AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN İLK TƏDQİQATÇISI, ADSIZ QƏHRƏMAN MÖVSÜM ƏLİYEV


Rəsulzadə ayıdır, bugünkü tarixi də Mövsüm bəyin günü olaraq seçdim , hər il doğum günü kimi paylaşmaq adına. Doğum tarixini bilməsəm belə… Unutmamaq üçün tək əlimdən gələn sadəcə budur! Rəhmətlik rejissor Rövşən Almuradlı demişkən: “Qəhrəmanlar unudulanda ölürlər…”


Mövsüm Əliyev də elə Azərbaycan Cümhuriyyəti tari
xinin keşiyini çəkən böyük bir qəhrəman idi.

” Yaxşı insanın öldüyünə deyil, onu itirən cəmiyyəti
ağlayın.”

Əl-Fərabi (872-951)

1988-ci il milli azadlıq hərəkatı çox şeyləri dəyişdirdi. 70 illik Sovet quruluşunun yalnız ağlı-qaralı eynəyindən görünənlər suya düşdü. Bu quruluşa tam tərs gələn yeni bir dünyagörüş formalaşmağa başladı. Sövet quruluşunun bizə inandırıb yaşatmağa çalışdırdığı ağ səadət dolu günlərin pərdə arxasında qara əllərin, qırmızı qana boğdurduğu talelərin varlığından xəbərdar olmağa başladıq. Bu üzdən Sövet quruluşuna qarşı əhval -ruhiyyə 180 dərəcə dəyişdi, daha sərt, radikal mahiyyət kəsb etmyə başladı.


Həmin dönəmdə orta məktəblər, universitetlər fəallıq dərəcəsinə görə qaynayan bir qazan idi adətən. Sovet kommunist düşüncə tərziylə yeni milli patriotik-demokratik məfkurə savaşı təkcə meydanlarda deyil, universitet auditoriyalarında, dərslərdə müəllmlərlə tələbələr arasında da qızğın diskussiyalara yol açmışdı, özü də ən çılğın bir boyutlarıyla. Təzə-təzə Rəsulzadəylə, Azərbaycan Xalq Cümhuriyyətiylə tanış olurduq, mətbuatda bununla bağlı yazıları çox böyük acgözlüklə oxuyardıq. Cümhuriyyət və M.Ə.Rəsulzadə haqqında ilk yazılar çap etdirən rəhmətlik gözəl tarixçimiz Mövsüm Əliyev imzası yüz minlərlə oxucu tərəfindən ilk arananlardan idi.

Bu yazı tarixçi Mövsüm Əliyevin əziz ruhuna ithaf olunur. Çünki bu işıqlı alimin varlığından bu gün az bir qisimdən başqa, çoxlarının xəbəri belə olmadığına əminəm. Halbuki bizim gənclik illərimizdə- 1988-ci ildən başlayaraq dövri-mətbuatda Azərbaycan Cümhuriiyəti, Məhəmməd Əmin Rəsulzadə və digər qurucuları haqqında məhz Mövsüm Bəyin məqalələri sayəsində xəbər tutduq. Onun “Qobustan” jurnalında Üçrəngli Bayrağımızın rənglərinin mənalarını açıqlayan yazısı o qədər xoşuma gəlmişdi ki… Bu jurnal hələ də Culfadakı arxivimdə durur. Mövsüm Bəyin sonrakı taleyi nə yazıqlar olsun ki, heç də hamar olmayıb. Cümhuriyyət ruhu, Məhəmməd Əmin sevdalısı olmaq həmin illərdə eyni zamanda təhlükə, risk idi, hələ bu ruhu bir tarixçi alim daşıyırsa, əlbəttə aqibətinə də qatlanmaq zorunda qalacağını bilirdi. Dünən Mövsüm Bəyin haqqında bir statusda onun yaxın dostu olmuş, hal-hazırda Türkiyədə yazıb yaradan dəyərli jurnalist Mayis Əlizadəylə yazışmalı olduq. Mayis Bəyin məlumatları nə qədər ağrılı olsa da olduqca qiymətlidir .

Mayis Bəy yazırdı ki: “ Ona heç kim heç vaxt dəyər verməyib, qapalı adam idi. Yeganə məqsədi-Bakıda Rəsulzadəyə heykəl qoyulması olub. Bunun üçün hər həftə yanıma gəlirdi, mən də əlimdən gələn hər şeyi edirdim ki, məsələ həll edilsin. Çox şeyi buraya yazmağı sadəcə ayıb sayıram, çünki heç kim iddia edə bilməz ki, ümumi və ya şəxsi problemlərinin həllində ona kömək edib. Onu 1987-də tanıyanda “Odlar yurdu” qəzeti yazılarını çap etməyə başlamışdı. Sözünü əsirgəməyən, birbaşa adam olduğuna görə çox adam onu sevməzdi, lağa qoyanlar da az deyildi. 1979-da mən də Azneftdəki çayçıda olmuşam, Mövsümü orada heç vaxt görmədim. Onun haqqında yenə yazacam, iqtidarlar içində onunla maraqlanmış yeganə adam- Ayaz Mütəllibovun vaxtında Mərkəzi Komitənin katibi Fazil Muradəliyev olub. Rəhim Hüseynovun vaxtında nazirlər kabinetinin işlər müdiri olan Muradəliyev heykəl üçün Sibirdən mərmər daş gətirilməsinə kömək etmək istədi, işdən çıxardılar. Mövsüm barədə ikinci yazımda bir çox şeyi açıq yazaram. O, ixtisasca tarixçi yox, memar idi. Ziya Bünyadov qətlə yetiriləndən sonra Mövsüm demək olar ki, yaşamırmış…


Mövsüm kimi idealist adam görmədim. Haqlısınız, bu gün onun arxasından ağlamaqdansa, həqiqətləri olduğu kimi yazmaq lazımdır. Onun ideallarını anlayan olsaydı, 1992-də Sibirdən təcili mərmər gətirib Rəsulzadənin heykəli qoyulardı. Bir daha minnətdaram..


Mövsümün ən yaxın dostları mərhum Ziya Bünyadov, Hacı Hacıyev və mən idim. 1989-da Mirzə Bala Məmmədzadənin “Azərbaycan tarixində Türk Albaniya” əsərini mən çapa hazırlamış, Mövsüm ön söz, Əbülfəz Elçibəy son söz yazmışdı. Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini ilk dəfə mən çapa hazırlayıb ön söz yazmışdım, Mövsümün son sözüylə “Azərbaycan” jurnalının 1990-cı il aprel nömrəsində çap etdirmişdik. 1993-cü ilin martında Antalyada keçirilən Türk Qurultayının siyahısına adını ilk sırada mən daxil etmişdim. Daha sonra bir neçə dəfə Ankarada görüşdük. Azərbaycanda ondan təmiz adam görmədim, aclıqdan ölməsəydi də sistem Ziya Bünyadovdan sonra onu öldürəcəkdi. Bir dəfə yazmışdım, yenə yazacam. Əziz xatirəsi önündə baş əyirəm…”


Və dəyərli Mayis Bəyə yazmışdım ki: “Bu üzdən bütün xatirələrinizi yazın rəhmətlik Mösüm Bəylə bağlı. Gənclik illərimdə Mövsüm Bəyin yazıları sayəsində Cümhuriyyət tarixiylə tanış oldum, dövri-mətbuatda gedən yazılarını dörd gözlə gözləyər, böyük bir acgözlüklə oxuyardıq. Yazı tərzi, üslubu çox mükəmməl idi. Təəssüflər olsun ki, ona çəkdirilən, qatlanması zor olan əziyyətlərindən xəbərimiz olmayıb, gec xəbər tutmuşuq. Bizdə akademik sistem həmişə belədir, zatı, kökü bəlli olmayan qəzənfər musabəyovun nəvəsi rasim müsabəyovlar halla-hallayla ” Müsavat” partiyasına gətirilir, sonra cilddən -cildə düşür və bu normaldır. Amma Mövsüm Bəy kimilər təkliyə, tənhalığa tərk edilir. Bəlkə də Ziya Bünyadov öldürülməsəydi, Mövsüm Bəy də həyata tutunacaqdı. Amma “kaş ki”lərlə olmur tarix… Nəticədə Mövsüm Bəy də tariximizin Adsız qəhrəmanı kimi gün işığına həsrət qalır kəşf olunmamış gizli xəzinə kimi. Nə böyük paradoksdur ki, Cümhuriyyət tariximiz bir- iki vicdanlı alimi çıxmaq şərtiylə, dünən kommunist, bu gün Cümhuriyyətçi pərdəsinə bürünmüş “çopur cabbarlardan” ibarətdir. Odur ki, yazın bütün həqiqətləri, Mövsüm Bəyi tanıtmaq adına. Buna həmçinin Onun ruhu da şad olar. İşıqlar içində yatsın.”

KƏDƏRLİ BİR HAŞİYƏ. Tarixçi-alim Mövsüm Əliyev mənzilində tək-tənha dünyasını dəyişib. Nəşi ortalıqda qalıb. Adına mətbuat səhifələrindən məqalələrindən dolayı minlərlə insan rastlayıb oxusa da, nəşinə kimsə sahib çıxmayıb. Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilən Fətəli Xan Xoyskinin də nəşi ortada qalıbmış, yüz il öncəsində. İran konsulluğu buna biganə qalmamış və onu Tiflisdə müsəlman qəbirstanlığında dəfn etmişdilər. Mövsüm Əliyevə isə demək olar ki, sahib çıxan olmayıb. Maraqlıdır ki, Mövsüm Bəy mərhum akademik Ziya Bünyadovla birgə “ Fətəli Xan Xoyski” kitabını yazıblar. Məzarının harada oması barədə məlumat olmadığı deyilir. Kimdir müqəssir sualını versəm? Elə hamımız…


Mövsüm Əliyev haqqında internet və sosial şəbəkələrdə heç bir vikipedik məlumata rast gəlmədim. Halbuki bütün Akademiyanın alimləri onu tanıyıb, münasibətləri olub. Sağ olsun tarixçi-professor Nəsiman Yaqublunu . O, ” Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”nda Mövsüm Bəy haqqında məlumat yerləşdirib. Həmçinin Mayis Əlizadədən savayı, kimsə bu dəyərli şəxsiyyət haqqında mətbuatda nə bir söz yazıb, nə də xatirələrini paylaşmb. doğum günü tarixini bilirik, nə də dəqiq ölüm tarixini, nə də məzarının yerini.
Və belə olunca biganəlik hamımızın axırına çıxacaq, gec-tez…

Məhəmməd İsrafiloğlu, Almaniya
04.12.2024


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir