Sükutun Ortasında: Anar, Elçin və Ədəbiyyatın hüznü…


ANAR HAQQINDA KƏDƏRLİ BİR YAZI…

Gültəkin abidələrindəndir: “Zamanı Tanrı yaşar, insanoğlu hep ölmək üçün var…”

Yazıçı Elçin dünyasını dəyişdi. Azərbaycan ədəbi mühitinin parlaq simalarından idi. Hələ gənclik illərimdə “Azərbaycan” jurnalında onun “Ölüm hökmü” əsərini çox böyük bir acgözlüklə oxumuşdum, sarsıdıcı bir motivi var idi əsərin. “Vətən” cəmiyyəti, “Odlar Yurdu” qəzeti, Cümhuriyyət qurucuları, mühacir soydaşlarımız haqqında yazılar hamımızın sarı siminə toxunurdu.

Elçin yaddaşımda daha çox, hələ uşaq ikən atasıyla nənəsinin arasında M.Ə.Rəsulzadənin ölüm xəbərini pıçıltı ilə eşitdiyi səhnə ilə: Kişi ölüb, xatirəsi ilə daha çox qalıb. Təbii ki, Elçinin şöhrətli olmasında ən böyük pay sahibi atası İlyas Əfəndiyev idi, eyni zamanda. Azərbaycan dram ədəbiyyatının son mohikanıydı İlyas Əfəndiyev.

Elçinə münasibət cəmiyyətdə də haçalanırdı. Çünki toplum sevdiyi yazıçını yazdığı əsərlərdəki qəhrəmanlar kimi görmək istəyirdi. Çox təəssüf ki, bu ədəbiyyatda nadir hallarda baş verir. Azərbaycan şair və yazıçıları nədənsə fərd olaraq unikal olurlar, amma məsələ vətəndaşlığa gəlincə passivdirlər, iqtidardan asılıdırlar və çox vaxt xalqın yanında olmaqdansa, oturduqları vəzifə kreslolarına daha sadiqdirlər. Bu şakər bir türlü dəyişmir ki, dəyişmir.

Yazıçı Anarın Elçinin vida mərasimindəki hönkürtüsünü göz yaşlarımla izlədim. Uzun ömürlü olmaq əlbəttə yaxşıdır, amma Anar ən yaxın dostu ilə vidalaşarkən yaşadığı uzun ömrü taleyin cəzasına bağladı. Çünki Elçindən başqa dostu qalmadı, az qala onunla həmyaş olan bütün dostları Anarın çiynində getdi. Ağırdır…

Sosial şəbəkə hətta bu vida mərasimində uşaq kimi kövrələn Anara yenə qəddarlıq etdi – qarğışın biri bir qəpik. Elə bil hər kəs unudur ki, Anara yaşadığı ömrü Tanrı biçib. Cəfər Cabbarlının dəyişkən deyimi ilə:

Ölmək… O geniş körpüdən hər kəs keçəcəkdir…

Bu Anarın suçu deyil. Bu qədər qəddar olmaq, inanın, Tanrıya da xoş getməz. Zatən tək qalan Anar bu ömürə taleyin cəzası damğasını vurdu – ən səmimi halıyla.

Anarı zaman-zaman ən sərt tənqid edənlərdən olmuşam və bu fikirlərimdən imtina etmək niyyətim də yoxdur. Amma insanlıq halıyla, ən yaxın dostu ilə vidalaşarkən hönkürən Anarı buraxın, öz duyğularıyla baş-başa qalsın. Bunu ən gözəl – başını artıq çiyninə qoya bilmədiyin dostun olmayanda idrak edirsən.

Mərhəmə toxunmazlar, düşmən belə olsa…

Yazıçı Elçinə Tanrıdan rəhmət diləyirəm. Nur içində yatsın.

Məhəmməd İSRAFİLOĞLU, Almaniya