Güllədən gülə, “təpik”dən “çəpi(k)”yə


Güllədən gülə, “təpik”dən “çəpi(k)”yə

Nəfəsin üzümə dəymir nə vaxtdır,
Əllərin qapımı döymür nə vaxtdır,
İntizar qalmışam gör bir nə vaxtdır,
Yaman darıxmışam səninçün, Ana!

M. İsmayıl

Bu günün məndə oyatdığı təəssürat  Məmməd İsmayılın hər birimizin həsrətini dilləndirib, gönül simimizdə  səsləndirdiyi  sətirlərdi.

 O getdi və dünyanın bu gününün sevincini  özüylə apardı. Erkən oyanmaq, onu məmnun etmək səbəbimi  də əlimdən aldı.

Bu bayramın  dəfələrlə  tarixinə, təqviminə endim yazılarımda. Qara gününə güllə atıb  güllərlə boyanmasına qədər keçən yoldakı enişindən, yoxuşundan  keçdiklərini bildiyim qədər anlatdım da, anladım da.

Bu günün tarixini adına möhürləmiş “Dikaya Klara”  (Vəhşi Klara) kimi tanınan Setkini bir yana qoyaq. Gəlin etiraf edək, bilən ya bilməyən fərq etməz,  bu gün sadəcə Ananı bir gün haqqı olan taxta oturtmaq günü olub. İllər ərzində qulluğumuzda durana tək bir gün ayırıb  qulluq etmək, gününü gözəlləşdirmək dəmi olub.

Zərif, incə bir az da zəif anlamında, süsü-bəzəyi abır-həya, utancaqlıq, qısıq səs, yaşmaqlı gülüş, aşkarı gizlilik, sirlilik olan Sehrli QADIN!

Füzuli eşqiylə  “Məndə olan aşikar, sənsən, Mən yoxam, yox, ol ki, var sənsən”- deyə içimizə keçən QADIN!

Əmrimizə amadə, xoş sözlərə aludə…
Mərifət, mərhəmət timsalı..
Namus, qeyrət mücəssəməsi..
Gününə üsyan edən, tarixi  əbədiləşdirən…

Hələ Klaranın üsyanına qədər Beyrəyin Banuçiçəyi, Koroğlunun Nigarı, Nəbinin Həcəri…ydin, QADIN!  

Mənim Anamdın!

1993- cü ilin sonu. Hər yanda komendant saatı. Ölkə bir savaşın içindəydi. Xaoslu günlərdə kürəyindən qəfil kor gülləyə tuş olmuşdu. Gəncədəki 3 saylı xəstəxanaya aparmışdılar. Güllə onurğa sümüyünə ilişib qalmışdı. Həkimlər riskli yerdədir, güllə hərəkət edə bilər… Sonu -hər şeyə hazır olun- deyib əməliyyat etməyə tərəddüd edirdilər…  Tələbəydim, dərsdəydim  deyə xəbər verməmişdilər mənə. Ona görə  gec xəbər tutdum anamın vəziyyətindən. Qaçaraq xəstəxanaya gəldim. Ağrıdan qışqırırdı. Səsi  travmatologiya  şöbəsini başına götürmüşdü. Mən də səsimi onun səsinə qatıb özünü yerlərə vurdum. Eşitdi. Qapını açın üzümü görsün-deyə xahiş edib həkimdən.  Mənə baxıb gülümsədi və “yaxşıyam,  qorxma,-ölməyəcəyəm, sadəcə qışqıranda ağrı qorxur qaçır”-dedi. O an ölümlə üzüzəydi. Amma… yenə mənim ağlamağımı istəməmişdi. Və ölməyəcəyinin vədini vermişdi. Neçə ölkələr gəzdirdik, neçə əməliyyatlardan keçdi və yaşadı. Mən mənə verdiyi-bizə verdiyi söz üçün yaşadı-deyə düşünmüşəm hər zaman!

Ana olmaq, güclü olmaqdı! Olmayanı oldurmaqdı. Ölümə meydan oxumaqdı, bəzən.

İllər ərzində bu barədə danışmadım. Vədəsi yetişmədiyinə mən qərar vermirəm.

Onurğa sütununa dəyən gülləni əslində qadınların  duruşuna, davranışına tuşlananla eyniləşdirdim. O kimə tuşlandığı  bilinməyən qəfil kor güllə orada qalsaydı ya öləcəkdi, ya da ömürlük hərəkətsiz qoyacaqdı. Şanslı idi mənim Anam. O gülləyə yenilmədi. Hərəkət də etdi.

Bizi hesaba almadan bizə biçilən  yaşam ölçüsü  Anamın onurga sütununa qəfil tuş gələn güllə kimidi. İllərlə qadının dik duruşuna xələl gətirib onu ifliç edən güllə kimi həm də. Çıxartsan  ən yaxşı ehtimalda şikəst olacaq, çıxartmasan da öləcək…

Hüquqsuzluq, süni törələrin, adətlərin qadına yasaq etdiyi, qəlibə salıb əlini-qolunu bağladığı normalar da eyniylə  belə zədələdi qadınları.

Qərbin Klaraları- əməyi istismar olunan, hüquqları tapdalanan qadınlardı. Bizimkilər-Şərq qadını  Cəfər Cabbarlının qadın adlarından götürülən hekayələrindəki kimi hər zaman onlar üçün norma olanları bir azacıq aşsan-cəzan ölümdür qorxusuyla –hüququ əlindən alınanlardı.

Kimə görəsə qadın olmaq bu yasaqlardan keçirdi.

Amma kimə görə, nəyə görə? Bunun cavabını insanlıq hələ də axtarır. Tapdığını düşünürsünüzsə…

Göyə qalxdıq, göylərə qaldırıldıq. Hüququmuzu bu və ya digər şəkildə bərpa etdirdik, etdik. Güllə atılmaqla başlayan gün gül-lə başa çatıbsa… Bu günün hökmünü qadınlar verirsə, dünən atası, qardaşı, əri əlini qaldıranda gözüqıpıq baxan, təpiklənən qadın bu gün geniş arenalarda çəpiklə (alqışla) qarşılanırsa hər şey normaldır. Lakin hər şey norma deyil.

Normal inormalar tərs düşən yerdə cavab heç zaman müsbət olmur.

 Dünyanın daha yaşanmalı yer olması üçün üzünün ismətini, ərinin hörmətini, özünün nisbətini ayırd etməyi bacaran QADINları qoruyaq! ANAları qoruyaq! Hər günü(nüz) Bayram olsun! Mübarək gün Olsun!

Tünzalə Vəliqızı, Moskva
8 mart 2026-cı il