Mətbuatın çatışmayan “hərf”ləri


      

 147 il əvvəl və neçə belə yüzilliklər sonra dəyişən saylar olsa da “Əkinçi”nin əvvəlinə qoyulan İLK  sözü dəyişməyəcək. Azərbaycan mətbuat tarlasının İLK Əkinçi-ləri  dəyişməz olaraq qalacaqlar.

Milli mətbuatın təməlini qoyan, ilk toxumunu səpənlər  haqqında düşündüyümdə içimdən bu kəlmələr keçdi.

“Oğlum, bu gün o çiynində  basdırmağa apardığın  keçmişindir. Dəfn etdiyin o  keçmişin ki, onsuz gələcəyin yetim olacaqdı”.

Kəlam olacaq söz çoxdan yazıldı. Və söz çoxaldıqca kəlam sadəcə kəlməyə dönüşüb ortalıqda lüt-üryan oynayan rəqqasənın  paltarlı yerinə soxuşdurulan  pul kimi  əzildi. Günün sonunda  məbləğ olaraq artdı bəlkə də, amma dəyər olaraq utandı.

Yeri gəlmişkən, məbləğə dəyər deməyin. Çünki məğləb nominal, dəyər isə ölçüsüzdür. Ona görə “dəyər-dəyməzlə” ölçülür  onun azlığı, çoxluğu.

Əlqərəz. Qərəzsizlik qəzetçilyin,  mətbuatın qızıl qaydasıdır dedilər. İnandıq.  

Sözü tirajlayıb bizə çatdırmaq istəyən- Qəzet çıxardanların məqsədi  cəhalət  bataqlığında boğulanları qəflətdən oyatmaq,  “axurlarda gizlənməmək” , “poçt qutusunun” yanında keşik çəkməmək üçündü. 

Bu günün mətbuatı nəyə xidmət edir?  Sualı  belə qoymaq daha doğru olar. Kimə xidmət edir?

Rüşvətlə mətbuat qurumlarına üzvlük vəsiqəsi verməyəmi? Yoxsa qələmi bir yana ağzı söz tutmayanı, kardan cigiltiliyə keçidini anlamadığı sözün yazılışı ilə deyilişi arasında hələ də çaşıb qalanların gündəm müəyyənləşdirməsinəmi? 

Mətbuat bağını salan “Əkinçi”ləri  bəzən qıtlıq da çəkdilər  hər anlamda. Bircə sözdən başqa. Deyiləcək, yazılacaq söz çoxdu, amma  hərf  çatmırdı.  Bəli, elə bu cümlənin hərfi mənasında.

Mətləb buradan başlayır.  Dünəninlə bu günün arasında  körpü rolunu oynayan, gələcyini müəyyənləşdirən sözun yolu qədim, onun kəlam biçimində ümumiyə çatdırılması-avamı maarifləndirməsindən ötrü qəzetləşməsinin yolunun yaşı isə 147 oldu. Əski tarixlə 1292, yeni tarixlə il 1875-di.  Ay da elə bu ay, bu gün.

Mətbuat tarixini kitabından oxuyun. Onun kitabı da “Əkinçi” və onun bağbanlarıdır.  Çox deyil. Cəmi 56 nömrə. Dötd il zülm-zillətlə icazədən sonra ərsəyə gələn 5-6, 56.

İndi icazə bir bildirişə bağlıdır. Ya da elə hər yer mətbuatdır. Çap maşını da var,  çap kağızı da. Kağızsız rəqəmsal olanı  əlimizdə, cibimizdə. Bu qədər zəhmətə də gərək varmıyıd?

Elə 3-cü nömrəsindən H. Zərdabi  qəzetin ləngiməsi səbəbindən yazırdı.

“Q”, “K”, “R”, “L” hərfləri çatmadığından bu hərflərlə başlayan sözləri dəyişdirmək məcburiyyətində qaldığını oxucusuyla paylaşır və hərflərin  mətbəədə olmaması ucbatından onun İstanbuldan  gətirilməsi  zaman və xərc deməkdir- deyirdi.

Necə yəni. Q-sız qəzet olmaz!.
Qəzet –qərəzsiz olsun gərək.
Qərəzsizlik də Kəlmə ilə anladılır.
Kəlmələrsiz də Rəzili-Rüsvay olarıq.
Rəzilikdən qurtulmağın yolu  hərflərin  Labüdlüyüdur. Lüzumludur  hərflər söz, kəlam anladan qəzet üçün.

 Gəl indi bunları əvəz edən sözlər tap. İçində –q, k, r, l  hərfləri  olmayan sözlər həm də. Təsəvvür etmək belə çətindir. Əslində həm də zaman alandır. Belə bir dövrdə  zaman alan şeylərlə uğraşaraq qəzet çıxartdılar.

Bu gün hərflər də var, onları uyğulayan bizi hərifləyənlər də.  Ortada qəzet yoxdur, amma. Var olanı da ya qərəzlidir, ya rüşvətli, ya da keyfiyyətsiz  və lüzumsuz.  Bu çatışan  hərflərlə də bu qədər olur.

“Eh oğlum,  ört-basdır etməyə çalışdırğın çatışmayanınla içində dəfn edildiyin bu günün deyil, həm də gələcəyindir. O gələcək bu günlü keçmişlə yetimdir!”

Mətbuatın bu günü Olubmu, Ölüblü? Elə “Əkinçi”dəki ərəb hərfiylə  verilən e’landakı “Olub”  kəlməsinin  “Ölüb”ə dönüşdüyü sayaq…

Tünzalə Vəliqızı, Moskva
22.07.2022.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir