirmiş. Qonşu arvad məni tənbehlədi ki,
ağıllı ol, gələnlərlə yaxşı rəftar elə”. Başımla razılıq verib elçilərin nə vaxt
gələcəyini öyrəndim. Bacımla bərabər bir vedrə çirkli su götürüb evin damına
çıxdıq. Başı çarşablı iki qadınla bir kişi həyətə girəndə suyu tökdüm başlarına.”
Bu çətinlikləri görmüş Leylanın evliliyinin on ili tamam olmamış yoldaşı
içkiyə qurşanır. Zorla qovuşduğu xoşbəxtliyi itirməmək üçün Leyla çox çalışır.
Sərxoş olanda vəhşiləşən həyat yoldaşından, fiziki cəhətdən güclü “cinayət
maşınından” övladlarını qurtarmaqdan ötrü əlindən gələni etsə də həyat günü-
gündən dözülməz olur. Nəhayət, ağır qərarı qəbul edir və boşanırlar. Onlar
ayrılanda Saşa ikinci sinifdə oxuyur, Tanya isə hələ məktəbə getmirdi. Uşaqlıqdan
özündən kiçik bacısına böyüklük edən Leyla indi də iki övladını tək böyütməli
olur. Dəmir iradəsi, elmə, maarifə sönməz həvəsi, özünə qarşı tələbkarlığı
sayəsində övladlarının Moskvanın ən nüfuzlu ali məktəblərini bitirmələrinə nail
olur. Saşanın şəkli yetmişinci illərin sonunda SSRİ-nin məşhur “Sovet İttifaqı”
jurnalının üzqabığını bəzəyir, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu
(MQİMO) bitirən Tatyana beş dil bilir. Onunla bağlı bir maraqlı əhvalatı Leyla
xanım tez-tez qürurla danışırdı, Xarici ölkələrlə ticari əməkdaşlıq edən şirkətlərin
birində iqtisadçı kimi çalışan Tatyana vaxtaşırı görüşlərdə tərcüməçi kimi çıxış
edir. Bir gün fransız şirkətini təmsil edən əslən afrikalı bir iş adamı sovet tərəfi ilə
danışıqlar aparır. Tərcüməci Tatyanadır. Az sonra adam fikrini ifadə etməkdə
çətinlik çəkir və özünü sındırmamaq üçün “mən əslində fransızca mükəmməl
bilmirəm, almanca, yaxud ingiliscə mənə daha rahatdır” deyir. Tanyanın əsas
ixtisas dili ingiliscə olsa da adama almanca “davam edin,–deyir, tərcümə edərəm”.
İş adamı təəccüblənsə də almanca davam edir. Az keçmir ki, eyni səhnə baş verir,
adamın çaşqınlığını hiss edən Tanya daha təmkinlə və sakit səslə ingiliscə “zəhmət
olmasa ingiliscə davam edək” deyəndə iş adamı tərcüməçinin onu ələ saldığını
güman edir. Tatyana heç nə olmamış kimi tərcüməni davam edir. Danışıqlar
bitdikdən bir saat sonra şirkətin təmsilçisi Tatyanaya ayda on min dollar maaş
verilən iş təklif edir. O vaxt belə təklifi qəbul etmək onsuz da mümkün deyildi,
Tatyana “mən burada işimdən də, maaşımdan da məmnunam” deyərək təklifdən
nəzakətlə imtina edir.


Öz haqqını hər zaman müdafiə edən, həm də ləyaqətini, ismətini qoruyan
qadın idi. Həyatındakı bir epizod da diqqətəlayiqdir. Qış günlərinin birində
Moskva ətrafında avtomobil qəzasına uğrayan, ciddi bədən xəsarəti alan Leyla
xanımı Moskva vilayət xəstəxanasında üçüncü mərtəbədə palataya yerləşdirirlər.
Bundan xəbər tutan SSRİ Ali Soveti Rəyasət Heyətinin Katibi Mixail Porfiryeviç
Georqadze göstəriş verir və Leyla xanımı kran vasitəsilə xəstəxananın üçüncü
mərtəbəsindən pəncərədən çıxararaq rəsmilərin müalicə olunduğu xəstəxanaya
gətirirlər. Bir-iki gün sonra Georqadzenin “elçisi” onun Leyla xanımı ziyarət etmək
istədiyini bildirir. Leyla xanım “elçiyə” qətiyyətlə cavab verir: Mən bu qədər
alicənab hərəkətdən sonra Mixail Porfiryeviçi yataqda xəstə ikən qarşılamaram.
Ayağa qalxanda özüm xəbər edərəm. İndi sadəcə mənim minnətdarlığımı ona
yetirin.


Leyla xanımın çox zəngin kitabxanası vardı. Teatrı çox sevirdi. SSRİ Ali
Soveti Rəyasət Heyətində çalışdığı otuz ildən çox müddət ərzində aparatın bütün
bayram, yubiley tədbirlərinin, konsertlərin proqramları onun iştirakı olmadan
hazırlanmırdı. 70-80-ci illərdə SSRİ-nin şərqşünas diplomatları arasında xüsusi
hörməti vardı. İnstitutda Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovla
eyni zamanda təhsil almışdı. Böyük Vətən müharibəsinin iştirakçısı, Rusiya
Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Qədriyyə-Ülkər Səlimova ilə rəfiqə
idilər. Hər birinin siyasi, elmi titullarını sadalamadan deyim ki, o dövrdə ölkənin
taleyində müəyyən rol oynamış Anatoli Lukyanov, Yevgeni Primakov, MQİMO-
nun professorları Vladimir Medovoy və Georgi Mirski kimi şəxsiyyətlərlə dostluq
münasibətləri vardı.


Oğlunun vəfatından dörd il sonra Leyla xanımın səhhəti ağırlaşdı. Hətta bir
dəfə qızı təlaşla mənə xəbər verdi ki, anam can üstədir. Moskva Dövlət
Universititinin professoru islamşünas alim Qasım Kərimovu götürüb evlərinə
gəldik. Qasım müəllim yarıhuşsuz Leyla xanımın baş tərəfində dayanıb Qurandan
ayələr oxudu, bir neçə dəqiqə sonra Leyla xanım özünə gəldi. Qasım müəllim
Tatyanaya və bizə təsəlli verdi ki, vəziyyət o qədər ağır deyil. Həqiqətən də Leyla
xanım bir-iki ay daha yaşadı. Lakin həmin il—2009-cu ildə ömrünün səksəninci
yaşında dünyasını dəyişdi.


Tatyana hazırda Bolqarıstanda yaşayır və tez-tez zəngləşirik.
Moskva,
23 yanvar 2024-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir