Böyük Dəmirçinin geri dönüşü


“ Azərbaycanlılar, Mehdi zühuruna inanırlar. Bolşeviklərin bütün sərvət və zənginliyi dağıdaraq hər kəsi, bir loxma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə bolşevik etdiyini görüncə, Azərbaycan xalqı həmin Dəccalın gəldiyini görür, bundan sonra tab edib Mehdinin kəlməsini gözləyir. Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir. Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanaq bir ürəklə: — Ah, bu Mehdi nə vaxt gələcək? — deyə soruşur. Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki: — Azərbaycan bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün! Əvət, o gün, o böyük gün! Fəqət indilik biz ümidimizi qırmayaq, o bayrağı qaldıracaq başından keçən dəmirçiləri hazırlayaq.

” M.Ə. Rəsulzadə “ Əsrimizin Səyavuşu.”

Bir abd-i Habeş dehre olur baht ile sultân,
Dahhâk’ın eder mülkünü bir Gâve perîşân.

Bir Həbəşli kölə taleyi ( bəxti) sayəsində dünyaya sultan olur.
Bir Gavə ( Dəmirçi- M.İ.) gəlir, Dəhhak’ın mülkünü pərişan edər.

Ziya Paşa (1825- 1880) “ Terkibi-bend”.

Qarşıdan Azərbaycan Cümhuriyyətinin qurucularından M.Ə. Rəsulzadənin 140 illiyi gəlir. Ortada Cümhuriyyətə, Rəsulzadəyə qıcıq qapan bir bolşevik zehniyyəti var ki, sürəkli Əmin Bəyi arxa plana sığdırmaq üçün əllərindən gəldiyi qədər şər, şamata yaparlar, tarixi gerçəkləri keyfi bir iradəylə sağa-sola xərclərlər, böyük bir çaşqınlıq yaradıb, bulanıq suda balıq tutmaq sevdasına qapılarlar. Fəqət bütün əməkləri bihudəyə gedər bolşevik sələfləri kimi. Ən çox dilə gətirdikləri cılız arqumentləri isə budur ki, nədən Rəsulzadəni Cümhuriyyətin qurucusu hesab edirsiniz? Bəs başqaları? Gah Nəsibbəy Yusifbəylini, gah da Ə. Topçubaşvu Rəsulzadəyə qarşı bir tülkü qurnazlığıyla qarşı qoyarlar. Amma heç vaxt da qarşı qoyduqları bu parlaq şəxsiyyətlərin Əmin Bəy haqqında yüksək, lderi övən fikirlərini dilə gətirməzlər. Rəhmətlik Şirməmməd Hüseynov bir dəfəsində Filarmoniyada bu qəbildən olan tutuquşuların sürəkli Rəsulzadəni arxa plana atmaq məqsədilə Rəsulzadə də Cümhuriyyəti quranlardan biri olub epizodik fikrinə dözməyərək tribunadan: – A kişilər nə danışırsınız, necə yəni Cümhuriyyəti quranlardan biri olub, BİRİNCİSİ olub. Bu haqlı etiraza heç bir etiraz olmayıb, əlbəttə məlum bolşevik zehniyyətindən dolayı heç alqış da olmayıb. Amma qurbağa gölünə daş çox sərrast atılıb salon çox dərin sükuta varıb. Və bu sükut da Rəsulzadənin Əməl-Fikir birlyindən doğan uca Şəxsiyyətini öz diliylə alqışlayıb. Həqiqəti hayqıran lal sükutlar misalı. Azərbaycan Cümhuriyyəti ayrı-ayrı şəxsiyyətlərin intriqa və qısqanclıqlarından təşəkkül tapmamışdır, əksinə xalqı ilk dəfə siyasi cəhətdən təşkilatlandıraraq maarifləndirmə yolu tutan , mill vicdan hissini demokratik dəyərlərlə bütövləşdirən fədakar, unikal bir nəslin kollektiv iradəsindən ərsəyə gəlmişdir.

Rəsulzadə siyasi təşkilatlanmanın necə zəruri olduğunu belə ifadə edirdi:

“ Siyasi firqələri olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz. Siyasət meydanına hər milləti siyasi firqələr çıxarar, siyasi fikirlər siyasi firqənin timamı ilə (səyilə) xalq arasında intişar tapar. . Fəqət bir firqə xalqın hüsni-rəğbətini o vaxt qazanar, milləti öz başına o vaxt toplaya bilər ki, cəmaətin milli amal və arzularına müvafiq proqramı yürüdərək təşkili təbiətə (həyata) yaxn olsun”. (“Açıq söz” 1917, Ne 599).

Bu baxımdan Difaidən- Müsavat- Müsavatdan Azərbaycan Cümhuriyyəti yaranmışdır. ( “ Hümmət” müsəlman sosial-demokrat təşkilatını da bu sıraya qatmaq lar-M.İ.) Bütün proses hər zaman Milli bir təkamüllə öz məqsədinə, amalına doğru yürüyüb. Təsadüfi deyil ki, Rəsulzadə bu dövrə Azərbaycan dövrü deyib. Hətta bu məsələdə firqəçiliyi qınayaraq münasibətini aşağıdakı möhtəşəm fikirləriylə izhar edib:

Azərbaycan dövri-istiqlalına bolşeviklər «MÜSAVAT DÖVRÜ» deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. …Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.

Bir də çağdaş dövrümüzün siyasi partiyalarına və şöhrəti Biləcərini keçməyən liderlərinə nəzər salın lütfən. Hər birinin özlərinə bənzər yaratdıqları firqəbazlıqla məşğul olan “dövrü “var Azərbaycan Dövrünə dəxli olmayan. Yuxarıda Əmin Bəydən gətirilən sitat ona məxsus olsa da, əslində həmin dövrdəki bütün Cümhuriyyət ideyasıını daşıyanların ortaq fikri və qənaəti idi. Rəsulzadə apardığı mübarizədə, ictimai-siyasi zəmində hər zaman haqqaniyyətlilik nümayiş etdirdi və hər zaman məfkurədaşları tərəfindən rəğbətlə qarşılandı. Bu onun günahı deyildi, əksinə yüksək Liderlik keyfiyyəti idi. Vaxtilə dost olduğu, İranda Məşrutə hərakatında birgə mübarizə apardığı , İranın dövlət xadimi S.H.Tağızadə onun haqqında : “ Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi. O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi.”sözlərini deyərkən heç də “ Müsavat” mənsubu deyildi, İranın Xarici İşlər Naziri idi. S.H. Tağızadənin səmimiyyəti Rəsulzadəyə daş atanlara qənim olsa kaş ki…

Biz bu yazımızda məsələnin tamamilə başqa istqamətlərinə yönəlməyə çalışacağıq, Rəsulzadənin uzaq mənzilli fikir və ideyalarının tarixin gedişatında necə də möhtəşəm tədrici təkamüllə qalib gəlməsinin qarşısı alınmaz prosesinə. Əlbəttə bu qeyd etdiyimiz kimi bir gündə baş verməmişdir, öz zaman və vaxtını yetişdirərək , uzun bir Yol alaraq məsafə qət etmişdir. Əmin Bəy özünün “ Əsrimizin Səyavuşu” əsərində qədim bir İran əfsanəsindən bəhs edərək yazır ki:

“ Azərbaycanda İran təsiri vardır: İran Zöhhak bəlasına uğramışdı. Öz hakimiyyət və istiqlalarının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gəlmişdi. Zöhhak adında bir hökmdar İranı cana doydurmuşdu. Bu hökmdar ilanlara tapınırdı. Gündə iki uşaq beynini o pis heyvanlara yedirirdi. Zöhhakın zülmündən bezən xalqın fəryadı göylərə çıxmışdı. Xalqın şərəfi, namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı. Şəhərlinin varı, kəndlinin mal- davarı əlindən alınırdı. Burada Cəmşid dinində olan nə qədər iranlı varsa qanundan kənar elan edilmişdi. Yaxalananların özləri həbs olunur, mallarına əl uzanır və uşaqları ilana yedirilirdi. Xalq qorxudan Zöhhak dinini görünüşündə qəbul etmişdisə də, təriqətlərinə mənsub olan adamlarla gizlicə toplanıb ibadətlərini yapırdılar. Fəqət bütün bu zülm və təhlükələr qarşısında iranlıların tək bir ümidi vardı. O ümidlə yaşayır, imanlarını gələcəkdə doğacaq o parlaq günəşin hərarəti ilə isidirlərdi. Bu ümid Firidun idi.

Cəmşidin anasız oğlu dağlara çəkilmişdi. Zöhhakın sui- qəsdindən qorunurdu. Firidun, hər nə qədər dağlarda xalqdan uzaq və gizli bir yerdə qalırdısa da, xalqın qəlbi onun eşqi ilə çırpınır, gözünə daima onun şəkli görünürdü. Onlar görünüşdə Zöhhakın ilanlarına səcdə qılır, ürəklərində isə Firidunun meydana çıxması üçün dua edirdilər. Vaxt gəldi, dəmirçi *Gavənin bayrağını bir ağac başına taxması kifayət idi ki, bütün xalq onun arxasınca gəlsin. Firidunu dağlarda arayıb tapsın və götürüb öz taxtına oturtsun!

Azərbaycanlılar türkdürlər: Türklər də Ergenokon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa da bir tərəfə çıxmadılar. Geniş dünyaya həsrət qaldılar. Fəqət yenə bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar. Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir— Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.

“ Əmin Bəyin Azərbaycan coğrafiyasında baş verənləri qədim İran və qədim türk “ Ergenokon” əfsanəsiylə paralel boyutlarda istfadə etməsi möhtəşəm bir üslub və tapıntıdır. Mifdən həqiqətə keçid etməyin bundan gözəl ifadəsi mümkün deyildir. Həm də bu olduqca təhlükəli və risqli bir addımdır, amma məsələnin ən maraqlı tərəfi də ondan ibarətdir ki, Rəsulzadə hər iki mifin ən dərin qatlarında olan həqiqət işığını taparaq sosioloji tarix şüuruna obyektiv bir şəkildə yükləyə bilmişdir. “ Əsrimizin Səyavuşu” əsərinin ən mühüm, sirrli tərəfi də məhz bu amildir. Azərbaycan ictimai fikrinin ana sütunlarından hesab olunmalıdır bu əsər. Rəsulzadənin bəhs etdiyi İran təsiri burada pozitv anlamdadır, halbuki o özünün “ İranlı Türklər” əsərndə fars şovinizmini yerlə bir edir,yazılı Azərbaycan dilinin fars dili tərəfindən assimilyasiyasından ürək ağrısıyla bəhs edir. Ümumyyətlə Rəsulzadənnin “ Əsrimizin Səyavuşu” əsəri gələcək nəsilllərə ünvanlanmış bir əsərdir, burada Gəncliyə müraciət bölümü tarixi-tərbiyəvi əhəmiyyətinə və syasi, ideoloji uzaqgörənliyinə görə olduqca heyrətamizdir. Azərbaycan Gəncliyinə vəd olunan, ona ötürülən mesayların ana qaynağı İstiqlal Məfkurəsidir. Hər iki qədim mifologiyanın xəmirmayasında yatan hüriyyət, azadlıq şövqünün Milli İstiqlaliyyət ideyasına sosioloji tarix üslubuyla ustaca transformasiyasıdır. Rəsulzadəyə qədər kimsə bunu beləsinə uğurlu biçimdə ortaya qoymamışdır. Əslində mifologiyada bəhs olunan Böyük Dəmirçi elə Rəsulzadənin özü və məfkurədaşlarıdır. Ortada bolşevizmin dəmir və qanlı pərdəylə əsir etdiyi, giriftar buraxdığı Azərbaycan xalqının düşdüyü durumla hər iki qədim əfsanədə azadlığına qovuşmaq istəyən xalq arasında elə bir fərq yoxdur. Sadəcə məkan və zamanın tədrici təkamüllə dəyişməsinə təhəmmül edəcək səbrə qatlaşmaq işin ən kilid nöqtəsidir.

Burada artıq nağıl dili yüyrək deyildir. Ortada olduqca böyük məşəqqətllər,çilələr çəkmiş 27 Aprel işğalına qarşı Azərbaycanın az qala hər yerində baş verən üsyanlar, bu üsyanları ən zorakı, qəddar metodlarla basdıran bolşevik-kommunist rejimi, “ Təbiətin qanlı,zalım ÇEKASI Sibiryaya” (Əmin Abid), Solovki ölüm düşərgəsinə, “ Buzlu cəhənnəmə” ölümə məhkum edilən fədai bir Müsavatçı nəsli var. Hələlik qanın su kimi axdığı Zöhhak-Stalin istibadı vaxtı, zamanı yedəyinə alıb at oynadır.

Ergenekon əfsanəsində dəmir dağı əritmək üçün iti zəkalara , gavələrə ( dəmirçilərə-M.İ.) ehtiyac vardır. Və bunun ustalığını yapacaq kişi də Böyük Dəmirçi və onun yetişdirəcəyi dəmirçilərdir. Xalqın oğurlanmış İstiqlalını yenidən geri qaytarmaqda ən böyük güc qaynağı gənclikdir. Bu üzdən əfsanədən həqiqətə keçid edərək Rəsulzadə yazırdı ki: “Oğurlanan istiqlalımızı qaytarmaqda ən güvəndiyimiz nəsil gənclikdir.” Əmin Bəy “ Yeni Kafasya” jurnalında özünün “ Böyük faciə” adlı məqaləsində bunu daha da sərrast bir şəkildə ifadə edir: “Bəli, əfəndilər! Şübhə etməyəlim, 27 Nisan (Aprel-M.I.) faciəsi Azərbaycan Cümhuriyyətində “ 23 Nisan” zəfərini hazırlayacaq o böyük müqəddəs qəzanın qəhrəmanlarını doğurmuşdur.Azərbaycan istiqlalı felən (de-fakto) yıxılmışsa da düşüncə olaraq dimdik ayaqdadır. / Yaşasın Azerbaycan’ın istiklâli!” Burada Rəsulzadənin “23 Nisan zəfəri” örnəyi 27 Aprel işğalının doğurduğu bolşevik müstəmləkəçiliyinə qarşı gələcək nəsillərin də mübarizə missiyasına daxil olacağına vurğu edir. 23 Nisan tarixi eyni zamanda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Böyük Millət Məclisinin yarandığı, imperial güclərə qarşı ən mütəşəkkil bir şəkildə Türk Xalqının uca iradəsini ortaya qoyduğu gündür.

Əmin Bəy bu məsələdə olduqca optimist idi: 1920 ci il 23 Nisanda təvəllüd etmiş nəsil Azərbaycan Xalqına 27 Aprel faciəsini unutduracaq böyük günü mütləq gətirəcəkdir bir gün. Bu Rəsulzadə və məfkurədaşlarının vazkeçilməzi idi. Amma bu qutsal görəvi 1920-ci ldə təvəllüd edənlərin övladları edəcəkdi. XX əsrin sonunda SSRİ-nin dağılmasının ən böyük təkan verən səbəblərdən biri də Sovet zülmünə gizli təşkilatlanaraq mübarizə aparan dissident ruhlu gənclərin açdığı cığır oldu.Azərbaycanda da bu cığırı açanların bir çoxu Azərbaycana qara günlər gətirmiş 27 Aprel 1920 lərdə dünyaya gəlsələr də heç bir zaman bolşevik-müstəmləkə ruhunu daşımadılar. Bunu bizə Sovet quruluşuna yenlməyən ədəbiyyatımız, publisistikamız diqtə edir. Hüseyn Cavidlər,Əmin Abidlər, Əhməd Cavadlar, Ümgülsümlər şeirləri orduya bərabər olan İstiqlal ruhlu şairlər, ədiblər. Bu Ordunun yaranması hələ zaman alacaqdı. Amma cığır o böyük Yola vəsilə olacaqdı. Və zamanla bu cığır Sovetlərin tifağını dağıdan böyük bir Yola dönuşdu və ən əsası bu işi yapanlar Sovet quruluşunda böyüyüb başa çatsalar da müstəmləkə həyatı qəbul etməyərək, öz xalqlarına istiqlaliyyət qazandırmağın yolunu seçdilər və sonunda buna müvəffəq oldular. 27 Aprel ruhunu daşıyan bir nəsil əsla bunu edə bilməzdi, yalnız 23 Nisan Zəfərinin qan yaddaşı belə bir nəsli yetişdirməyə qabil ola bilərdi. Rəsulzadənin qardaş Türkiyənin əsarət zəncirlərini qırdığı bu tarixi Azərbaycan həyatına, tarixinə modelləməsi həm də uzaqgörən geostrateji təfəkkürün məhsulu idi. Azərbaycan Xalqının istinadgahının yalnız qardaş Türkiyə olacağına sarsılmayan bir inamın ifadəsidir. “Rus qardaş, böyük qardaş” artıq tarixin zibillyndədir! Artıq 28 Maydan sonra 27 Aprel gəlmir. 23 Nisan Zəfəri 28 Mayıs İstilaliyyətiylə eyni ruhda, eyni ovqatdadır.

Həqiqətən də zalım və qəddar Zöhhakın prototipləri olan Lenin,Stalin və onların əliqanlı əlaltıları Azərbaycan İstiqlalını ruhən xalqın yaddaşından silə bimədilər. İstiqlal xaricində Azərbaycan yoxdur deyib bütün mümkün mübarizə yollarına baş vuraraq Böyük Dəmirçi səbriylə oğurlanan İstiqlalımızı geri qaytaran Gənclik nəhayətində yetişdi:

Ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.

O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “Irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”. Bu dəfə Səyavuşun qanlı röyası gerçək olmadı, Böyük Dəmirçinin yetişdirdiyi fədailər ordusu Zöhhakların mülklərini başlarına çevrərək, onları əbədi pərişan etdilər. . Vaxt gəldi, dəmirçi *Gavənin bayrağını bir ağac başına elə böyük şövqi-həyəcanla taxdı ki, bütün xalq onun arxasınca gəldi. Artıq Böyük Dəmirçi ən böyük yaxşılığını yapmışdı, Onun öndərliyində xalq dəmir dağları əridib, qırmızı qanlı pərdəni aradan qaldırıb genş dünyaya çıxmışdılar…

Və son olaraq…

M. Ə. Rəsulzadənin tarixi-sosioloji təsbitləri demək olar ki, qüsursuzdur hətta bu günlə müqayisə edərkən belə heyranedicidir. Onun “Əsrimizin Siyavuşu” əsərində: “Azərbaycanlılar Mehdi zühuruna inanırlar. Azərbaycan Mehdisi xalqın istiqlalından, idealından doğacaqdır” fikri bu gün “armud biş, ağzıma düş”, yalnız sosial şəbəkələrdə “vətəndaş-patriot olmaq” kimi söz yarışına ən böyük ironiyadır. Yəni Əmin Bəyin qeyd etdiyi Mehdi kütlələrin heç bir mübarizə vermədən, yorğanı başına çəkib xorul-xorul yatan “bizlərə” ağ atın üzərində qurşağına polad üzlü qılncla zühur edəcək Sahibi əz-zaman anlayışını tamamilə darmadağın edərək kollegial düşüncə tərziylə hürriyyət, cümhuriyyət ideyalarına sahib çıxmağımızın savaşını verin deyir. Rəsulzadənin vurğuladığı Mehdi, bizim bildiyimiz Mehdi deyil əsla! Qısacası ətalətdən deyil, ədalətdən, ölənədək hürr bir məmləkətdə var olmağın düsturunu verir bu böyük fikir Adamı.Və bu düstur əsla əzbər üçün deyil əksinə məsələnin çoxkombinasiyalı həlli üsullarını çozüb gözəl nəticəyə varmağın intellektual, siyasi, mədəni mübarizəsidir, tər tökməsidir yorulmadan hamımız adına. “Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hüriyyətə dayanan istiqlalçılığındır. İnsanlara hürriyyət, millətlərə istiqlal!”. (M. Ə. Rəsulzadə, 1923 cü il).

Mühüm qeyd. Məqalənin başlığında Ziya Paşanın “ Terkibi-bend” şeirndən parçadakı bəhs olunan Dəhhak, Rəsulzadənin “ Əsrimizin Səyavuşu” əsərində bəhs etdiyi Zohhakla eyni kökdəndir. Osmanlı ədəbiyyatında bu ad Dəhhak, İran ədəbyyatında isə Zöhhak olaraq keçir. *Gavə- Zöhhakın zülmünə qarşı xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi.

Məhəmməd İsrafiloğlu,
Almaniya,
29.01.2024


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir