“Hələ gördüklərimin beşdə birin yazmayıram…”


Bu yazıya belə başlıq verməyimin səbəbi elə sətirlərdən anlaşıldığına əminəm. Əslində sadəcə bir sətirindən, bir misrandan tanınırsansa, yaddaşlarda yumorun, həcvin, sarkazmın, onunla paralel tragikomedi düşüncələrin daşlaşıbsa… Bu cümlənin ardını bitirməyə dəyərmi?!

Dəyər olan dövrünün aynasında zəmanənı nə bir artıq, nə bir əskik əks etdirmə qabiliyyətinin olmasıdır. Fitri istedaddır- şairlik. Amma bir də vicdanı şəffaflıqdır, sarsılmaz iradəlilikdir, cəsarətdir, məğrurluqdur, əyilməzlikdir!

Şahlara, saraylara baş əyməyən, qələmiylə gələcəyə çığır qazıyan dahi deyilən, dahi olan, bu sözün haqqını verən klassiklərimiz çoxdur. Sabir ONlardan biridir. O Onların hər biri BİRdir, YEKdir!

Dəyərli Məhəmməd İsrafiloğlu hər zaman yazır, xatırladır, sitat gətirir. Onun təbirinə qatılıram. Əgər dünənin əskiklikləri bu gün aktualdırsa, bu artı deyil. Dünəndə qalmaqdır. Əskiklərlə dünəndə qalmaq, dünəndə xatırlanmaq… Acınacaqlı olan da yenə Sabirin müasiri olmaqdırmı, ya da müasirin Sabiri olaraq yerində saymaqmı?!

Güllü-gülüstan dediyimiz durumumuzda nə dəyişib ki? Dəyişkənlik müqayisələrdə üzə çıxır. Bəli, müqayisələrdə. Mübahisəsi sonraya qalsın. Çünki, necə olsa mübahisə etməyə yönəlik huyumuz var. Və bu mübahisələrin “qalibi” olmağa da.

“Daş qəlbli insanları neylərdin, İlahi”- fəryadı qulaqları dəlib keçməyib hələ. 159 il əvvəl dünyaya gələn şairim,  o zamandan bu günə “qəlbi daşlara” xitabən üsyanın sadəcə qəliblərini daşlaşdırdı. Onlar yenə sıravinin sırasından olmayan, el malını mənimsəyən, tayfabazlıq, qohumbazlıqdan əl çəkməyənlərin varisləridir. Nəsildən nəslə davam edir bu marafon. Onu dəyişmək istəyənsə-təmizləmək, yumaq, arındırmaq, durulamaq üçün- sabun belə bişirə bilmir. Çünki sabunu da  monopolyadadır. Sizin yazdıqlarınızı bizə çatdıran mətbuat haqqında isə susuram. Əslində bu gün mətbuatın yerini sıxışdırmaqla əsl istedadları altda qoyub üstə çıxan diletantların dövran sürür orada.

Səndən sonrakılar Vidadilər, Vagiflər də şikayət etdi və getdi… “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!”-deyə-deyə.

Bir gün biz də gedəcəyik. Sadəcə bir şeyi anlatdı tarix bizə. 159 il hələ bizdən uzaqda deyil. Hələ vicdanını ayna edib oradan baxanlar səni müasiri kimi görür orada.

Əsrin 21-i, ilin 21-i və keçmişin acı kölgəsində günümüzü qürbətlrdə gün etməkdəyik. Nə deyim, Ustad!

“Hələ gördüklərimin beşdə birin” yazmamışam…

Tünzalə Vəliqızı,

Moskva

30.05.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir