Moskvada “Azərbaycan poeziyasının inciləri ” toplumunun təqdimatı keçirildi


Moskvada M.İ. Rudomino adına  Ümumrusiya Dövlət Xarici  Ədəbiyyat kitabxanasında “Azərbaycan poeziyasının inciləri”  toplumunun  təqdimatı keçirildi.

Gecəni açan Rudomino adına  Dövlət Xarici Ədəbiyyat kitabxanasının  baş direktorunun müavini Vladimir Markov  görüş iştirakçılarını salamladı. O öz növbəsində  tibb elmləri doktoru, professor Mehman Məmmədovun  800 ildən artıq br dövrü əhatə edən Azərbaycan poeziyası nümunələrini  toplayıb tərtib etdiyi kitabın böyük əhəmiyyət daşıması ilə yanaşı, eyni zamanda uzun və zəhmətli bir əməyin bəhrəsi olduğunu söylədi.

“Onu qeyd etmək istərdim ki,  keçən səkkiz yüzillik bir dövr  həyatımızda vətənə, ailəyə sevgi, onun qarşısında borcluluq kimi bu səpkidən olan hissləri dəyişməyib. Hər birimizin evinin  pəncərəsindən həyətə, həyata baxanda gördüklərimiz çox zaman eynidr. Buradan baxanda Azərbaycan  poeziyası  toplumu əsrlərlə aramızda əlaqə yaratmaq baxımından çox dəyərlidir”

V. Markov  tarixi ədəbi nümunələr toplumunun  bir elektron nüsxəsinin tərtibatçı  tərəfindən kitabxanaya bağışlandığını da açıqladı. “Artıq Rudomino adına xarici ədəbiyyat kitabxanasının elektoron kitabxana şöbəsində  bu nüsxə yerləşdirilib və öz oxucularını gözləyir”.

Markov çıxışının yekununda onu da   əlavə etdi ki,   Mehman Məmmədov   kitabın  daha 150 nüsxəsini kitabxanaya hədiyyə  edəcək. Bu nüsxələr Rusiyanın   müxtəlif  regionlarının  150 kitabxana  fondunda özünə yer tapacaq.

Gecədə iştirak edən  Azərbaycanın Rusiya Federasıyasındakı   səfirliyinin müşaviri Zaur Paşayev  Fövqəladə və Səlahiyyətli səfir Polad Bülbüloğlunun  təbrik məktubunu oxudu.

Baharın gəlişi  poeziya gecəsi ilə bir arada qeyd edilən tədbirdə  Mehman Məmmədov  tərtib etdiyi kitab haqqında geniş mühazirə  etdi. O, videoslaydla müşaiyət olunan çıxışını “kitab 800 il deyil, Azərbaycan poeziyasının yarandığı vaxtdan  ta bu günə kimi böyük bir  dövrü əhatə edir” –deyə Markovun sözlərinə düzəlişlə  başladı.

M. Məmmədov Azərbaycan poeziya janrları, şifahi və yazılı ədəbiyyatın müxtəlif dövrlərini canlandıran, tarixi mənbələrə istinadən ərsəyə gətirilən toplumda yer alan şairlər, onların bağlı olduğu ədəbi-məclislər, nəşr olunan jurnallar, qəzetlər barəsində  xronoloji ardıcıllıqla  geniş məlumat verdi. Azərbaycan poeziyasının rus dilinə tərcüməsi məsələsinə toxunaraq bunun  iki ölkə ədəbi məktəbi  əlaqələri tarixindəki yerindən şöhbət açdı.

Gecənin təşkilatçılarından biri və kitabın rəyçisi   Şərq Muzeyi direktorunun müavini İlya Zaytsev kardioloq Mehman Məmmədovun ürək həkiminin poeziya ilə bağlılığını  bu sözlərlə ifadə etdi:  

“Poeziya da  ürək həkimidir. Əsasən də  sevəndə,  iztirab çəkəndə poeziya ürəyə həkimlik edir”.

İ. Zaytsev də  toplumda yer alan Azərbaycan poeziyasının tərcüməsi sahəsinə xüsusi diqqət çəkərək  rus və Azərbaycan ədəbiyyatının müştərək və əlaqəli  inkişafı, bir-birinə təsirindən danışdı.

Yaxın dövr poeziyasnın nümayəndəsi olaraq rus dilində tərcümələr və eləcə də şeirlərin müəllifi , N.Ostrovski mukafatı laureatı şair İlham Bədəlbəyli isə adının kitaba salınmasının önun üçün gözlənilməz olduğunu söylədi. “Sevindirici və qürurvericidir ki, ədəbiyyat nəhəngləri ilə bir siyahıda mənə də yer verilib. Buna görə tərtibatçı həkim-kardioloq Mehman Məmmədova minnətdaram”. İlham Bədəlbəyli elə bu kitabda yer alan özünün bir neçə şeirini oxudu.

Poeziya gecəsi Moskva Dövlət Universiteti Asiya və Afrika Ölkələri İnstitutunun  tələbələrinin  Azərbaycan şairlərinin şeirlərini rus və doğma dilimizdə səsləndirmələri ilə davam etdi. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Səməd Vurğun və Bəxtiyar Vahabzadə yaradıcılığından Azərbaycanı təsvir və tərənnüm edən parçalar alqışlarla qarşılandı.

  Mehman Məmmədov gənc qiraətçilərə tərtib etdiyi “Azərbaycan xalq nağılları ” kitabını  bağışladı.

Poeziya gecəsinin  moderatoru  M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Xüsusi Sərgi Layihələri Mərkəzinin rəhbəri  Lyudmila Skaçkova idi.

Tünzalə Vəliqızı, Moskva
17 mart 2023-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir