KÖHNƏ DOST
Qarabağın ağrısını duymayan varmı? Olmasına inanmıram. Amma hər kəs bu ağrını bir cür yaşayır. Ağlayanı var, sızlayanı var, fələyi qınayanı, ümidsizliyə qapılanı var. Bir də bu ağrıya məlhəm axtaranlar, yaraları sarıyanlar, insanlara ümid verənlər, gecəsini gündüzünə qatıb yoxdan var etməyə çalışanlar var; səsimizi kar qulaqlara çatdırmağa, viran edilmiş cənnətimizi vicdanı kor olanlara göstərməyə qeyrət edənlər var. Belə insanlardandır Umud Mirzəyev.
Adətdir (xüsusən bizim tərəflərdə!) – haqqında söz demək istədiyin adamı oxucuya, dinləyiciyə, tamaşaçıya təqdim edəndə onları əvvəlcədən müsbət ovqata kökləmək üçün həmin adamın titullarını sadalayırlar. Əslində, bunda qınanılacaq bir şey yoxdur. Təbii ki, insanın bu ana qədər qazandığı nailiyyətlər, təhsilinə və xidmətinə verilən qiymətlər, cəmiyyətdə tutduğu yer dinləyicidə rəğbət yaradır. Bəs adamın titulu, dərəcəsi, rütbəsi, vəzifəsi yoxdursa, yaxud təqdim edən şəxs bu xüsusiyyətləri bilmirsə? Onda təqdim olunan adam “oyuna” mənfi xalla başlayır.
Mən Umud Mirzəyevi titulsuz, dərəcəsiz təqdim etməyə qərar verdim. Bunun əsas səbəbi onun bütün titullarını bilməməyim və mənim üçün bu titulların olub-olmamasının elə bir əhəmiyyət daşımamasıdır. Çünki o, mənim üçün qeyd-şərtsiz nüfuz sahibidir. Məhz nüfuz! Savad da qazanılır, vəzifə də tutulur (çox hallarda alınır), sərvət də toplanır. Amma bunların hamısı bir yerdə olsa belə, nüfuz qazanmağa kifayət etmir. Nüfuz elə bir dəyərdir ki, bazarda satılmır, rüşvətlə alınmır, dayının hikkəsinə tabe olmur. Onu Yaradan yalnız seçilmişlərə nəsib edir. Umud da o seçilmişlərdəndir.
…Tanışlığımızın yaşı qırxı haqlayır. Görüşlərimizin sayı isə bundan xeyli azdır. Moskvada tanış olub isnişmişdik, dünyanın düz vaxtında. Tədbirlərdə görüşürdük, ədəbi məclislərdə bəzən şeirlərini dinləyirdim. “Bəzən” deyirəm ona görə ki, o, heç vaxt özünə “şairəm” deməzdi; Moşu Göyəzənli kimi saçını yolmaz, qafiyə tuta bilməyənlərə yuxarıdan baxmazdı. Təkid ediləndə bir şeir oxuyar, ondan əvvəl və sonra oxunan şeirlərdən daha sanballı olsa da, başqalarının yazdıqlarını tərifləyərdi. Elə o vaxtdan bu cəhəti diqqətimi çəkmişdi. “Şairəm” deyənlərin çoxu “burada mənəm, Bağdadda kor xəlifə” iddiasında olduğu halda, Umud heç kimə xoş sözü əsirgəməzdi.
Yaxından tanıdıqca mülayimliyin və xoşrəftarlığın onun ayrılmaz xüsusiyyətləri olduğuna əmin oldum. Bir də yardımsevərliyi. Gücü çatsa da, çatmasa da, ehtiyacı olanın yükünün altına girməkdən çəkinməzdi.
Tale bizi – eyni ölkənin paytaxtında yaşayan iki həmyerlini – iki ayrı dövlətin paytaxtında yaşamağa məhkum etdi və Umudla görüşlərimizin seyrəkləşməsi də bu səbəbdən oldu. Sonra Qarabağ faciəsi başlandı və Umudun əsl məziyyətləri də məhz o zaman üzə çıxdı. Fəlakətin bütün mərhələlərini öz gözləri ilə görən, doğma torpaqlarını itirən (şükürlər olsun ki, müvəqqəti), o gülzar vətənin yad tapdağı altında qaldığını bilən, yaxınlarını, doğmalarını itirən, bir ömürdə bir neçə dolğun ömür yaşayan Umud, düşmənin viranəyə çevirmək istədiyi Qarabağın sülh göyərçini missiyasını üzərinə götürdü.
Xalqımızın otuz ildən artıq çəkdiyi məşəqqətləri dünyaya çatdırmaq yolunda Umudun fəaliyyətini sadalamaqda acizəm. Onun işi göz qabağındadır. Əminəm ki, bu fəaliyyət yaxın gələcəkdə vətənpərvər tələbələrin diplom işi, dissertasiya və tədqiqat mövzusu olacaq.
Umuddan danışarkən bəzən təəccüb edirəm ki, gördüyü işləri bir günə, bir aya, bir ilə necə sığışdırır. Bakının ən müqəddəs məkanlarından birində – Şəhidlər xiyabanının yaxınlığındakı iş yerinə gedəndə adamı elə bir heyrət, dəhşət və fəxarət hissi bürüyür ki, bilmirsən vəhşiliyin miqyasına, çiçəyi burnunda fidanların şəhid olmasına yanmaqmı, igidlərimizin qəhrəmanlığı ilə qürurlanmaqmı, yoxsa otuz il ərzində yorulmadan sülhə və qələbəyə aparan yolda fədakarlıq göstərən, dünyanın vicdanlı insanlarını işğal olunmuş torpaqlarımızla, öz yurdunda qaçqın-köçkün düşənlərin taleyi ilə tanış edən bir eloğlunun əzminə, səbrinə və qeyrətinə heyran qalmaqmı lazımdır.
Sonuncu görüşümüz (inşallah, hələ çox görüşə ümidliyəm!) keçən ilin may ayında oldu. Lənkərandan Bakıya gələndə zəng edib görüşmək istədiyimi dedim və vaxtı olsa, bir yeri birlikdə ziyarət etməyi təklif etdim.
– Hara gəlim? – dedi.
– Sən gəlmə, – dedim, – biz gəlirik (dostum Rza ilə birlikdə idik).
– Gözləyirəm, – dedi.
Bir azdan görüşdük. Mərhum dostum, ağsaqqalımız, diplomat və tədqiqatçı Ramiz Abutalıbovun məzarını ziyarət etmək istədiyimi bildirdim. Dərhal göstəriş verdi:
– Maşını hazırlayın, operator da bizimlə gəlsin.
İkinci Fəxri xiyabana getdik. Ramiz Abutalıbovun, təyyarə qəzasında həlak olmuş milli qəhrəmanlarımızın, Qənirə Paşayevanın və digər dəyərli şəxsiyyətlərin məzarlarını ziyarət etdik, qərənfillər qoyub ruhlarına dualar oxuduq.
Bu epizodu ona görə xatırlatdım ki, Umudun şəxsiyyətinə bir ştrix əlavə edim. Sanki günlər öncədən bu ziyarətə hazırlaşırmış kimi idi.
Dost dediyin təkcə tez-tez görüşüb hal-əhval tutduğun, məclis və tədbirlərdə bir yerdə olduğun adam deyil. Dost həm də nadir hallarda görüşsən belə, varlığını hər zaman yanında hiss etdiyin, lələyi yandırılanda simurq quşu kimi köməyinə yetən insandır.
Umud Mirzəyev mənim tilsimli lələyi yanımda olan köhnə dostumdur. Onun varlığı Qarabağın, ölkəmizin, vətənimizin sərvətidir. Ömrünün uzun, uğurlarının isə daha bol olmasını arzulayıram!
