Klara Setkindən –Qadın Seçkinə- 8 MART


Əslində həzin sətirlərlə, “qadın qulağından sevir” inancına uyaraq haqqında bəlağətli, gözəl sözlərlə bu günü təsvir və qadını tərənnüm etməklə başlamaq gərəkir. Günün diktəsi budur! Amma…

Başlanğıcını hardan alıb bu günə gəlinən bayramın illər ərzində anlamı dəyişdi. Üstünə gələni və üstündən çıxanı  ilə.

Klara Setkinin seçilməli, kölgədən, köləlikdən çıxmalı deyə qadınların əslində bu ayrımçılıqdan uzaq bütün olub birləşməsini istədiyi günün özülündə dayanan bu təlqin idi.

Mistikaya son zamanlar inancımız da pik həddindədir. Klara Setkinin 1857-ci ildə doğulmasını da nədənsə  mistikaya bağladım. 1857-ci ilin 8 Mart günü Nyu-Yorkda tikiş farbiki qadınlarının əməklərinin istismarına  qarşı etiraz aksiyası  keçirilmişdi. Onun ardınca ertəsi günü – 9 martda  İngiltərədə  15 min etirazçı qadın küçəyə çıxdı… Və beləcə qadınlar qaranlıqdan aydınlığa bir yola baş qoydular. Tarixə dönən o günlərdə çadradan çıxmaq da var, çadraya bürünmək də. Yəni zamanın diktəsi, siyasətin axarı şəkilləndirir bəzi şeyləri. Dəyişdirir və yenidən bərpa edir. Ya da…

Bu gündən baxanda fərqli qavranıla və anlaşıla bilər. Seçdiyin rakurs faktoru da var. Hətta bərabərhüquqlu deyib cins ayrımı etməsək də, gerçəklikdə bunun da təsiri qaçılmazdır. Hər kəs öz yönündən baxır dediyimiz də budur.

Günümüzə dönək: Bəzi ehtimallara görə 8 Martın qadınlar bayramı elan edilməsi mənşəyini buradan götürür. Klara Setkinin doğum tarixi ilə eyniləşdirildiyi günə təsadüf edildiyinə çox rast gəldik. Amma o, martda deyil, iyul ayının 5-də doğulub. Bu günün yaranması ilə adı bağlanan digər isim isə Roza Lüksemburdur. O da 1871-ci il, martın 5-də dünyaya gəlib. Yəni məhz mart ayının 8-nin  Qadınlar günü  elan edilməsi onlardan hansısa birinin  doğum tarixi ilə əlaqədar olmadığı kəskindir.

  • Lakin Klara Setkin qadın hüquqlarının müdafiəsi savaşına  qalxıb  1910-cü ildə Kopenhagendə keçirilən II Beynəlxalq  qadınlar konfransında 8 Martın  bütün dünya qadınlarının günü elan edilməsi təklifini irəli sürdü.
  • Fikir verirsinizsə bayramı deyil, günü olaraq bunu dilə gətirdim. Bəli,  çünki gün əslində qadınların hüquqları üğründa  mübarizədə birləşib həmrəy olmağa çağırış günü idi.
  • Sonralar məcarsı dəyişdi. Bir çox ölkələrdə hətta fərqli anılır.

“Klara Setkin və Roza Lüksemburqun timsalında” demək  bu günlə səsləşsə də, o günün bu gün olması üçün nə qədər isimsiz qəhrəmanlar meydana atıldı. Nə qədər qadın əməynin istismar olunmasını aşandan sonra digər istismarlara məruz qaldı? Neçələri hələ də haralardasa istismar və təcavüz olunmağa  davam edir. Bu sətirləri yazarkən hardasa bir qadın güllə qarşısında  titim-titim titrəyir və ya biri bir evdə döyülür, söyülür, küçəyə atılır, satılır….

“Cənnətin ayağı altında bərqərar olduğunu” deydiyimiz qadının təpiklənməkdən çəpiklənməyə (alqışlanmaq anlamında) keçdiyi bu yolun döşəyiciləri yenə qadınlardır. Öz haqqına sahib çıxan, bunu birlikdə bacaracağına inanan qadınlar!

Bəşəriyyəti məhvdən qurtaracaq bir qadın iffəti. Günümüzdə onları iffətsizliyindən dolayı suçlayan, əxlaqına görə günhalandıran, yanlışına görə ölümə məhkum edən baxışlar  varkən, o hər zaman qorunmağa möhtacdır. Sadaladıqlarım heç də etdikəri (etdiklərimiz) üçün bəraət anlamına gəlməsin. Sadəcə əlini öpüb başımız üstünə qoyduğumuz ANA olacaqlara həssas davranmaq düşüncəsidir.

Bu günün Seçkinləri olan qadınlara hər anlamda özəl və gözəl olduğunu hiss etdirən tarixdən istəyi budur-Qadınların!

Qadın olan yerdə şəfqət var, məhəbbət var. Onlara sarılın ki, dünya şəfqət və məhəbbət saçsın. Onun işığında dünya qaranlıq yer olmaqdan çıxıb işıqlansın, nurlansın!

 Qadının cənnət olması üçün onun dünyasını cənnətə çevirmək Sİzin əlimizdədir. Cinsiyyətindən asılı olmayaraq  əl öpəni də,  əl öpdürəni də döğuran Qadındır!

Ona şe’r, hekayə həsr etməkdən ziyadə, ömrünüzü həsr edin! Çünki evdə, çöldə, aclıqda, yoxluqda- hər şərtlərdə qeyri-şərtsiz səninlə qoşa addımlayan, heç əlini buraxmayan Odur! Zərifliyi, zəifliyi DƏYƏR, ÖLÇÜ, MEYAR olan QADIN!

Tünzalə Vəliqızı
Moskva, 8 mart 2023-cü il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir