PƏRDƏLƏR QAPALI, İŞIQLAR SÖNÜK…


(Üzüntünün elegiyası)

“Heç olmazsa, babamın nəşini sağlam istəyirəm”

   Nağıllar niyə biri vardı, biri yoxla başlar?   Düşündüm, varla başlayıb yoxla sonlandırıldığına  qəzəbləndiyim zamanlar oldu. Yoxdan var olan bizlər üçün yazılan nağılları  biri yoxdu, biri var ilə dəyişdirərdim ixtiyar sahibi olsaydım.

   Həyat varla-yox arasındakı gəlgedə sığışdıra bildiyin yerə qədərdir. Bunu insan fəlakəti ilə müşaiyət olunan təbii, ya qeyri-təbii faciələr başımıza vura-vura öyrətməkdədir.

  Bu gün adını turizm zonası kimi tanıdığımız, özünü  məşhur türk seriallarında gördüyümüz (getmək imkanı olmayan çoxumuzun) imrəndiyimiz və mütləq haçansa gedəcəyimiz gəzi xəritəmizə saldığımız yerlər yeksan olub. Dünya o yerlərdə qan ağlayır. Qəhrəmanmaraş, Qaziantep,  Adana, Malatya, Şanlıurfa, Kilis, Osmaniyə,  Diyarbakır, Hatay, Adıyaman…

    Zaman irəli qaçanda və ya geri qalanda əlimizlə düzəltdiyimiz divardan asılan  kəfkirli saat olsaydı, anı 06.02.2023  tarixində  4:17-dən geri çəkərdim. Heç yaşanmasın o zəlzələ, heç gəlməsin o an…

  İrəli qaçan və geri qalan saatı gözləmir vaxtı ölçən təbiət. Onun hesabının çaşması yoxdur. Çaşan, hesabları qarışdıran bizik!

   Bəlkə elə ona görə nağıllar vardı ilə başlar. Bir gün yox olacaqları düşünüb var olanları əlimizdə möhkəm tutmağın mesajini birinci  cümləsindən verər.

  Yazıram hər gün. Yanğımı, acımı gözyaşıqarışıq vərəqlərə tökürəm. Sabahı planlayan neçə həyatların bir anda durduğu, yox olduğu yerlərə baxıram buradan.

  Son dəfə nə yazmışdı görəsən məktəbli uşaqlar? Nə yazmışdı görəsən universitet tələbəsi olanlar? Nə yazmışdı sevgilisinə gənc oğlan? Nə yazmışdı atalar, analar?

  Bəlkə bir uşaq “ İstiqlal marşı”nı əzbərləyib bitirdiyini yazmışdı.  Bəlkə kimsə kimdənsə üzr istəyəcəkdi. Bəlkə kimsə bir qıza sevgisini izhar edəcəkdi. Bəlkə kiminsə aldığı üzük cibindəydi o gecə, səhəri həyəcanla gözləyirdi. Bəlkə oğul, qız toyuna hazırlaşan ata-ana vardı…

Dağıntıların altından çıxan kitablar, dəftərlər, çantalar, pərdələr, divanlar, həyat üçün lazım olan əşyalar. Hər birinin bir hekayəsi vardı … bu gün yoxdu. Onun üçün nağıllar biri vardı ilə başlar, biri yoxdu ilə bitərmiş.

  Dünya  bir anda başımıza yıxılacaq yer olduğunu bildiyimiz halda niyə bəzən düşmən, qənim kəsilirik bir-birimizə? Niyə birilərindən daha firavan yaşamaq üçün digərlərinin haqqına giririk? Poliqlot dünya  düzənində  sevincin, mərhəmətin dili birdir, axı. Onu tərcümə etməyə belə gərək olmadığını Türkiyə ilə bir ürək olan milliyyətindən asılı olmayaraq hər kəs göstərir!

   Bir-birinə təzadlı iki sözü bir cümləyə sığışdırıb “babamın nəşinin sağlam (yəni bütöv) tapılmasını istəyərəm” – arzusu dilləndirlən yerdə həyat durub deməkdir!

   Dahasını yazmır qələm(((

Reklam şitlərində konsert elanları var. Dünənə, bu günə, sabaha planlanan konsertlər, teatrlar, tamaşalar. Səhnə yox, tamaşaçı yox. Pərdələr qapalı, işıqlar sönük.

Tünzalə Vəliqızı, Moskva
12.02.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir