Azərbaycan saatında Şuşa vaxtiylə…


Ötən ilin bu gününün, bəlkə elə bu saatının ertəsinin ertələnməsini  istəyirdim. Mayın 8-nə keçən gecə Tanrının lənətinə tuş  gəlmişdik sanki. “Açılma, sabahım, açılma”-deyə  çox ahlar, amanlar etmişdik.  Zirvədəkinin zirvəsini tərk etmək bir yana, onun başında başqalarının  durması  yandırmışdı hamımızı. Şuşa zirvəydi, qalaydı, alınmazdı… Almışdılar,  çalmışdılar bizdən..

Şuşayla bərabər qürurumuz, mənliyimiz tapdanmışdı. Zaman-zaman dilə gətirsək -gətirməsək  də, bağışlamırdıq bu məğlubiyyətdən doğan  utancı, xəcaləti özümüzə…

1992-ci ildən bu yana ötən illərin bu gününün bu saatında zamanı durdurmaq, ertəsinin ertələnməsini arzulayırdıq. Arzuya bax. Başımızı mayın 8-nə keçən gecənin qoltuğuna soxub xəcalətdən sabaha baxmaq istəməmək arzsuna həm də. “Düşmənə belə arzulanmayan”  arzu ölçüsünü də  keçmişdi bu. Bundan betəri varmıydı,  Şuşa yoxduysa…?!

O günün ertəsindən sonra  biz ruhu əlindən alınmış xəyalətlərə dönüşdük, büzüşdük. İllərlə zamanın saatının kəfkirində  irəliyə sürüklənən tarixlə süründük. Bu hisslərin hirsindən doğan neçə sabahlara oyandıq. Əslində o gündən sonra heç yatmadıq… “Yuxusuz gecələrdə “aranı dağa daşıya bilmədik”. Çünki ən uca dağımızda bizə dağ çəkmişdilər. Hər kəsin qəlbinə Şuşa-şüşə saplanmışdı…

Arzuya bax dedim….Arzularda Şuşa vardı. İstəklərdə Şuşa vardı. “Gün o gün olsun ki” ilə başlayan cümləli istəklər  bir müddətdən sonra ikrah doğururdu. Çünki “gün o gün olmadığını”  illər qabağına qatıb govalayırdı.

İlk dəfə bu ilin bu gününün ertəsi arzulanandır. İlk dəfə “Gün o gün olsun ki” ilə başlayan cümlənin sonu var.

Şuşa  geri alındı.  Gerisinə döndük. Mayın 8-də qəfil qafil (düşmən) silahının saatın  kəfkirinə tuşlanmış gülləsi durdurduğu  zamanın  gerisinə.  Azərbaycan saatında  Şuşa vaxtıyla  saat…  Bu gündən səhərə açılan  Sabahın xeyir, Şuşam!!!

Tünzalə Vəliqızı, Moskva

Yenises.ru

7 may 2021-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir