İRANMI VİRAN OLUR, İRANI VURANMI?
Bitmədi, tükənmədi bu ixtişaşlar. Bu ilin də baharı həyəcan təbilinin gurultusu altında gəlir. Bəndəniz siyasət elminin naşısı olsa da, əlhəmdülillah, görən gözü, eşidən qulağı, ələlxüsus görüb-eşitdiyini heç olmasa görünən qədər təhlil edə bilən fəhmi var. Bizdən çox-çox uzaqda (hərçənd indiki zamanda “uzaq”, “yaxın” ifadələri cılız anlam daşıyır, o başqa məsələ) okeanın o tayında müstəqil, özünün bildiyi anlamda öz yağında qovrulan bir ölkə var—Venesuela. Bu ölkənin yenə özündən asılı olmayan böyük “qüsuru” –həddindən çox neft ehtiyatı var. Əhalisi və başçıları bu sərvətin xalqı necə “ağ günə” çıxardığını İraq adlı dövlətin timsalından bilmiş olsalar da köçüb getməyə yerləri olmadığından beləcə ömür sürürdülər. Ta dövlət başçısının zövcəsi ilə bərabər öz yataqlarından… oğurlandığı günə qədər. Nə imiş? Yenə okeanın o tayında, Şimali Amerikada özünü dünya dümokratiyasının keşikçisi sifətində görən birilərinin ölkəyə demokratiya gətirmək istəkləri varmış. Dedim axı, siyasətlə mən əks qütblərdə fırlanan mövhumlarıq. Ona görə də bu “ver ölkənin başçısını namusu ilə bərabər, al əvəzində (ala bilsən) demokratiyanı” alverini heç qanammadım. Elə ona qədər də bu “keşikçidən” gözüm su içmirdi, sonrası məni öz qənaətimdə daha da əminləşdirdi. Belə ki, sözügedən keşikçi (bir arayışsız keşikçini tanımaq çətin olacaq: İndi ikinci dəfə dövlətin başına gəlmiş bu “keşikçibaşı” zamanında öz dövləti ilə nə az-nə çox, 44 dəfə məhkəmə çəkişmələrində olub!) okeanın o tayı ilə kifayətlənməyib növbəti dəfə kürreyi-ərzin tən ortasına, qızmar bölgəyə demokratiya gətirmək xülyasına düşüb. Həm də son illərdə təkcə əlləri yox, təpədən-dırnağa bütün vücudu günahsız körpələrin qanına bulanmış biri ilə əlbir olaraq.
Bu dəfə demokratiya alacaq ölkə püşkü İranın payına düşüb. Yenə haşiyədə deyim ki, İran rejiminin günahları göydəki ulduzların sayını geridə qoyacaq qədərdir və bəndəniz o rejimə süddən çıxmış ağ qaşıq kimi baxmaq niyyətindən uzaqdır! Söhbət rejimin necə olmasından getmir, ona edilən müdaxilənin məğzindən gedir. Bu “keşikçi” indi də 80 milyonluq ölkənin liderlərini ailəlikcə qətlə yetirdi. Nə imiş? İran nüvə silahı hazırlamaq niyyətindəymiş, İran İsraili yer üzündən silməklə hədələyirmiş, “miş” də “miş”… Hər cəngin əvvəlində xəyalpərəstlərin “düşməni üç saat içində, üç gün içində təslim etmək” arxayınlığı durduğuna görə bombalar, raketlər İran xalqının başına, məktəblərin üstünə yağış kimi yağmağa başladı. Üç gün keçdi, çox qanlar töküldü, “demokratiya qılıfına geydirilmiş işğalçı xoruzun” quyruğu qızarmağa başladı. İran xalqı gözlənilən parçalanma yerinə kənar müdaxiləyə qarşı birləşdi və “hərb istəyirsiniz, alın bu da sizə hərb” deyə İsraili “ütüləməyə” başladı. Bu gün gəlinən durum (unutmadınızsa Deyingən siyasətçi deyil, hərbçi heç deyil!) “keşikçi” və onun “qaqaşının” Avropa ölkələrinə işə müdaxilə etmək çağırışlarından ibarətdir. Almaniya “bu davada biz yoxuq” təpkisi verdiyi kimi, digər ölkələrin də məqsədi bəlli olmayan savaşa qoşulmaq istəmədikləri tablosu göz önündədir. İndi Deyingəni düşündürən bir sual var: Bu mübarək Ramazan ayını dünyanı lərzəyə salmaqla yaddaşlara yazan “keşikçi” və onun “qaqaşı” məğlub olacaq, yoxsa əsas “günahı” “nüvə silahı və demokratiyasızlıq” deyil, zəngin neft sərvətləri və İran körfəzinə nəzarət edə bilmək olan İran?
Cəfər Sadıq,
Moskva, 16 mart 2026-cı il.
