AMAN, TELLO
(Bir NOVRUZun tarixi)
Araz üstə, buz üstə, Tello,
Kabab yanar köz üstə, Tello.
Qoy məni öldürsünlər, Tello.
Bir alagöz qız üstə, Tello.
Hamınızın bayramı mübarək olsun! Evinizdən, elimizdən-obamızdan bayram əhval-ruhiyyəsi əskik olmasın. Min illərdən bəri canımıza, qanımıza hopmuş, yaşamaq eşqimizi ayaqda tutan, sabahımıza ümid şəfəqləri saçan bayramınız mübarək!
Novruz xalqımızın ən sevimli bayramıdır və aydınlarımız onun tarixi, mənşəyi haqqında bir-birindən dəyərli tədqiqatlar aparmış, onun nəcib, ülvi xüsusiyyətlərindən bəhs etmişlər. Mənsə bu gün sizlərə çox fərqli bir Novruzdan söhbət açıram. Amalı, məqsədi fərqli olan bir Novruzdan.
35 il keçir. 1990-cı ilin qanlı yanvarından bir il sonra. Ötən ilin Novruzu qara gəlmişdi. Bu bir il təkcə bizim kənddə yox, Azərbaycanın hər qarışında, hər daxmasında, hər şəhərində dəhşətli kabus kimi dolaşır, insanları ümidsizlik quyusuna sürükləyir, hər kəsin çöhrəsində hüznlü qırışlar salırdı. Qarabağ faciəsinin yaraları təzəydi, haqlı olduğumuz yerdə günahkar durumuna salınmışdıq. İrəlidə bizi daha böyük faciələrin gözlədiyini bilmirdik.

Böyük qardaşım İmranın 37 yaşı vardı 1991-ci ildə. Kəndin ən sevimli, çılğın, şən cavanlarından idi. Yaranmış vəziyyət, təbii ki, hamı kimi onu da qayğılandırırdı. Təbiətən nikbin olan İmran hər il kənddə hər ailənin öz çərçivəsində, məhdud imkanları ilə keçirdikləri Novruz şənliklərini bu il başqa səpkidə–xalqın hüznünü aradan qaldırmaq üçün qeyd etməyə qərar verir. Zəngin mütaliəsi, el qaydalarını, Novruz ənənələrini, xalq oyunlarını yaxşı bilməsi bu qərarını çin eləməyə yardımçı olur. Xüsusi rejissorluq təhsili olmasa da ilin əvvəlindən hazırlıqlara başlayır. Ailə üzvlərindən və kənddə ürək qızdırdığı cavanlardan (düzü, ürək qızdırmadığı cavan yoxdu kənddə) bir neçəsini məsələdən hali edərək hərəsinə bir iş tapşırır. Atlılar və idmançılar üçün qırmızı libas hazırlanır. Kənd qız-gəlinlərinin hamısına kəlağayıları sandıqdan çıxarmaq, nənələrin hamısına sacları təmizləmək, yaşlılara bildikləri xalq oyunlarının qaydalarını xatırlamaq xahiş olunur. Özü doxsanıncı illərdə hələ tam unudulmamış kəndirbazlar qrupu ilə danışır, Şəkinin ən məşhur zurnaçılar dəstəsini, biz tərəflərdə az rast gəlinən saz aşıqlarını dəvət edir. Kəndin yuxarı tərəfində çılpaq təpələrin yaxasındakı meydana mağar qurulur. Öküz kəsilir, qazanlar asılır.

1991-ci ilin mart ayının 21-də Oğuz-Yevlax-Şəki yollarının qovşağında Alaqapı deyilən yerdən hələ əcnəbi modelləri görməmiş yolla son aylarını yaşayan SSRİ dövlətinin məhsulu olan otuza yaxın Jiquli, Moskviç, Volqa, Villis maşınlarından ibarət karvan qırmızı libaslı atlıların və xalçalarla bəzədilmiş Qaz-51 maşınındakı zürnaçılar dəstəsinin müşaiyəti ilə kəndə yol alır. Bu dəbdəbə (zurnaçıların böyük maşınla kəndə gəlməsi) 1991-ci ilə qədər də mövcud idi. Fərq burasında idi ki, adətən aşıqlar (saz aşıqları nadir hallarda gəldiyinə görə kənddə zurnaçılara da aşıqlar deyirdilər) kəndə 2-3 kilometr qalmış müsiqi səsləndirməyə başlayar və cəmi bir-iki maşınla müşaiyət olunardılar. İndi isə karvan 7-8 kilometr məsafədən təntənə ilə gəlirdi.

Şükürlər olsun ki o möhtəşəm günün sevinc dolu hadisələri lentə alınıb. O filmdəki insanların xeyli hissəsi indi haqq dünyasındadır və bəlkə də çoxunun yeganə rəsmi, görüntüsü elə həmin videodadır. O gün baş verənlərin hər anı bir tarixdir, amma elə məqamları da var ki, dünyanın ən istedadlı rejissorları belə o təbiiliyi təkrarlaya bilməzlər. Məsələn, o qırmızı libaslıların hər biri bir gənc pəhləvan kimidir, aralarında ən seçiləni mamam (bibim) oğlu və sinif yoldaşım Mustafadır.

Qız-gəlinlər xonçalarla, səmənilərlə rəqs edəndən, yalli gedəndən sonra meydanı kənd pəhləvanlarına verirlər. Otuz iki kiloluq daşları tək barmaqları ilə qaldırma, daşların ikisini bir dəfəyə qaldırma və bu kimi ilk baxışda bəsit görünən fəndləri nümayiş etdirdikdən sonra Müstafa meydanın ortasında arxası üstə uzanıb daşın birini qarnının üstə qoyur və digər pəhləvan da başqa daşla o daşın üstündən vurmaq istəyəndə ağbirçəyimiz Əfruz mamam meydanın ortasına fırlayıb Mustafanı şillələməyə çalışır ki, dur ayağa. Nə deyəsən, ana ürəyi! İkinci epizod ürəkləri daha da titrədir. Peşəkar kəndirbazlar müxtəlif nömrələrlə camaatı feyziyab edir, yalançı pəhləvan yerdə gülməli hərəkətlər və lətifələrlə uşaqları güldürür. Sonra kəndin orta yaşlı nəslindən olan qıvraq Səfər də vaxtilə kəndirbaz ustaların yanında şəyird olduğunu yada salaraq əlinə taraz ağacını alıb tarım məftilin üstünə çıxır. Kifayət qədər də uğurlu çıxış edir. Nömrəsini bitirmək istəyəndə bir anlıq büdrəyir, əlindəki ağacı buraxıb yıxılmamaq üçün kəndirdən (məftildən) sallanır. Ətrafdakılar nə olduğunu anlayana qədər Səfərin az yaşlı qızı qaçaraq gəlib sanki onu saxlaya biləcəkmiş kimi ayaqlarından yapışır…

Son vaxtlar unudulmuş dirədöymə oyunu xüsusi coşqunluq yaradır. Məsləhətçilər kəndin yaşlılarıdır. “Dəli Kür” filmindəki Növruz bayramlaşması səhnəsindən güçlü səhnələr yaşanır desəm yalan olmaz. Əsil kənd üsulu yerdən qazma ocaqların üstündəki saclarda kənd ağbirşəklərinin bişirdiyi yuxa, əzəmətli samovarlarda qaynayan cay, toy məhləsində-meydanında əlləri çubuqlu toybəyləri, milli geyimdəki kənd gözəlləri, cavanların şıdırğı, ahılların ağır rəqsləri əsil bayram havasına köklənib. Zurnaçılar dəstəsini aşıqlar əvəz edir. Atlılar meydanın ortasında improvizə maneələrin üstündən adlayır, gənclər qurşaq tuturlar.
Yazını “Aman Tello” adlandırmağımın və əvvəlində o xalq mahnısının ilk bayatısını verməyim də əbəs deyil. Bildiyiniz kimi, bu xalq arasında çox sevilən mahnını hələ 1908-ci ildə korifey sənətkarlarımız Cabbar Qaryaqdıoğlu və Keçəçioğlu Məhəmməd böyük ustalıqla ifa etmiş, sonra gələn məşhur xanəndələrimiz də onu yeni çalarlarla rövnəqləndirmişlər. Yağı düşmən isə “Sarı Gəlin” mahnısına, “Arşın mal alan” komediyasına sahib çıxmaq istədiyi kimi “Aman Tello”nu da öz adlarına çıxmağa cəhd edirdi. Qardaşım İmranın ən çox sevdiyi və bütün şənliklərdə onun sədaları altında, ritmi ilə rəqs elədiyi hava da bu idi. Unudulmaz sənətkarımız Adil İsgəndərovun “Mehman” filmində “çal mənim havamı—Heyvagülü” dediyi kimi hələ erməni işğalı fitnəsindən çox əvvəl hər toy məclisində İmran da ortaya gələndə “çal mənim havamı—Aman Tello” deyərdi. Torpaqlarımız işğal olduqdan sonra o daha gec-gec və çox hüznlə oynayardı. Uşaqlıqda sağ qolundan aldığı ciddi zədə üzündən könüllü cəbhəyə getməsinə izin verməmişdilər. Doxsanıncı illərin başlanqıcına kimi sevimli, nəşəli rəqs havamız olan “Aman Tello” qardaşım dünyasını dəyişəndən sonra bizim ən hüznlü havamıza çevrildi.

Nə atam, kəndimizin ağsaqqalı Ələmdar Abbasov, nə də onun böyük oğlu İmran Qarabağda şəhid olmadılar, amma hər ikisi doğma yurdlarından didərgin düşmüş, xalqın ağır vəziyyətinə tab gətirməyib əbədiyyətə qovuşan yüzlərlə insan kimi Qarabağ şəhidi oldular. Atam ilk infarkt yarasını Qarabağda şəhid olmuş qonşumuz Məhərrəmin nəşini altı bacının “əlindən alanda” almışdı. Altı bacı qardaşın üstünə yıxılıb heç kəsi yaxına buraxmır. Kənd adamları “Ələmdar dayı, bu qızlar Sizi eşidər,–deyirlər.—Qoy izin versinlər, aparıb dəfn edək”. Atam danışırdı ki, mən yaxınlaşıb qızları daha da yaralamadan, ay bala, çəkilin—dedim, qoyun son mənzilə yola salaq. Altı bacı eyni vaxtda geri çəkildi və mən gözümün qabağında böyüyüb boya-başa çatmış bu cəngavər oğulu görəndə sanki beynimdə şimşək çaxdı. Belə oğulu verməzlər ki, keçdi ağlımdan. Sonra el adəti üzrə namaz qılındıqdan sonra şəhidi çiyinlərində qəbiristanlığa aparırlar. Atamın yaşıdı qonşumüz Mehralı dayı deyir ki, şəhidə yaxınlaşdığı andan Ələmdarın halının dəyişdiyini gördüm, ona görə də yanından ayrılmadım. Məzarlığa gedən yolu yarılamışdıq ki, birdən büdrədi, qolundan tutdum. İnfark vurmuşdu. Qardaşım isə sonralar xərçəng xəstəliyinə yaxalandı və Qarabağın azad olunmasını görmək ona da nəsib olmadı.

Yazının bayram əhvallı olmağını çox istərdim. Bunun üçün ən böyük səbəb də torpaqlarımızın azad olmasıdır. 44 günlük müharibədə tarix yazmış şəhidlərimizin ruhu bü gün bizimlədir. Qazilərimiz, əsgər və zabitlərimiz, rəşadətli ordumuz bu günü gerçəyə çevirmək üçün möcüzələr yaratdılar. Bu günün yaxınlaşmasında, insanlarımızın mənəvi ruhunun əzilməməsində cəbhədən uzaqda onlara ürək-dirək verməyə çalışan minlərlə həmvətənimizin də xüsusi xidməti var. Bu bayram günündə şəhidlərimizin ruhuna rəhmət oxuyur, xalqımıza firavanlıq, könül xoşluğu, doğma Azərbaycanımızın daim çiçəklənməsini arzu edirəm!
Cəfər Sadıq,
Moskva, 20 mart 2026-cı il
