Qadın modeli və ya Məcburiyyətin qadını


(Qadınlar gününə)

Qadını qoruya bildiyin qədər güclüsən, qorxuda bildiyin qədər deyil.

T. Vəliqızı

“Nə gördük”- deyə sual edir, bütün günahlarımızı yaxamızı buraxmayan keçmişə yükləyirik. Nə qədər amansızmışsa…

Əslində “qızı olanı qızılı çadıra”- deyə  dastanlardan gələn qadına qızıl dəyəri verən keçmişdən gəlmişdik, deyilmi? Qəhrəmanının yanında durub onun qəhrəmanlığına qəhrəmanlıq qatan qadın modelləri olan keçmişdən.

Elə bir zamanlar qürurla söz açıb indi hara qoyacağımızı bilmədiyimiz Koroğlunun Nigarı, Nəbinin Həcəri… kimi.

Belə  qadın modeli də olub və var.

Gözünün altı göy, əli qorxduğu qapazdan göydə olan qadın.

Belə qadın modeli də olub və var.

 Onun  üstündəki hökmünun gücü ilə ərini “güclü” göstərəni.  Bu  mütililiklə  razılaşıb, hətta onu   mərifət  kimi  qızının qulağına sırğa edəni.

Hansı keçmişin hansı kəsimidirsə bilmirəm, amma onun  reallığına bu günün pəncərəsindən baxanda  evdə böyüyən qızlar üçün uşaqlıqdan yığılan cehizi də nəzərə alsaq, bu cinsi ancaq analığa hazırladığımız qadın modeliyik.  Analıq müqəddəsdir. Problem analığa hazırlamaq da deyil.  Daha başqa bir missiyası yoxmuş kimi  qızın sadəcə   ərə verməyə hesablanmasındadır problem.

Hüququ kişisinin əlində, onun cızdığı çəmbərdə, onun həyatını yaşamağa məcbur edilən qadın…

Haşiyə: Və bunu mənə  “Mələkləri daşıyan adam”  adlı  festival filmini çəkən tanınmış türk aktyoru Cansel Elçin  açıqlamasında demişdi. “Anamın kiçik yaşda ərə verilməsinə və elə atamın da erkən evləndirilməsinə “üsyan” olaraq bu mövzuya toxunmuşam”.

Qadın modeli  – ailədə istənməyəcək qədər adımıza yansıyan Bəsti, Yetər, Tamam, Kifayət, Nəhayət və… s. timsalında  bizə verilən dəyərdi.

Bir sözlə, səssizliyi, sakitliyi, mütiliyi, qorxaqlığı ədəbdən sayılıb özü sayılmayan qadın.

Oysa orta əsrlərdən bu günə elə onu əsir edən kişilər oldu onların haqqını tələb edən. Yazdılar qadına şiddətdən, qadına bərabərsizlikdən.

Bu həm də  təkcə Şərq qadının problemi deyildi. Olsaydı… qadın adı-imzasıyla yazsam oxumazlar-ayrımçılığına ayaq verən dövr və yazarları olmazdı. İkisini  mən deyim. Çünki çoxdurlar.  Məsələn Jorj Sand imzası ilə yazan Avrora Düpen, Karrer Bell imzasıyla yazan Şarlotta Bronte və başqaları. Sonra bütün bunlara üsyan edərək “Bəsdi! Yetər! Tamam!…” dedilər.

Qadınn müdafiəsinə qalxıb əsərlər yazdılar. Başı yaylıqlı, ağzı yaşmaqlı qadın modelindən  podiuma çıxacaq qədər modelləşdi qadın! O keçmişi buraxsa da,  keçmiş hələ də onun təqibində.

Hələ də haradasa qadın döyülür…

Hələ haradasa qadın 13 yaşından ərə verilir…

Hələ haradasa qadın çipləşdiyimiz əsrdə telefonlardan, smartfonlardan uzaq durmaq yasağını yaşayır…

Və hələ də aramızda kişi qeyrətinin ən ümdə simvolu olan qadını qorumaq adına onu qorxu içində saxlayırlar.

Bu gün buna etiraz edən qadınların günüdür. Gününüz Mübarək!

Yaxanızdan tutan  keşmiş sadəcə sinənizi qorumaq, qapatmaq üçündür. Bunda qəbahət görmürəm, öz adıma. Çünki bəzi şeylər var ki, onlar normadır. Yazılmasa da, yazılmışdan daha qiymətlidir.  Amma qəlbinizi qorumaq üçün irəliyə daha dəyərli keçmiş qoymaq adına qorunun Qadınlar. Həm də Özünüzdən.

Tünzalə Vəliqızı

08.03.2021

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir