Fəlakətin Əsiri


   Əsrin Fəlakətindən  bir il ötür

Düz bir il əvvəl 2023-cü il Fevralın 6-da Türkiyəni  fəlakət  oyandırdı. İki böyük zəlzələnin ardından  yaşanan fəlakət  dünyanı ayağa qaldırdı. Yaxın-uzaq haraya qoşdu. 11 regionu əhatə edən təbii fəlakətdə 53 min 537 insan həyatını itirdi. Şəhərlər, kəndlər yerlə yeksan oldu. 

Müsibətlər insanları yaxınlaşdırır. Türkiyədə dövlət və millət  «Bir ürək» olaraq soydaşlarına yardım etmək üçün səfərbər oldular. Bu gün də Fəlakətin Əsiri olan insanların yaraları sarılmaqdadır.

Sarılır da… Amma…

İl ötdü, yaşananlar ötməyəcək. Yarımçıq həyatlar, solğun bənizlər, acılı dərdlərə ünvan olan ürəklər…

Anlatmağa söz çox, amma  anladacaq cəsarət yox. Dinləyəni göynədən hekayənin danışanının halı təsəvvüredilməz qədər acıdır, ağrılıdır. 

Yaşananlar yaşamayanların bitməmiş hekayəsinin kulminasıyasıdır. Bundan sonrası yoxdur, elə  kulminasiyada qalır. Ardını yazmağı təxəyyülə buraxın. Ya da qolu-qanadı qırılmış yarımçıq ailələrin ruhu şikəst varislərinin yazacaqları gündəliklərə, məktublara…

O hekayələrin ilk cümləsi…

Bir anda sanki yer yarıldı…
Bir anda hər şey alt-üst oldu…
Bir anda… 

Həyatımız dəyərini bilmədiyimiz  «bir anların» toplusudur… 

O gun fevralın 6-da bir anda saat da durdu. Zamanı göstərmədi.

«Sanki»lərlə qurulan cümlələr gerçəyin özüydü. Yer də yarıldı, dünya da dağıldı… Ellər, obalar yerin altında qaldı. Qurtulanlar da, qurtarılanlar da oldu, çox şükür. Həyat bir şəkildə qaldığı yerdən davam edir-deyirlər. Çox həyatlar elə qaldığı yerdə qırılıb qaldı. Hər birinin hekayəsinin ilk cümləsi qırıqdır. Qırıq-qırıq cümlələrlə danışırlar. 

Və hər biri fiziki olaraq burada olsalar da, ruhən aramızda deyillər.

Bir gecədə bütün uşaqlarını itirən ata-ana: «Görənlər düşünürlər ki, yaşayırıq, amma biz onlarla ölmüşük»-deyirlər.

Bir qızcığaz  valideynlərinə məktub yazır. Onların arzusunun daşıyıcısı olacağına söz verir məktublarında. 

Bir ailəni bütünlükdə dəfn edən yaxınları, yarımçıq hekayənin davamı olaraq, oğlu mühəndis olacaqdı, qızı həkim, balaca hələ balacaydı-deyir bir onu bilmədik… Sanki bilsəydi hekayə tamamlanacaqdı…

Mən də tamamlaya bilmirəm fikrimi. Toplaya bilmirəm özümü. Təbiətin yaşatdığına sözüm yoxdur. «Bir müsibət min nəsihətdən üstündür»- dərsini təkrarladır. Bunda da bir hikmət var deyirsən. Lakin  insan təbiətinin insanlığa yaşatdığı faciələr bitmədikcə, fəlakətlərin əsiri olacağıq. Hekayələrimiz də yarımçıq…

Tünzalə Vəliqızı, Moskva
6 fevral 2024-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir