TÜNZALƏYƏ (VƏLIQIZINA) MƏKTUB


Salam. Bu gün Azərbaycan jurnalistikası yaranmasının ildönümüdür. Ömrünü bu sahəyə sərf edib təmənnasız bu peşənin fədaisi olmağı qəbul etdiyinə görə Səni təbrik edirəm.

Ən azından təskinlik nöqtəsi budur ki, dəbdəbəli şəraitini, bahalı maşınlarını çılız, amma pullu adamların ayaqqabılarını silməklə qazanıb  bu peşənin adını yerlərə atanlar Səni və Sənə bənzərləri çəkə bilmirlər. Hətta gözünün içinə baxıb ötkəm danışsalar da hər dəfə içdən titrəyir, bu arzuolunmaz görüşün bir an əvvəl bitməsinə tələsirlər.

Əslində bu gün Azərbaycan mətbuatı xalqa ziya çırağı yandıran və özü də onun şamı kimi əriyən Həsən bəy Zərdabinin ideallarına ləkədir. Çünki durumuna ayna tutacagı cəmiyyət başdan-ayağa saxtalıq, hiylə, ehtikarlıq, möhtəkirlik, əxlaqsızlıq, haqsızlıq, dələduzluq- müxtəsər, cinayət məcəlləsində qarşılığı cəza məsuliyyəti olan nə varsa, hamısının tüğyan elədiyi bir səhnədir. Bəzən bədbinləşməyək deyirik. Bu bizim ölkəyə münasibətimizdən çox, özümüzün buna tablamaq üçün öz immunitetimizi bir az da olsa saxlamaq cəhdimizdir. Biz heç bir mənəvi haqqı olmadan Azərbaycanın cəmdəyinə daraşmış zəliləri, gənələri, çaqqalları, kaftarları, goreşənləri görə-görə haqq etdiyini almayan qaziləri, əlilləri, şəhid ailələrini, nəhayət, özümüzü seyr etməyə məhkumuq. Bu bayram günündə (buna bayram demək nə qədər doğrudursa) əhvalını pozmaq düzgün deyil əslində. Amma ilk və yeganə görüşümdə rəhmətlik Bəxtiyar Vahabzadədən eşitdiyim ifadəni təkrar edim: “Biz Azərbaycan üçün belə müstəqillik istəmirdik”.

Biz mübariz də ola bilmədik, Mübariz də. Olub-bitənlərlə müticəsinə barışmaq da üzüaşağı gedən yoldur ki, dayanacağı az və çətin olur. Möhkəm ol!

Cəfər Sadıq,
22.07.2023

CƏFƏR (SADIQ) MÜƏLLIMƏ CAVAB

Salam. Cəfər müəllim, üslubunuz, xitabınız, ifadə tərziniz  heyrətamiz və möhtəşəmdir!  Yanğı var, qəzəb var, barışmazlıq var, üsyan var, təəssüb var, təəssüf var… Bu varlar  yox olan dəyərlər, gözümüz önundə sönən (söndürülən) ocaqlar, solan ümidlər, yarı yolda qalan arzular və daha nələrin  məcmusudur. Və məncə, bu gün  kiçikləşdirilib, cılızlaşdırılıb hər kəsin taptaq edəcəyi yer  halına gələn, gətirilən Bu ünvan-naşı qələminin adiləşdirdiyi qədər bəsitlikdən uzaq Yüksək bir Məqamdır! Dərinindən bixəbər dayazlar anlamaz!!!

Yazdıqlarınız qarşısında deyəcək tək bir kəlmə yoxdur. Güman, nağüman bildirən bütün yardımçı ifadələri bir araya yığsam belə yardımçı ola bilməyəcək qədər imdadın(m)a yetməz! Çüniki, Təsdiqlər  inkar edilib, inkar edənlər də özünütəsdiq yolunda yarışa girib. Bu bir savaş olsa, tək qazananı olacaq ümidiylə,  toz-duman çəkiləndən sonra aydınlaşacaq  hər şey- nəticəsinə varardım. Amma…  Bu. sadəcə daha çox yox etmək, bitirdiyini  itirmək marafonudur,  nə yazıq ki…

Günü Aydınladanların günündə günümü bir daha aydınlatdınız!

Gününüz mübarək Qələmin müqəddəsliyini bir daha xatırladan Jurnalist! Həsən bəy Zərdabinin Əsl  varisi olan, Əsil Adam!

Tünzalə Vəliqızı,
22.07.2023
Moskva


Bir cavab yazın