Yeni imza-Şəfəq Vilayətqızının şeirləri


Uzun illər tanıyıram. Eyni həyətdə  həmyaş kimi böyüdük. Sonra uzaq düşdük. Bu da taledir. Birimiz ali məktəbə o isə… Uşaqlıqdan şeir yazırdı. İlk oxucusu da məndim. Hətta Gəncə Dövlət Universitetinin ədəbiyyat bölümünü qazanacaq-deyə düşünürdüm. Olmadı…

Bir-birimizin üfüqündən itdik. Amma hey xatırladım və istedadını hansı qayğıya qurban verdi-(verməsəydi,  sosial ortamda şeirləri, hekayələrinə rast gələrdim) deyə təəssüfləndim. Və bir gün elə sosial şəbəkə vasitəsiylə  tapdı məni. Bu dəfə özü həm də. İlk sözüm- “o zaman yazdığın şeirlərin nə oldu”-sordum. –“Yazmadım bir müddət-bilirsən…”

Yenidən əlinə qələm alıb yazmağa başlayıb. “ Hər yerindən qalxan şeir yazır”-deyə qınancı çox olan mühitdə bunu da özü dedi. “Mən şeir yazıram, bəli, amma şairəm demirəm. Sadəcə hisslərimi vərəqə tökmək və paylaşmaq məni rahatladır”.

Mən də sadəcə onun şeirlərini Siz oxucuların ixtiyarına verirəm. Oxuyun və ….

                                                                         Tünzalə Vəliqızı

ÖYRƏNMİŞƏM MƏN

Gecə yastığıma sıxıb üzümü,
Göz yaşı tökməyiə öyrəşmişəm mən.
Yığıb dərdlərimi xəstə qəlbimə,
Gizlində çəkməyi öyrəşmişəm mən.

Xəyallar dolanıb gəlir geridən,
Hey çıxıb qabıqdan, çıxıb dəridən,
Küskün xəyalları qurub, yenidən-
Dağıdıb, sökməyə öyrəşmişəm mən.

O doğma ətrinə həsrətəm yenə
 Məcburdu sənsizlik qara geyinə
Körpə arzuları qəm beşiyinə-
Kədərlə bükməyə öyrəşmişəm mən.

Həyat zərbəsini vurandan bəri,
Silinmir ömrümün ötən günləri,
Sökülən yamaqlı xatirələri-
Şəfəqəm, tikməyə öyrəşmişəm mən.

KÜSÜB XATİRƏLƏR

Sən eşqi dəyərdən salıb gedəli,
Küsüb xatirələr, görüşə gəlmir.
Nə qədər səsləsəm duymayır məni,
Küsüb xatirələr görüşə gəlmir.

Sanki unuduram sənli günləri,
Qəlbin dərd çəkməyə yox ki, hünəri,
Mən səni ömrümdən siləndən bəri-
Küsıb xatirələr, görüşə gəlmir.

Qızarmış neştərlə bağrımı sökən,
Ömrümü doğrayıb yollara tökən,
Acılar içində boynunu bükən-
Küsüb xatirələr görüşə gəlmir.

Sevgi dastanını bitirmişəm mən,
Dərs alıb, payımı götürmüşəm mən,
Sanki yaddaşımı itirmişəm mən-
Küsüb xatirələr görüşə gəlmir.

Tale bizi ayrı salmamış kimi,
Gəncliyimdən əsər qalmamış kimi,
Sanki sənlə Şəfəq olmamış kimi-
Küsüb xatirələr görüşə gəlmir.

PAYIZ KİMİ

Insan var həyatı payız kimidir,
Ümidlər yarpaqtək bir- bir tökülür.
Saralır, sozalır nigaran üzlər
Gümanı çiçəktək solub, bükülür.

Gəlir hüzün dolu ömrün payızı,
Əsən külək alıb aparır onu.
Beləmi yazılıb alnına yazı?
Qayadan “kıxmıktək”  qoparır onu.

Sonra, yağış yağır ünidlərinə,
Dizətək çamura batır xəyalı.
Qaçıb gizlənməyə yeri qalmayır,
İslanır… qısılır… yatır… xəyalı

Bir də dolu vurur arzularını,
Dustağa çevirir həyat içində.
Cəzasın çəkməyə məhkum olanın,
Gəl ölmüş ümidi oyat içində.

 İnsan var həyatı payız kimidir,
Gah əsir, gah yağır, gah da sozalır.
Hər gün ömüründən bir yarpaq düşür,
Hər gün ölümünün vaxtı azalır…


İLLƏR SONRA

Illər sonra sən qarşıma çıxanda,
Gördüm titrəyirdi əlin, ayağin.
Salam verib, gözlərinə baxanda,
Oxudum, gözlərin verdi sorağın.

Həsrətdən alışıb yandığın bəlli,
Əsiri olmuşdun ötən günlərin.
Xəyallar etmirdi səni təsəlli,
Izləri dərindi itən günlərin.

Bivəfa, xoşdurmu eylədiklərin?
Sən sevən qəlbinin düşmanı oldun.
Boş bir bəhanəydi söylədiklərin,
Etdiyin səhvlərin peşmanı oldun.

Uçurtdun əlindən səadətini,
Indi çox gəzərsən, çox arayarsan.
Təmiz, saf eşqini, məhəbbətini,
Hicranın əliylə qucaqlayarsan.

Sandın ki, dünyaya bir də gələrsən,
Sən öz taleyinlə zarafat etdin.
Sandın bir qələmlə qəmi silərsən,
Həzin hekayəydin oxundun bitdin.

Əlçatmaza döndü məsum duyğular,
Ümid qapısından qovulmuş kimi.
Küskün günlər həyatını sorğular,
Eşqin divarından ovulmuş kimi.

İllər sonra sən qarşıma çixanda,
Susmuş duyğularım dinəcək sandım…
Peşiman duyğular səni sıxanda,
Bitmiş məhəbbətin halına yandım..
Biz deyə bir şey yox, artıq inandım…

KÜSKÜN KİMİYƏM

Üstümə gəlməsin nə dost, nə tanış,
Gəlib kor düyünü acmağa çalış,
Qəlbimi qıranla deməyin barış-
Mən belə dünyadan küskün kimiyəm.

Mən ona sığinmaq istədim, qaçdı
Bətnim-bənizimdə yaralar açdı,
Hər yana xoşbəxtlik, mənə qəm saçdı-
Mən belə dünyadan küskün kimiyəm.

Çarmıxa çəkildi hər arzu, dilək,
Dolaşıq hisləri anlamır ürək,
Könlümü almağa varmı ki, gərək?!
Mən belə dünyadan küskün kimiyəm.

Güvəndiyim dağın zirvəsi qardır,
Yarımçıq sevdalar könlümə yardır,
Mənim susmağımın səbəbi vardır-
Mən belə dünyadan küskün kimiyəm.

Çəkdirib dərdini, ruhumu yoran,
Qorxudub uşaqtək bağrımı yaran,
Hər fürsət tapanda könlümü qıran-
Mən belə dünyadan küskün kimiyəm.

Şəfəqəm, çox çəkdim, qorxutmaz hədən,
Hey düşdüm atdığı tilova nədən?
Qəmin beşiyinə bələyib gedən-
Mən belə dünyadan küskün kimiyəm.

OLA BİLMƏZ

Zaman yaraları qaşıyıb gedir,
Birtəhər yükünü daşıyıb gedir,
Hərə öz ömrünü yaşıyıb gedir-
Ömürdən ömürə pay ola bilməz.

Qorxunu, hürkünü qəlbimə salan,
Şirin yuxuları əlimdən alan,
Tənha gecələrin sirdaşı olan-
Uzaq ulduzlardan ay ola bilməz.

Cəsarət gərəkdir səddi aşmağa,
Alın yazısından yol yox qaçmağa
Bəzən kükrəməyə, coşub daşmağa-
Sısqa bulaqlardan çay ola bilməz.

Yaşanmış tarixdi omrün dünəni,
Unutma yolunda yanıb sönəni,
Sevməsə ürəkdən sevən sevəni-
Isnişib onunla bay ola bilməz.

Qorxuram qasırğa yolumu kəsə,
Nadan ocağında verildim hisə,
Qiymət vermək gərək yaxşıyla, pisə-
Onlar bir- birinə tay ola bilməz.

MƏN ANA DEYƏNDƏ

Mən ana deyəndə gözüm önünə,
Saçını ağ- qara hörənlər gəlir.
Balası yolunda canını verən,
Goru bu dünyada görənlər gəlir.

Dünyanın yükünü çiyninə alan,
Aylarla, illərlə yuxusuz qalan,
Zülümün küləyi saçların yolan-
Göz yaşın ovcuna silənlər gəlir.

Qəlbi ümman kimi coşub, çağlayan,
İllərin yükündən şəllək bağlayan,
Hər möhnətə dözən, qəlbi ağlayan-
Üzdə hər yetənə gülənlər gəlir.

Nə boran qorxutmaz, nə də qarlı qış,
Bu dözüm, qürura alqış, min alqış,
Ürəyi nigaran, üzündə qırış-
Namusu, qeyrəti bilənlər gəlir.

Mən ana deyəndə, gözüm önünə,
Hər qəmi, kədəri alıb belinə,
Qabarlı əliylə, dərdin selinə-
Gecə, gündüz divar hörənlər gəlir


ANALARA QURBANAM

Övlad dağı qəlbində dağ olsa da,
Qara saçi bir gündə ağ olsa da,
Ruhən ölmüs, cismən də sağ olsa da…
Vətən, deyən analara qurbanam.

Ömrü solan, ümidləri qırılan-
Şəhid verib bağrı başi yarılan,
Sağ yollayıb tabutuna sarılan…
Vətən, deyən analara qurbanam.

Sizin yanan köksünüzdə odam mən,
Özünüzəm, sanmayın ki, yadam mən,
Mümkün deyil bu acını udam mən-
Vətən, deyən analara qurbanam.

Gecə -gündüz şəkillərə yalvaran,
Yana- yana yollarına boylanan,
Sönməyəcək bir atəşdə hey yanan-
Vətən, deyən analara qurbanam.


SEVDIYIM YAR QOCALDI

Bu gün sevdiyim o yar qarşıma çıxdı birdən…
Baxdım ona doyunca, bir az uzaqdan, gendən
Üzündə qırış vardı, saçlarında çoxlu dən-
Gözlərimə yaş doldu, bir anda döndü selə,
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

Daha gözlər əvvəlki sevgiylə baxmayırdı,
O intizar, o həsrət qəlbindən çıxmayırdı,
Sanki birilərindən eşqini saxlayırdı,
Getdi gənclik illəri, ömrünü verdi yelə,
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

Dizlərinin taqəti azalmışdı elə bil,
Susmuşdum qarşısında, sanki lal olmuşdu dil,
Getdi daha o çağlar geriyə gələn deyil-
Onun ümidi vardı kövrək qəlbində hələ,
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

Alnındakı qırışlar bir hicran yatışıydı,
Solmuş üzü günəşin qüruba batışıydı,
Tez- tez aldığı nəfəs qəlbinin atışıydı,
O keçmiş xatirələr, oyandı gəldi dilə,
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

Ömrün baharı getmiş, gəlmiş idi boranı,
Sanki dünən gəzmişdik o yaylağı, aranı
Qopartdıq qəlbimizdə qaysaq tutmuş yaranı,
Bizə amansız olan nə deyim aya, ilə
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

Qayıtmaz ki, bir daha ötüb keçən o çağlar,
Xatirələr kövrələr, ümüdlər susub ağlar,
Indi bizi hicranın titrək əli qucaqlar,
Ağladıq, özümüzü ala bilmədik ələ,
Mənim sevdiyim o yar nə tez qocaldı belə?!

VƏTƏN OĞLU

Dağda qarı əridib, su yerinə içdin sən.
Dizətək qara batıb, dağdan, daşdan keçdin sən.
Vətənin keşiyini, layiqincə çəkdin sən.
Yenilməz qeyrətinə, qurban ay Vətən oğlu.

Günlərlə ac oturdun, sarıldın silahına
Gecə, gündüz sığındın Allahın pənahına,
Məğrurca sinə gərdin, bəşərin sınağına-
Qorxmaz cəsarətinə, qurban ay Vətən oğlu.

Düşmənin ayağinı, doğma yurdumdan kəsdin.
Torpaqların üstündə, bir ana kimi əsdin.
Lazım gəlsə canından, keçmək olubdu qəsdin.
Dönməz məhəbbətinə, qurban ay Vətən oğlu.

Səndə olan cəsarət heç kəsdə ola bilməz.
Nə qədər ki, siz varsız Vətən bolünə bilməz.
Vətən üçün can verən, qəlblərdə ölə bilməz.
Məğrur şücayətinə, qurban ay Vətən oğlu.

G E T D İ

Xatirələr aldı məni qoynuna,
Alıb uzaqlara götürdü getdi.
Tuş gəlmişəm fələyin tərs oynuna,
Intizar hicrana otürdü getdi.

Mən köklənib qəm sazında çalındım,
Eşq önündə silahsızdım, yalındım…
Bahalı duyğumla ucuz alındım-
Bu dünyam onunla söküldü getdi.

Bəxt mənlə oynayır, nədən yorulmur?
Su başdan bulanıb ondan durulmur,
Küsüb xəyallarım daha qurulmur,
Acı bir tənhalıq gətirdi getdi.

Əlimdə son məktub büküb, əzirəm
Yoxsul duyğulardan artıq bezirəm,
Söküb dağıtdığı ömrü gəzirəm-
Qaranlıq yollarda itirdi getdi.

Şəfəqəm arzular çıxır sözümdən,
Ərköyün xəyallar qaçır gözümdən,
Haraya gizlənim özüm özümdən-
Vəfasız oyunu bitirdi getdi.

Yenises.ru
19.10.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir