Bilinən bilinməzlər


II Qarabağ müharibəsi bitdi, amma dalğası davam edir. Bilinəni bilinməyəninə qarışıb. Hələ azad olunan torpaqlarımıza  üçüncü ölkənin hərbçilərindən icazə alıb getməyimiz,  beş illik təəhhüdün müddətli müddətsizliyi,  bizim pasportumuzu daşıyacaq xankəndlilərin dövlət dilinin “rus dili” olması qərarını elə bu dil sahiblərinin qərarlaşdırması və s. qarmaqarışığında  bir də son günlərin gündəmi olan “Tərtər hadisələri” var…

Kimi faciə deyir, kimi satqınlıq. Baxış prizmasına görə dəyişir. Amma dəyişməyən bu hadisənin yaşanmasıdır. Haqlı-haqsız  mövzusu isə bütün “bilinən bilinməzlər” aqibətlidir.

Bir  halda ki, “bilinməyən doğrunun” əmsalı bildiyinin qədərinə və yalanın miqyasına görə  dəyişə.  Yəni nə qədərinin yalan olduğu nə qədərinin doğru olduğuna  bağlı ola. O zaman  bu tapmacadan sən deyil,  bəşər  belə  çaşar.

Çaşqınam, mövzunun “məhkəməsinin”  Qurban Məmmədov tərəfindən qurulmasına. Qurban Məmmədov o qədər bilmədiyi şeyləri də sifarişli mövzu edib, dozasını bilərəkdən bir neçə dəfə artırıb ki… İnanımmı, inanmayımmı arasında qalırsan.  Qurban Məmmədovu keçək. Çünki bəzilərinin bostanına atılan söz belə  təhlükəlidir, geri dönüb daş olar,  başını yarar.  

Müharibə vaxtı  cəbhədən məlumat veriləndə  mənbə kim və ya kimin sahibi olduğu sayt, bloq olmasına baxmayaraq,  sadəcə ölkə başçısının rəsmi xəbərini gözləyir, ona inanırdı hamı. Bəlkə o gündən qalma vərdişdir ki, əksəriyyət hətta dövlətin  olan kanalların rəsmi məlumatına inanmır. Çıxıb prezident desə onda inanaram deyə. İndi belə bir  informasiya atmosferində dünən qarşısnda bu gün yanında, və ya dünən yanında  bu gün qarşısında olan dördüncü hakimiyyət qurumllarına inamı, güvəni, etibarı siz düşünün.  (Ad çəkmək gərəkməz məncə. Ölkədə mətbuatın keçmiş ağasının  Əli Həsənovundan tutmuş , kimin hansı sahəni monopoliyada saxladığını hamı  bilir). Skeptik (şübhəli) ,  eklektik (reklam üsuli kimi istifadə) baxışdır- vardığın nöqtə…

Vara bilmədiyim dəhşətlər yaşayan  bizlərə özümüzün acımasız olmağımız, kimliyindən asılı olmayaraq  Azərbaycan kişisinin (satqınlığı ehtimal olan yerdə) inanılmaz şəkildə sındırılmasıdır. Cinayəti sübut olunmayana cani demirlər. Əməli təqsiq olunmayana da satqın…

Silsilə videolarla gündəmi zəbt edib qrupların əsas mövzusuna çevrilən, Tərtərin  tərtəmizinə ləkə olan satqınlıqla bir arada tutulan və bu gün ona cavab istənilən hadisəsinə çəpəki baxıb yan keçə bilmirsən. Laqeydlikdən saymaq bir yana, ehtiyatlı davranıb hamının cəsarətli olduğu yerdə səs çıxartsan (ki bu da “palaza bürün, elnən sürün”dür) “fürsətçi”  damğasıyla damğalanmaq da bu prosesdən doğandır. Bu durumda  məchulların yanında və ya qarşısında olmaq da anlamsız gəlmirmi sizə?  Yoxsa koronavirusdan sonrakı fəsadlardır ki, doğru bildiyinə belə, bir əcəba deyirsən.

Əslində bizim toplumda bilmədiyi yerdən verilən sualın cavabını “hamı bilir” kimi bir məziyyət də var. Hətta “mən çoxdan bilirdim” iddiasının da patentinə sahibdirlər.  Amma baxsan, sahib  çıxa bilmədiyimiz o qədər bilinənlər var ki…

Cəmiyyətin bütün sahələrində korrupsiya olduğunu bilməyən varmı?

Çox şeyin qohumluq, dostluq bağlılığı ilə həll olunduğunu kim bilmir ki?

“Toxunulmazlığı olan” (bunu bəlirləyən də özləridir) adam və mövzulara toxunmaq deyil,  bir az yanaşsan  sülalənin təhdid altında olacağını bilmirikmi?

Bilmirsinizsə, doğrusunu yazsan, desən “persona non qrata” edib qara siyahıya salınanacağından  da  deyim o zaman?

Müqəddəs mətləbləri murdarlayan (din başçısının universitet rektoru ilə   şərab biznesi qalmaqalı), təlimi tərbiyəsini kök altına qoyan ocaqları sadalayımmı?

 Bilib- bilməməyin fərqi varmı?  

Nəticəsi dəyişməyən məchulun hansı tərəfində olmağın fərqi var. Çünki  bölən çoxaldıqca  qismət azalır…

Tünzalə Vəliqızı, Moskva

18.04.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir