Mən yazar deyiləm…


…Amma yazar olsaydım, yazardım dünyanın qəmindən, kədərindən… İnsanların içində gizlətdiyi, heç kimə danışmadığı ağrılardan yazardım. Gülümsəyən üzlərin arxasında səssizcə axan göz yaşlarından, “yaxşıyam” deyib içində min parçaya bölünən insanlardan yazardım.

Yazar olsaydım, ədalətsizlikdən yazardım. Haqqı tapdalananlardan, səsi eşidilməyənlərdən yazardım. Bəzən yaxşı insanların niyə daha çox sınandığını, niyə ədalətin hər zaman vaxtında gəlmədiyini soruşardım.

Yazar olsaydım, sevib də sonda qovuşa bilməyənlərdən yazardım. Bir-birini sevən, amma yolları ayrı düşən insanlardan… Eyni göyə baxıb bir-birini düşünən, amma bir addım belə yaxınlaşa bilməyənlərdən. Bəzən insanın həyatından gedən birinin yoxluğunun illər keçsə də yerinin göründüyündən yazardım.

Yazardım övlad həsrəti yaşayan analardan, atalardan. Bir evin içində övladının səsini gözləyən, qapıya hər baxanda “bəlkə gəldi” deyə düşünən valideynlərdən. Həsrətin insanın ürəyində necə ağır bir yer etdiyini anlatmağa çalışardım.

Yazardım darıxanlardan… Səsini eşitmək istədiyi halda zəng edə bilməyənlərdən, “gəl” deməyə qüruru imkan verməyənlərdən, bir insanın yoxluğuyla barışmayanlardan. Gecələr hamı yatanda keçmişi düşünən, xatirələrlə danışan insanlardan yazardım.

Yazar olsaydım. bəlkə də ən çox susan insanlardan yazardım. Çünki bəzi insanların danışmağa sözü çoxdu, yalnız güvəndiyi biri yoxdur.

Mən yazar deyiləm., amma insanların səssiz ağrılarını hiss edən biriyəm. Bəlkə də yaza bilmədiyim bütün bunlar içimdə qalır. Və bəzən düşünürəm ki, insan yazar olmasa belə, yaşadıqları ilə bir kitabdır. Sadəcə hər kəs o kitabı oxuya bilmir.

İlham Tağıyev, Moskva
05.09.2026