20 Yanvar – Müsibətin bu YanıVar


 Bakının ən hündür yerindən boylanır 20 Yanvar. Bir zamanlar Bakının «fatehiymiş» kimi o  yüksəklikdə qərar tutmuş  Sergey Mironoviç Kirovun qoyulduğu yerdən. Mistik, ya deyil. Amma tarix sonradan olacaqları bu ya digər şəkildə əvvəlcədən xəbərmi verir desəm, ya buna zəminmi yaradır? Mistikaya  bax, deyirəm, sadəcə.

 Bir zamanlar o yüksəkliyə heykəli qoyulmuşun adını daşıyan Kirovabad (Gəncə) şəhərindənəm. Zamanın yanlışlıqla ucalığa qaldırdığı, adıyla abadlaşdırıldığı sanılan şəhərdən. Paradokslara da gəbədir tarix. Abadını bərbad edər, ucaltdığın yerdən aşağılayar səni…

Özümüzü özgələşdirib adıyla calaşdırar, soyadımızı ovlar və sonunda ər meydanından bizi qovlar… Bunun fərqinə vardığımız  ANDI o gecə. Və ANDIMIZ oldu.

Bəlkə 20 YanVar olmasaydı…  O YanVar ya var, ya yoxdu… Amma bu hayqırış, bu oyanış olacaqdı… 

Uzun illər keçib, 35 olduğunu belə ağlım almır. Əminəm ki, hamı elə düşünür. Çünki hər il eyni acı, eyni qəzəblə anırıq, lakin keçmirik. 

Qaraldı o gecə…  Qana bələndi o gecə. QARA Yanvar, Qanlı Yanvar dedik. Azadlıq meydanında köləsi olduqlarımız tərəfindən sinəmizə tuşlanmış topun, tüfəngin qabağından qaçmadıq. O gecədən biz Ölərək Sağ çıxdıq. İki milyonluq şəhər Sağlarını Başı üstünə qaldırıb bizə yuxarıdan baxanı o gecə bərqərar olduğu yerdən aşağıya endirdi. 

Xatirlərdə və xatirələrdə, bir də  o zamanın imkanı çərçivəsində çəkilən şəkillərdə tarixin yaddaşına hopan 20 Yanvarı biz belə tanıdıq.

Mənə 20 Yanvarı bir zamanlar yenə o Kirovun adını daşıyan Azərbaycanın ən nüfuzlu Universitetinin (S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti) BDU-nun professoru rəhmətlik Əliş Nəbilini yarası və yaralı xatirələri tanıtdı. (O gecə evində gülləyə tuş gəlmişdi-red.T.V.).

Mən 20 Yanvarı hələ tələbəykən çalışdığım AzərTac-ın fotomüxbiri İlqar Cəfərovun çəkdiyi unikal şəkillərdən və onun söhbətlərindən tanıdım (çəkdiyi fotoşəkillər dünyanın ən nüfuzlu mükafatlarını alıb-red.T.V.). 

O gecəyə şahid olmasam da, sonu abadla bitən şəhərin və digər ellərimizin birlik olaraq axına qovuşub selə döndüyünü gördüm. Və selin qarşısını heç bir qüvvə kəsə bilməyəcəkdi, bilmədi də ertəsi gün.

Yaşananlar yaşanmalıydımı? Bu sualın cavabını, o gecənin cavabdehlərini  hələ də axarırıq… 

 35 il… Düşünməyə bilmirsən. Məsələn, İlqar və Fərizənin doğulmamış körpəsinə həyat haqqı tanınsaydı… 

Adını bildiyimiz və bilmədiyimiz neçə-neçə insanın həyatına son qoyacaq o ATƏŞ əmri verilməsəydi… 

O ATƏŞ bizi yandırdığı qədər də alovlandırıb bir  araya topladı. O Müsibətin bu YANıVar olduğu unuduldu. Yaşananlar yaşanacaq. Keşkə yaşanmasaydı- deyirik sonradan. Amma  Tarix hesabını «keşkə»lərə buraxmaz, «keşkə»lərlə üzləşdirər, hesablaşar. 

Biz  tarixdən dərsimizi aldıq, hesabımızı da bu günkü Azərbaycanın təməlini qoymaqla sorduq! 

20 Yanvar- Müsibətin bu Yanı da Var!

Tünzalə Vəliqızı, Moskva
20 Yanvar, 2025-ci il