Acının təəssüratı


və ya Nə istəmədiyimi bilirəm…

Məni Azərbaycana son bir ay içərisində iki dəfə gətirən acı və ağır itki oldu. Bu haqda yazdım. Ölkəsindən kənarda yaşayıb tətil üçün gəlib-gedənlər xatirə-müşahidə içərikli qeydlərini – təəssüratlarını paylaşırlar. Mənim müşahidələrim də acımla bağlı acılıdır. Harasından başlasam, hansı dillə anlatsam deyə neçə gündür düşünürəm. İçimdəki yanğımı sizlərə yük etmədən həm də. Sadəcə gördüklərimin ağrısı insana dərdini unutdurur. Dərdin unudulanı dərd gətirən olmaya keşkə. Amma bizdə bir dərdi digər dərdlə müqayisə edib, “daha betərindən saxlasın”la qapadırlar. Daha betərinə gedən sabahları durdurmadan həm də…

Nə istədiyini bilirsənmi desən? Çoxu üçün asan olan bu sualın cavabı belə dəqiq deyil. Çünki insan oğlu nə istədiyini hələ tam dəqiqləşdirməyib. Bu sualdan keçirəm. Amma nə istədiyinə “son qərarım”-deyib cavab verən varsa, eşitmək maraqlı olar. Əsas soru -nə istəmədiyini bilmək.

Nə istəmədiyinizi bilirsinizmi?

Mən iki onillikdə şəxsimə qarşı haqsızılığından incidiyim, haqqın olan üçün savaşmaq gərəkirkən, (vaz keçmək məcburiyyət kimi qarşına qoyulursa və seçim qarşısında qalırsansa) küsdürüldüyüm yerə barmaqla sayacaq qədər gəlmişdim. Pasportumda da var. Son 15 ildə cəmi 4-5 dəfə. Onun da son iki dəfəsini Anamı dəfn etməyə gətirəndə gəlmişəm. Əvvəlki gəlişlərim də dəfn mərasimləri ilə bağlı olub. Nə idi canımdan çox sevdiyim, uzun illər pasportundan imtina etmədiyim ölkəmdən məni qaçırdan?

Baxın, nə istəmədiyim sualının cavabı bunda. Özüm üçün çox şey istəmirəm. Və istəklərimi qarşılayacaq bir işim vardı. Bəlkə adamım olmadığı üçün çox da yüksəkləri fəth edə bilməyəcəkdim. Amma aldığım ali təhsillərlə, ki bunu da elə böyük başarı saymıram- Harvard, Oksford bitirməmişəm sonunda- ucqar bir kənddə jurnalistlik, müəllimlik edib həyatımı keçirərdim. Şekspirin oğlunun Şekspir olmaq istəməsinə cavabını bilirsiniz  yəqin ki… Deməyim odur ki, xəyallarım təyyarə kəşf etmək olmasa da, onu sürmək -yəni göylər qədər ölçüsüz, məsafəsiz olsa da, əlimdəki qısıtlı imkanla razılaşıb yaşayardım….

Amma… Mən “qonşum ac, mən tox” prizmasından həyata baxa bilməyənlərdənəm. Mənim müşahidələrim məni bir daha inandırdı ki, doğmalar arasında yad, yabançılıq çəkərək yaşamaq işgəncədir. Fiziki işgəncədən daha ağır olanı-mənəvi işgəncə.

Mən yarım milyonluq Gəncədə bir-birini üzdən tanıyan insanlar arasında sosial uçurumun qəlblərdə açdığı şırımı gördüm. Mən hər dayanacağında bu torpaqları qorumaq üçün canından keçən şəhid şəkillərindən boylanan şəhərdəki nisgili iliyimə qədər hiss etdim.

Mən 44 günlük müharibənin 4-də 4-lük igidlərinin sözə, cümləyə sığmaz məşəqqətlərlərə acılara tab edərək, qəhrəmanlıqla, rəşadətlə, dəyanətlə qazandıqlarına bir güllə belə atmayıb “poliqon- oteldə” “çəkələklə” həm də marka olanıyla gəzənin sahib çıxdığını eşitdim. Ona şahidlik edənin dilindən dinlədim həm də.

Mən ASAN xidmətin el arasında adının ÇƏTİN xidmət olduğuna qulaq kəsildim.

İcra nümayəndəlikləri, digər aidiyyatı təşkilatlar qapısında haqqı olan arayışı almaq üçün ağa qapısında pay uman nökər kimi boynubükükləri seyr etdim. Haqqını bilənlə bir oktava yuxarından danışan, şantajçıya (o şantajçı ki, özünun də çirkabı boyunu aşıb, amma itirəcək stolu olmadığına görə manevr dairəsi genişdir) ikiqat əyilən “rəhbərləri” izlədim…

Mən xaricdə ali məktəbə qəbul olunub sənəd almaq üçün get-gələ salınan kasıb tələbənin, onun ailəsinin ümidsiz baxışları ilə toqquşdum.

Mən könüllü kimi cəbhəyə gedib, bir çox rayonlarımızın alınmasında şücaət göstərən çoban oğlunun iş üçün qapılardan geri qaytarıldığına deyil, ona qarşı olan laqeydlikdən  incidiyinə üzüldüm…

Mən varlı evi (ev demək kasıb komasını daha da miskinləşdirən villanın haqqını verməmək olar) yanında sakinləri kimi daha da kiçilən, əzilən daxmalara acıdım.

Nə istəmədiyim yetərincə aydındırmı?

Qanunu əldə şah tutub, şahlığını qanuniləşdirən məmurların yerlərdəki insanlara rəftarı, üzündəki rişxəndi görüb hansı əsrə düşdüyümü yanıldım.

Bu arada hər kəsin təəssüratı onun  maddi-mənəvi halı ilə tənzimlənir. Şansı yavər gedən, doğulanda həyatına 2:0 qalibiyyətlə başlayanları üçün  yaşamalı yerdir, Azərbaycan! İstisnalar üçün.

 Bu “istisna” dediyimə  qayıdacam. Sizi yormadan deyə bilməyəcəm bu dəfə. Oxuyun, yorulun, anlamağa  çalışın, dərk etməyə qeyrət göstərin ki, istisnada olanlara istismar olunmayasanız.

Ardı olacaq….

Tünzalə Vəliqızı,
Moskva-Gəncə-Moskva
16.10.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir