VAQİF ASLAN- Hürufizm postsufizm hadisəsi kimi


Giriş

Hər bir millətin tarixi pillələr tarixidir – hadisələr, enmələr və qalxmalar, inkişaflar və evolyusiyalar fonunda inanclar, etiqadlar, məzhəblər və, təriqətlər tarixidir desək, yəqin ki, daha doğru olar. Bizim bəxtimizə düşən  və talemizə yazılan türk-müsəlman  dünyagörüşü, heç şübhəsiz ki, o ilkin pillələrdən qalxa – qalxa gəlib bu günkü günlərə çatmışdır.

VII əsrin sonlarından başlayaraq XIII-XIV, hətta, bəzi yerlərdə XV əsrə qədər davam edən və indinin özündə də davam etməkdə olan islamlaşma prosesi təkcə türk-islam dünyasının deyil, bütövlükdə və qlobal səviyyədə həm də qeyri-islami dini-ədəbi-fəlsəfi düşüncənin inkişafına  təkan vermişdir.

Müsəlman aləmində VIII əsrdə yaşamış və ilk dəfə “sufi” deyə çağırılmış şəxs Əbu  Haşim Kufəi olsa da, onun müasiri Bəlxli Əbu İshaq İbrahim ibn Alp Təkin (925-966) sufiyanə həyat tərzi keçirərək hakimliyindən  və var-dövlətindən imtina etsə də (Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Səh. 28.), ilk sufilərdən biri sayılan Rəbiə əl-Ədaviyə (713/718-801) adlı bir qadın “Mən mövcudluğumdan çıxdım, öz-özümün içindən çıxdım, Allahla birləşdim, bütünlüklə onun oldum” (Bax. Y.E.Bertels. Sufizm i sufiyskaya literatura. S.18. Moskva, ”Nauka”, 1963)  deyə özünü, “Allahım, əgər mən səni cəhənnəm qorxusuna görə sеvirəmsə, məni odda yax. Əgər  səni cənnət arzusu ilə sеvirəmsə, məni ondan məhrum еt. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadət еdirəmsə, o görüşü məndən əsirgəmə”  (Bax. Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Səh. 6-7) deyə yaşamının mənasını ifadə etsə də,  ərəb aləmində Zünnun Əl- Misri (?-854), Əbu Abdullah əl-Mühasib (IX əsr), Bəyazid Bistami  (?-874), Həllac Hüsеyn ibn Mənsur (858-922), Cünеyd Bağdadi (820-910) və başqaları  sufi təlimin banisi hesab edilsələr də (Bax. ASE, IX c. S.91. Bakı,1986),   türk aləmində islam dininin Qaraxanilər (840-1212)  dövründə 932-ci ildə dövlət səviyyəsində qəbul edilməsindən sonra  sürətlə inkişaf etməyə və yayılmağa başlayan  türk-islam sufizmi təsəvvüf ədəbiyyatını və fəlsəfəsini daha da zənginləşdirdi.

Hələ X-XI əsrlərdə Əbu Rеyhan Biruni 973 –1048)  və  Abdulkərim Kuşeyri 986 – 1072) öz araşdırmalarında “təsəvvüf” sözünün ərəbcə “saf” və ya “suffə”, yaxud da “yun” anlamına gələn “sofi”, “sofist” və ya “sufi” sözlərinin cəm şəkli olan “sofiya”, yaxud “sufiyə” sözlərindən törədiyini deyil, yunan mənşəli “feylesof” (“hikmətsevər”, “bilgin”)  sözündəki  “sof”, “sofos”  və ya “sofiya”  tərkibindən gəldiyini (Bax. Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm.   Bakı, “Nurlan”, 2007. Səh. 9.; Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. S.236.)  göstərmişlər.

Təsəvvüf  fəlsəfəsinin təməlində tək varlıq və ya vəhdəti-vücud, təcəlli, əyani-sabitə, eşq, insan və əxlaq nəzəriyyələri (Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997, s.239) durur.  İslami dövrdə yaranan türk  dini-mifoloji və təsəvvüf ədəbiyyatı məhz  bu dayaqlar üzərində qurulmuşdur. Beləliklə, başlanğıcın öncəsi, sonsuzluğun sonu olan Allahın birliyini, ilahi sifətlərini tərənnüm edən tövhidlər, Allahın qüdrəti qarşısında insanın acizliyini və heyrətini yalvarışlar və niyazlar şəklində ifadə edən minacatlar yarandı.  

Sufilərin yaratdığı istər dini, istərsə də dünyəvi ədəbiyyat “təsəvvüf” (ona “irfani” və “ürfani” də deyirlər) ədəbiyyatı adlanır. O özünəməxsus düşüncə tərzinə əsaslanır. Orada “eşq”, “sevgili”, “dost”, “şərab”, “məclis”, “sərxoş” sözləri rəmzi-simvolik məna daşıyır. Təsəvvüf ədəbiyyatının təməlində “tək varlıq”, “vəhdəti-vücud”, “təcəlli”, “əyani-sabitə”, “eşq”, “insan” və əxlaqi nəzəriyyələr durur.

Sufilər üçün iki hal vardır: fəna və mütləq fəna. Mütləq fənadan insan Allahdan başqa hər şeydə fanilik görür, onun varlığı ilə özünü var bilir. Avropa Şərqşünaslığında “fəna”nı “nirvana”  ilə bağlayanlar da vardır. Buddizm isə vahid . (Bax. Z.Məmədov. göst.əsəri, Sufi təriqətləri və fəlsəfi poeziya, s.114) Allah ideyasına yaddır.  

           1.Fəzlulah Nəiminin həyatı və “Cavidannamə”  əsəri haqqında

Həyatı

“Hürufizm” nəzəriyyə və dini – fəlsəfi dünyagörüş kimi Fəzlullah Nəiminin (1339-1394)  adı ilə bağlıdır. Nəimi şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) hicri-qəməri 740- miladi 1339-cu ildə anadan olmuşdur. Onun təvəllüd tarixinin internet səhifələrində 1338-ci və ya yuxarıdakı portretdə olduğu kimi 1340-cı il kimi qeyd olunduğunu da görürük.  Mükəmməl təhsil alsa da, həyat onu çox sıxmış idi. Həddi-buluğa çatdıqdan sonra  papaqçılıqla məşğul olmuşdu. O, hicri-qəməri 771 –miladi 1369-cu ildə İsfəhana,  hicri-qəməri 775 – miladi 1373-cü  ildə isə Məkkəyə səfər etmişdi.  Hicri-qəməri 788 – miladi 1386-cı ildən Əmir Teymurun (1336-1405)  Şimali Azərbaycana gəlişindən etibarən öz təriqətini yayamağa başlamışdır.  8 ildən sonra hicri-qəməri 797- miladi 1394-cü ildə Əmir Teymurun  üçüncü oğlu Miranşahın (1366-1408) əmri və ruhanilərin  fitvası ilə Şirvanda həbs edilmişdi. Fəzlullah Nəimi Şirvanda həbsdə olarkən “Cavidannamə” (“Əbədiyyət haqqında”) əsərini yazmışdır. Onun daha bir əsəri də vardır ki, “Növnamə” adlanır.Bu əsər onun Suriyadan Orta Asiyaya qədər etdiyi səyahətlərdən, Bakıda, Nişapurda, Mazandaranda, Sufiyanda və Xarəzmdə olmasından danışır. Bu əsərin bir məziyyəti də ondan ibarətdir ki, orada onun son otuz ildə gördüyü yuxular da yer tutur. Yuxularından birisi haqqında belə yazır:

… mən gördüm ki, əlimdə par-par yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, bir neçə üsyan olacaq. Bu üsyan sözündən sonra bir neçə dəfə Astrabadlı Fəzl sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi.  Digər bir yuxusu haqqında isə belə yazır: “Cəmadi-əl-ülya ayında çərşənbə gecəsi Borucerddə belə bir yuxu gördüm ki, bir axsaq adam bir nəfəri ardımca göndərib ki, məni edama aparsın… Mən gördüm ki, o, aparıb məni öldürdü, ancaq onu da gördüm ki, mən sağam. Düzdür. Doğrudur”.

 Bir ayrı  yuxusunda isə “bir dərvişin son nəfəsində onu yanına çağırıb artıq təlimini yaymaq vaxtının çatdığını söləməsindən” bəhs edir. Yuxudan ayılandan sonra Fəzl doqquz ardıcılını yanına çağırır, gizli saxladığı təlimini onlara açıqlayır. Onlardan dördü Fəzlə daha yaxın olduğundan təriqət sirlərini dərindən bililərmiş. Aşağıdakı şeirdə bu haqda deyilir:

Həyatı

“Hürufizm” nəzəriyyə və dini – fəlsəfi dünyagörüş kimi Fəzlullah Nəiminin (1339-1394)  adı ilə bağlıdır. Nəimi şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) hicri-qəməri 740- miladi 1339-cu ildə anadan olmuşdur. Onun təvəllüd tarixinin internet səhifələrində 1338-ci və ya yuxarıdakı portretdə olduğu kimi 1340-cı il kimi qeyd olunduğunu da görürük.  Mükəmməl təhsil alsa da, həyat onu çox sıxmış idi. Həddi-buluğa çatdıqdan sonra  papaqçılıqla məşğul olmuşdu. O, hicri-qəməri 771 –miladi 1369-cu ildə İsfəhana,  hicri-qəməri 775 – miladi 1373-cü  ildə isə Məkkəyə səfər etmişdi.  Hicri-qəməri 788 – miladi 1386-cı ildən Əmir Teymurun (1336-1405)  Şimali Azərbaycana gəlişindən etibarən öz təriqətini yayamağa başlamışdır.  8 ildən sonra hicri-qəməri 797- miladi 1394-cü ildə Əmir Teymurun  üçüncü oğlu Miranşahın (1366-1408) əmri və ruhanilərin  fitvası ilə Şirvanda həbs edilmişdi. Fəzlullah Nəimi Şirvanda həbsdə olarkən “Cavidannamə” (“Əbədiyyət haqqında”) əsərini yazmışdır. Onun daha bir əsəri də vardır ki, “Növnamə” adlanır.Bu əsər onun Suriyadan Orta Asiyaya qədər etdiyi səyahətlərdən, Bakıda, Nişapurda, Mazandaranda, Sufiyanda və Xarəzmdə olmasından danışır. Bu əsərin bir məziyyəti də ondan ibarətdir ki, orada onun son otuz ildə gördüyü yuxular da yer tutur. Yuxularından birisi haqqında belə yazır:

… mən gördüm ki, əlimdə par-par yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, bir neçə üsyan olacaq. Bu üsyan sözündən sonra bir neçə dəfə Astrabadlı Fəzl sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi.  Digər bir yuxusu haqqında isə belə yazır: “Cəmadi-əl-ülya ayında çərşənbə gecəsi Borucerddə belə bir yuxu gördüm ki, bir axsaq adam bir nəfəri ardımca göndərib ki, məni edama aparsın… Mən gördüm ki, o, aparıb məni öldürdü, ancaq onu da gördüm ki, mən sağam. Düzdür. Doğrudur”.

 Bir ayrı  yuxusunda isə “bir dərvişin son nəfəsində onu yanına çağırıb artıq təlimini yaymaq vaxtının çatdığını söləməsindən” bəhs edir. Yuxudan ayılandan sonra Fəzl doqquz ardıcılını yanına çağırır, gizli saxladığı təlimini onlara açıqlayır. Onlardan dördü Fəzlə daha yaxın olduğundan təriqət sirlərini dərindən bililərmiş. Aşağıdakı şeirdə bu haqda deyilir:

Sirlərin həmdəmi. Mürşüdün xas həmdəmi
Məcd, Kəmal Haşimi, Mahmud, Əbülhəsəni
Tap dördünü, öyrən onlardan sən hikməti.
Mürşüd kitabında yazmış bu vəsiyyəti.

 (Bax. Məhəmmədəli Tərbiyət.s.246)

M.Tərbiyətə görə, Fəzlullah Nəimini  hicri-qəməri 797-ci ildə deyil, hicri-qəməri 796-cı ildə zülqədə ayının 6-da, yəni 1394-cü ildə sentyabrın 2-də cümə axşamı Əmir Teymurun 3-cü oğlu Miranşah atasının tapşırığı ilə onu Şirvandan gətirib, o dövrün  ruhanilərinin hökmü ilə öldürmüş və ayaqlarına ip salıb, küçə-küçə sürüklətdirmişdir.  Onun qəbri Naxçıvanın Alançıq (M.Tərbiyət. göst əsəri, səh.246) kəndindədir. Bu qəbr Naxçıvanda, Culfa yolunun üstündə Əlincə qalasının gün çıxanındakı (Bax, R.Əliyev,“Cavidannamə” – monoteizmin dördüncü  kitabı səh 18) xanəgahdadır.

Fəzlullah Nəiminin edamından sonra hürufilik təlimi geniş şəkildə təbliğ edilməyə başlamışdır.

“Xəzineyi-gənci – ilahi” adlı əsərdə onun haqqında belə yazılmışdır. “Seyid Fəzlullah Əmir Teymurun müasirlərindən və təsəvvüf təriqətinin böyük şəxsiyyətlərindəndir. O,  bir sıra nadir elmlərdə, təsəvvüfdə və hikmətdə yüksək rütbəyə çatmışdır. Şah Fəzlullah cəfr (hərflərlə fala baxma) və ədad (ədədlər) elmlərinin əsası olan hürufiliyin sirləri haqqında tədqiqat aparmış, “Cavidani-Kəbir” və “Cavidani-səğir” (Bax.Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan,s.245-246) əsərlərini yazmışdır.

1369-cu ildə 19 yaşlı, Əbülhəsən adlı bir gənc İsfəhanda Nəimidən dərs almış, müridinin edamı zamanı oun 42 yaşı var imiş. O, hicri-qəməri 802-miladi1399-cu ildə Şah Fəzlullahın “Cavidannamə” əsərini nəzmə çəkmişdir. Aşağıdakı şeir (“Buradakı şeirləri İsmayıl Şəms və Qafar Kəndli tərcümə etmiş, şair Söhrab Tahir rəy vermişdir-Bax. M. Tərbiyət. Göst. əsəri. S.246) o əsərdəndir:

Fəzlullah Nəiminin edamından sonra hürufilik təlimi geniş şəkildə təbliğ edilməyə başlamışdır.

“Xəzineyi-gənci – ilahi” adlı əsərdə onun haqqında belə yazılmışdır. “Seyid Fəzlullah Əmir Teymurun müasirlərindən və təsəvvüf təriqətinin böyük şəxsiyyətlərindəndir. O,  bir sıra nadir elmlərdə, təsəvvüfdə və hikmətdə yüksək rütbəyə çatmışdır. Şah Fəzlullah cəfr (hərflərlə fala baxma) və ədad (ədədlər) elmlərinin əsası olan hürufiliyin sirləri haqqında tədqiqat aparmış, “Cavidani-Kəbir” və “Cavidani-səğir” (Bax.Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan,s.245-246) əsərlərini yazmışdır.

1369-cu ildə 19 yaşlı, Əbülhəsən adlı bir gənc İsfəhanda Nəimidən dərs almış, müridinin edamı zamanı oun 42 yaşı var imiş. O, hicri-qəməri 802-miladi1399-cu ildə Şah Fəzlullahın “Cavidannamə” əsərini nəzmə çəkmişdir. Aşağıdakı şeir (“Buradakı şeirləri İsmayıl Şəms və Qafar Kəndli tərcümə etmiş, şair Söhrab Tahir rəy vermişdir-Bax. M. Tərbiyət. Göst. əsəri. S.246) o əsərdəndir:

Fəzilət sahibi Fəzl məğlub oldu ğəzadan.
Nə dəmirin səsindən. nə qorxulu sədadan.
Qurandakı “Əlif”, “Lam”, “Mim”dən xəbər verir.
O buna görə də ona Rumi ləqəb verilir.
Bu məğlubiyyətə Fəzl o yerdə ki, uğradı
Yad ediləcək o yerin alçaqlıqda adı.
Dünya bu macəranı heç bağışlamayacaq.
Yad əmirlər o yeri alıb tapdalayacaq.
Zülqə’də, doxsan altı il olmuşdur o zaman.
Məğlub etmişdir Rumu bir zülmkar hökmran.
Yusifin itməsindən indi keçmişdir yeddi il.
Bu macəranın da axırı var, öyrən, bil.
Səkkiz yüzlə üçüncü il olmuşdur “Biz” ili
Dünyaya gəlmiş bu il pak, İsa nəfəsli
Ölüm Dəccal üçündür, qalmaz ondan bir əsər.
Cəlallı o Allahdan gəlmişdir bu şad xəbər.    

(Bax. M. Tərbiyət. Göst. əsəri. S.246)

Nəiminin müridi Əbülhəsənin “Cavidannamə”yə müqəddimə kimi yazdığı bu şeir parçasında Nəiminin İsa peyğəmbərlə eyniləşdirilməsinə və onun ölümsüzlüyünə işarə də vardır.

Cahanşah Müzəffərədin Həqiqinin (1397-1467) dövründə Nəiminin qızı və Yusif adlı bir şəxs  yenidən hürufiliyi yaymağa başlasalar da, təqib olunmuşlar. Onlara tərəfdar çıxanlardan 500 nəfəri öldürülüb yandırılmışdır. Aşağıdakı rübai Nəiminin  qızının dilindəndir:

Eşq mətbəxində yaxşını qoyub, pisi öldürməzlər.
Heyvanlardan arığını, görkəmsizini öldürməzlər.
Sədaqətli aşiq olsan, ölümdən qaçmamalısan. 
Bir heyvan ki, murdar olmuş, öldürüb yeməzlər.
           (Bax. M. Tərbiyət. Göst. əsəri, s.247)

Fəzlullah Nəimi isə qəsidələrindən birində  belə yazırdı:

O vaxt ki, məndə vücudun əsəri əsla yox idi.
Böyük Allahdan savayı heç kim dünyada yox idi.
O zaman da mən dirilik iddiasını edirdim.
Hələ də Məryəm nəfəsində İsa Məsiha yox idi.
          (Bax. M. Tərbiyət. Göst. əsəri, s.247)

Tədqiqatçılar arasında belə bir fikri ortaya atanlar da vardır ki, “Fəzlullah Allah – insan kimi İsanın təkrarıydı, onun edə bilmədiyi işi – dinləri birləşdirmək vəzifəsini tamamlamaq üçün zühur etmişdi. … Fəzlullah…  musəviləri, xristianları və müsəlmanları bir dində birləşdirib bütün dünyaya yaymaq niyyətində idi. …  Nəticədə Fəzlullah qətlə yetirilmiş,  hürufilik isə dünya dininə çevrilə bilməmişdir. Hürufilik qalib gələndən sonra bütün dünya bu məzhəbə gəlməli və “Adəmi” (Bax. R.Əliyev. Nəsimi və klassik dini üslublar, s. 37-38) adlanmalı idi”.

Hürufilərə görə “Allah gizli bir xəzinə olan varlığını aşkar etmək və özünü tanıtmaq üçün insanı yaratmış” (Bax. M. Quluzadə. Nəsiminin həyat və yaradıcılığı. Nəsimi, “Seçilmiş şeirləri” kitabına ön söz.S. 12-13) və onda təcəssüm etmişdir.  Hürufilərə görə, Allah Fəzlullahda təcəssüm etmişdi.

Hürufilik hərflərin  və rəqəmlərin müqəddəsliyi haqqında təlimdir. Onların fikrincə varlığın əsasını səslər təşkil edir.  Səslərdən söz əmələ gəlir, söz isə hərflərdən təşkil olunur. Buna görə də ərəb əlifbasının 28 hərfi müqəddəsdir və onlar insanın bədən üzvlərini ifadə edir. Budur, atomizm nəzəriyyəsinin banilərindən biri hesab edilən Demokrit (e.ə 460-360) sofistikanın bir qanadının təmsilçisi kimi təqdim edilir, onun 90 və ya 107 il (Bax.Makovelski, “Jiznь Demokrita”, göst əsəri, s.48) ömür sürdüyünü də deyirlər. O, dilin mənşəyi haqqında danışarkən hərəkətin əcdad dil olub zamanca səsli dilə çevrildiyini göstərirdi. Demokrit qrammatikanın atomistik sistem, nitqin “verba et nomina”dan (“feillər və isimlər”dən), hecaların səslərdən və hərflərdən ibarət olduğunu göstərir, səs və hərfi kompleks anlayış kimi (Bax.Makovelski, “Qrammatika”, göst əsəri, s.162) götürürdü.

Hürufilər üçün rəqəmlərin müqəddəsliyinə gəldikdə isə deməliyik ki, artıq Nəimiyə qədər Demokrit 1800 ildən çox idi ki pifaqorçuların təlimini dini-mistik, dini-mənəvi təlimdən sırf fəlsəfi təlimə çevirmişdi. Demokrit vahidi və təki (1 rəqəmini), o cümlədən, nöqtəni varlığın əsası sayırdı. Nöqtə hərəkət etdikcə xətti, vahid isə artdıqca var olanları (çoxluqları-V.As.) əmələ gətirir deyirdi. Gövdə riyazi nöqtələrdən ibarətdir deyən Demokrit riyazi abstraksiyanı riyazi reallığa (Bax.Makovelski, “Demokrit i pifaqoreytsı”, göst əsəri, s.176-178) çevirmişdi.

Məsələnin ən maraqlı cəhəti ondadır ki, Demokrit Fəzllulah Nəimidən 1799 il qabağa dünyaya gəlsə də, Antik yunan müəlliflərindən Qorqinin (e.ə.485-380), Diogen Laersinin (m.s. 180-240), Strabonun (m.ö.63- m.s.24), antik Roma müəlliflərindən isə Klavdi Elianın (m.s. təx.170- 222 və ya 224) əsərlərində Demokritin Qədim Şərq ilə yaxından tanışlığı qeyd olunur. Onun Midiya maqlarının təlimini dərindən öyrəndiyini bir çox başqa müəlliflər də yazırlar. Ilkin maq təlimlərində atomizm düşüncəsi hakim idi. Gözəgırünməz xırda zərrələrin xəstəliyə və ölümə səbəb olması Demokritin düşüncələrinə təsir edirdi. “Avesta”da öz əksini tapan “xeyirxah fikir” (“humata”), “xeyirxah söz” (“hukhta”), “xeyirxah əməl” (“hvarshta”) triadası Demokritin etik, əxlaqi və mənəvi görüşlərinin əsasını təşkil edirdi. Demokritin ölümü ilə bağlı olan bir əhvalat daha çox maraqlıdır. Çünki bu hadisə Tesmofori günlərinə təsadüf etmişdir. O, doğmalarının bayramı yasa çevrilməsin deyə bir neçə günlüyə əcəldən macal almışdır. Belə ki, ölüm mələyi ona yaxın düşə bilməsin deyə Demokrit isti təndir çörəyini iyləyə-iyləyə durmuşdur. “Maq təlimi”nə görə cinlər və iblislər isti çörək ətrindən (Bax.Makovelski, “Demokrit i drevniy vostok”, s.190-191) qaçırlar.   

Qədim Yunan və hind fəlsəfəsi  təlimləri ilə bağlı olan  hürufilik (M.Quluzadə, göst. əsəri.səh 13) daha dərin mahiyyət daşımağa başlamışdır.  Orada ancaq insan və yaradan vardır. Sufilərə görə təsəvvüf  şəriətdən başlayıb, təriqətdən və mərifətdən keçərək həqiqətdə sona yetir.  Təsəvvüfün əvvəli elm,  ortası əməl, axırı ilahi vergidir.

Sufi ədəbiyyatda “məhəbbət” (“əl-məhəbbə”), “ünsiyyət” (“əl-üns”), “yaxınlıq” (“əl-qürb”) geniş şərh edilir (Bax. Z.Məmmədov. göst.əsəri, səh.114) və məhəbbətin sonu eşqdir. Sufilərə və hürufilərə görə, “aşiq məşuqa eşqi ilə çata bilər, məşuqu eşqinin qədərincə görə bilər.

“Cavidannamə”nin Türkiyə türkcəsinə tərcüməsi, əslində, hicri 1048 – miladi 1639-cu ildə Dərviş Mürtəzaya  məxsusdur.  Tərcümə Osmanlı türkcəsi ilədir. O, tərcüməni “Dürri-Yetim” adlandırmışdır. Həmin tərcümə 2012-ci ildə Fatih Usluər tərəfindən Türkiyə kitabxnalarında  saxlanılan “Cavidannamə”nin  4 nüsxəsinin müqayisəli şəkildə araşdırılması ilə İstanbulda kitab şəklində çap etdirilmişdir.

Qeyd: Nəiminin “Ərşnamə” əsərinin 1420-ci ildə Amiloğlu adlı bir hürufi tərəfindən  Türkiyə türkcəsinə tərcüməsinin də 2009-cu ildə Türkiyədə nəşr edilməsi Fatih Usluərin adı ilə bağlıdır və Osmanlı məmurları içində Əli Əmiri (1857-1924) 1500-ə qədər hürufi mətni toplayıb (Bax.Rəhim Əliyev. “Cavidannamə”, s.11) kataloq hazırlamışdır.  Hürufiliyin vətəni olan Azərbaycanda  və Türkiyədə  Fəzlullahın Allah-İnsan kimi tərənnüm edilməsi küfr  sayılmışdır.

1908-ci ildə Klement Huart  (1854-1926) hürufi  mətnlərini sufi mətnlərindən fərqləndirmiş, fransız dilində çap etdirmişdir.

Azərbaycan  mühitində “Cavidannamə”  ilə ilk tanışlıq dr.prof. Rəhim Əliyevin vasitəçiliyi ilə mümkün olmuşdur. “Bir olan Allahı bir az fərqli təsəvvür edən” və  nəticədə qətl edilən hürufilərin  “məzhəb tarixi-əqidə şəhidliyinin tarixi” sayılan “Cavidannamə”nin  Türkiyə türkcəsinə tərcüməsinə istinad etməklə dr.prof. Rəhim Əliyevin  çapa təqdim etdiyi “Cavidannamə” araşdırması  Fatih Usluərin 2012-ci  il İstanbul Kabalçı Yayınevi nəşrinə əsaslanır. Bunu “Cavidannamə”nin Azərbaycan dilində ilk araşdırılması kimi qiymətləndirmək lazımdır. R.Əliyevin fikrincə “bəşərin tarixi Allah axtarıcılığı tarixidir… “Cavidannamə” insan ağlının möcüzəsidir və onda  psixoloqlar üçün daha çox iş qalır. Bu, nadir bir fikir və öznüdərk (Bax. R.Əliyev. Göst. əsəri, s.7-8) yoludur.

“Cavidannamə”ni  monoteizmin 4-cü kitabı hesab edən  dr.prof. Rəhim Əliyev “bu kitab, formal yanaşsaq, Quranın şərhidir” (Bax. R.Əliyev. “Cavidannamə”, s.14) qənaətindədir. R. Əliyevin “Cavidannamə”yə “Quran’i Kərim”in  hürufi təlimi baxımından şərhi və təfsiri kimi yanaşma fikri ilə razılaşmaq olar. 1639-cu il Dərviş Mürtəza tərcüməsindən Çinarə Nüsrətlinin Azərbaycan türkcəsinə uyğunlaşdırdığı “Dürri-Yetim”dən (“Cavidannamə”dən) bir neçə məqama diqqət etsək, görərik ki, tərcüməçi Dərviş Mürtəza “Cavidannamə”ni “Quran’i Kərim”dən gətirdiyi sitatlar əsasında necə qiymətləndirir:

1. Adına “Cavidannameyi-Fəzli-Yəzdani” (“İlahi Fəzlin əbədiyyət  kitabı”-  “Cavidannamə”si) deyirlər ki, elmin əvvəli və axırı bu ilahi kitabda zahirə çıxarılmışdır…, « Qeybin açarları (Allahın) yanındadır.  … Allah suda və quruda nə varsa bilir. …  Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda – lövhi-məhfuzda (“Ən’am”-“Mal-qara”-6,59) olmasın!”…

2…. Bu Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır” (“Baqara”-“İnək”-2,1-2) ayəsinə uyğun olaraq bu kitab sirləri kəşf edən, əzəldən əbədəcən Haqq  yolunda olanların mürşidi və müttəqilərin yol göstərəni İlahi Fəzli-Yəzdanın (Yəzda-zərdüştilikdə xeyir allahıdır-V.A.) yadigarıdır.

3. «Əməlsiz elm meyvəsiz ağaç kimidir. Elmsiz əməl yağmursuz bulud kimidir». Buna görə də əməlsiz elm günah, elmsiz əməl isə zəlalət kimidir deyən Dərviş Mürtəza «Zalımların üstündədir Allahın lənət yazısı» (“Ə’raf”- “Cənnətlə Cəhənnəm arasındakı sədd”-7,44) və “Allah xainləri sevməz” (“Ənfəl”-“Qənimətlər”-8,58) ayələrinin hökmünə uyğun olaraq, … Həqq-Təala bu sirri bildirmək üçün Adəm əleyhissəlamı xəlq eylədi….

4. Allah: “Ey İblis! Mənim qüdrətimlə yaratdığıma səcdə etmənə nə mane oldu? Iblis dedi ki, məni atəşdən yaratdın, onu isə torpaqdan» (“Sad”-“Sad hərfi”-38,73-76). Şeytan bilmədi ki, torpaqda ilahi kəlimələr aləminin qabiliyyəti var və bu qabiliyyəti Həqq-Təala suya, havaya və oda verməyib.

 Qeyd: Torpağın səsi yaddaşına yazmaq, ötürmək, danışa bilmək və s. qabiliyyətləri burada görün ki, necə açıqlanır-V.A.

5. Cümə günü Adəm əleyhissəlamın yarandığı gündür. : «Biz insanı ən gözəl şəkildə yaratdıq» (Tin-Əncir-95,4). İlahinin kitabları Adəmin üzündə aydınlaşdı və parladı. Haqq-Təala özünün cəmi yazısını Adəmin surəti üzərinə yazdı…  

6. Cənnətin qapısı ki, «Genişliyi göylərlə yer arası qədərdir (“Əl-İmran”-“İmran ailəsi”-3,133), Adəmin surətində təzahür edir və buna görə də bütün huri və qılmanlar Adəm və Adəm kəliməsi şəklində görünürlər. Necə ki, buyurulub: «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmazlar» (“Duxən”-“Duman”, “Tüstü”-44.56) və özlərini ən böyük taxtın üzərində  …  hiss edərlər. «Elə üzlər var ki, o gün … Rəbbinə baxacaq» (Qiyamə-Qiyamət-75.22-23), çünki Adəm və Adəm övladının sifəti surəti-rəhmandır…

7. Həqq-Təala ona insan surətində təcəlla eylər ki, Həqq-Təalanın otuz iki kəliməsinin surəti olsun. Beləcə, cənnət əhlinin surətində Adəm əleyhissəlamın həmin bu iyirmi səkkiz və otuz iki kəliməsinin aləmi vardır. O cəhətdən ki, bunların hamısı otuz iki ilahi kəlimənin məzhəridir. Üç yüz altmış dərəcədə bölünən, amma iyirmi səkkiz və otuz iki kəlimənin cəmi olan səma bürclərinin hamısı Həqq-Təala tərəfindən Adəm və Adəm övladlarına pərəstiş etməyə yönləndirilmişlər. Adəm övladı onların yaxınlığına yetişdiyindən bunlar da ilahi kəlimə ədədincə bölünmüşlər.

“Cavidannamə”ni Adəmin ilahi statusunu qəbul edən kitab kimi dəyərləndirmək də mümkündür. “Cavidannamə”nin Fatih Usluər tərcüməsi 299 bab (fəsil), 537 səhifədir.

“Cavidannamə”nin farsca orijinalı və Azərbaycan türkcəsindəki tərcüməsi hələlik işıq üzü görməmişdir. Dr.prof. R.Əliyevin Azərbaycan dilində nəşr etdirdiyi “Cavidannamə” türkcə tərcümədən çıxarış şəklində olub, üç fəsildən ibarətdir.

“Cavidannamə”nin I fəsli “Kəlimeyi-ilahi ehkamı” adlanır və 6 hissədən ibarətdir: 1.Otuz iki kəlimeyi-ilahi ehkamı” (səh.20-24). 2.”Kəlimeyi-ilahi ehkamı” (s.24-32). 3.”Küll-i kitabət-i ilahi allahın əsas sifatı və cavidanlıq qapısı kimi” (32-39). 4.”Yuxu-allah yazısının və maddi həyatın tərkibi kimi” (s.39-42). 5.”İsim və müsəmmanın (adlanmanın və adlandırılmanın) eyniyyəti” (42-53) . 6.”Sözlə ruhun eyniyyəti” . (53-55)

“Cavidannamə”nin II fəsli “Adəmin allahlığı ehkamı” adlanır və 4 hissədən ibarətdir: 1.“Adəmin xilqəti haqqında ehkam” (57-62). 2.”Adəmin ərş  (maddi dünya) kimi şəkillənməsi ehkamı” (62-65). 3.Kitabda Fəzlullahın özü barədə işarələr. İnsani-kamil” ehkamı Allaha qayıtma yolu kimi” (65-73) . 4. “Həzrəti-Əhədiyyətin (Həzrəti-Vahidliyin) şəkillənmə xassəsi”. Zat u sifatın eyniyyəti” (73-78): a) “Adəmin Həzrəti-Əhədiyyətin surətini əks etdirməsi” (78-86), b) “Adəm və Məhəmməd” (86-90), c)”Adəm və İsa Məsih” (90-95), ç)”Fəzlullah Həzrəti-Əhədiyyətin növbəti sifatıdır. Ixtilafları dəf edib, vəhdət yaratmaq üçün gəlmişdir (95-105)”.

“Cavidannamə”nin III fəsli “Dil, Yazı və kitab haqqında” adlanır və 3 hissədən ibarətdir: 1.”Semiotik anlayışlarla səsləşmələr”(107-111), 2.”Sözün işarəvi və idraki potensialı” (111-123) , 3. “Hərflərin və yazıların ilahiliyi və qeyri-ilahiliyi” (123-125)  

2. Hürufizm postsufizm hadisəsi kimi və nsanın daha da sakrallaşdırılması

Sufizmin davamı kimi  meydana çıxan hürufizm nəticə etibarı ilə islami əsaslara dayanan düşüncə tərzi idi. Lakin onu təkcə islami görüşlərlə izah etmək istəyi çox vaxt  orta əsr islamşünaslarını dolaşıq və səhv nəticələrə gətirib çıxardığından  Həllac Hüsеyn ibn Mənsur və Fəzlullah Nəimi (1339-1394) kimi şəxsiyyətlərin edamına, İmadəddin Nəsimi (1369-1417) kimi dühaların dərilərinin soyulmalarına səbəb olmuş, “İşraqilik” (“Aydınlaşma”) təliminin banisi Şihabəddin Yəhya Sührəverdi (1154-1191) isə yunanlardan, buddaçılardan, məcusilərdən bəhrələnməkdə (Bax. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Səh.73.) təqsirləndirilmişdir.  Əlbəttə ki, verilən bu hökmlər doğru və haqlı hesab edilsəydi, müsəlman aləmi edama məruz qalan sufilərin və hürufilərin məzarlarını edamlarından dərhal sonra  ziyarətgaha çevirməzdi -V.A.

Müsəlman aləmində olduğu kimi xristian aləmində də yaddaşını toz basmış qaragüruh Danteni (1265-1321) “Ağ qvelflər”ə qoşulduğu üçün qiyabi olaraq yandırılmağa (1302) məhkum etmiş, o da cəzadan yayınmaq üçün ömrü boyu qaçqın həyatı keçirmişdi.

Atası  “Ağ qvelflər”ə xidmət etdiyi üçün Petrarka (1304-1374)  mənsub olduğu ailə ilə birlikdə 1302-ci ildə Florensiyadan Arezzoya sürgün edilmişdi.

Torqato Tasso (1544-1595) 1581-ci ildə yazdığı “Yerusəlimin azad edilməsi” şeiri ilə məşhurlaşmış, xristianlar və müsəlmanlar arasındakı münasibətləri real lövhələrlə təsvir etdiyindən dini təqiblər nəticəsində əqli pozuntular keçirmiş, ruhi xəstəxanada dünyasını dəyişmişdi.  

Cordano Bruno (1548-1600) filosof, rahib, astronom, astroloq Kopernik tezislərinin tərəfdarı olduğu üçün Roma Katolik Kilsəsinin İnkvizisiya məhkəməsinin qərarı ilə üzünə dəmir maska keçirilərək diri-diri yandırılmışdı.

 Astronom, fizik, mühəndis, filosof və riyaziyyatçı Qalileo Qaliley (1564-1642) Günəş  mərkəzçiliyi və Kopernikçiliyin tərəfdarı kimi 1615-ci ildə inkivizisiya məhkəməsində soruşturulmuş, sonra da “İki böyük dünya sistemi haqqında dialoq” kitabında düşüncələrinə haqq qazandırdığı üçün Papa VIII Urban və onun tərəfdarları tərəfindən etibarsız elan edilmiş, həyatının qalan hissəsini ev dustagı  olmağa məhkum edilmişdi.  

Bütün bu hadisələr  fonunda Şərq-Qərb arasındakı əlaqələr və əks-əlaqələr  necə də aydın görünür. Qərbdə də, Şərqdə də cahil insanlar cəzalandırdıqları kamil insanların incik ruhları qarşısında günahkar olaraq başaşağı dayanmağa məcbur olurdular. Xristianlıqda da, müsəlmanlıqda da elmə nəzarət var idi. Sadəcə olaraq, hər iki tərəfdə olan nəzarətçilər həmişə olduğu kimi nəzarət etdiklərindən rütbəcə və hökmcə üstün idilər.

 Sufi və hürufi dünyagörüşündə “Tanrıçılıq”, “Şamançılıq”, “Bütpərəstlik”,  “Atəşpərəstlik”, “Zərdüştilik”, “Buddaçılıq”, “Musəvilik”, “İsəvilik”, “Manilik”, “Konfusiçilik” elementləri olduğundan onu Yer kürəsini əhatə edən və etməkdə olan biliklər, təsəvvürlər, miflər, rəmzlər, inanclar, tapınaqlar sistemində axtarmaq, incələmək və şərh etmək lazım idi-V.A. Çünki sufi dünyagörüşündə ilkinliklə müşaiyət edilən təkamül əqli və  hissi idrakın sinkretizmi şəklində özünü göstərir-V.A. Sufizm və hürufizm Yaradana və yaradılanlara   mümkün olan bütün görmə bucaqlarından baxışdır-V.A.  

Inancın və etiqadın   yeni bir inkişaf mərhələsinə daxil olan türk sufizmi və onun davamı kimi türk hürufizmi zamanlar boyunca dünya ədəbi-bədii-fəlsəfi təfəkkür tərzinə təsir göstərən düyagörüşünə çevrildi. Mürşid – mürid münasibətlərinə əsaslanan sufizmin fəlsəfi əsası canlı və cansız aləmdə Allahın təzahürünü görə bilmək (panteizm) olduğundan Nəqşbəndilik, “İşraqilik”, “Bəktaşilik”, “Mövləvilik”, “Xəlvətilik”, “Hürufilik”   kimi sufi təriqətlər meydana gəldi və türk mütəsəvviflərin adı ilə bağlandı. Onlar dünyanı bir dinə gətirmək istiqamətində eninə, uzununa və dərininə inkişaf etməkdə olan sufizmə və hürufizmə böyük töhfələr verdilər. Prof. Dr. Gülşən Əliyeva – Kəngərli demişkən: “… erkən sufilərdən gələn “kamil insan” konsepsiyası sufizmdə (və hürufizmdə-V.As.) son həddə qədər (Bax. Prof. Dr. Gülşən Əliyeva – Kəngərli. Azərbaycan ədəbiyyatında sufizm. 525-ci qəzet. 31. 12. 12) yüksəldi. Müasir  avrofəlsəfə “super person” konsepsiyasını yenilik kimi təqdim etsə də, onun da kökləri dərindədir. Orta əsrlərdə Şərqdə, sırf türkcə yazıb yaradan mütəsəvviflər də var idi ki, onlar əqli və hissi yaşantılarını, ədəbi-bədii-fəlsəfi düşüncələrini poetik bir dillə ifadə edirdilər. Çünki türk ruhu qanadlı ruh olduğundan poetizmi daha yaxşı qəbul edirdi. Elə bu mənada  sufi-hürufi dünyagörüşünün əqli və hissi idrak çevrəsi daha da genişləndirildi, o  dünyanın hər yerindən görünməyə başladı. Dr.prof.Yaqub Babayev demişkən, “… XIV-XV əsrlər ədəbiyyatımızı təmsil еdən F.Nəimi, C.Həqiqi (1397-1467), Süruri (?-1520), Tüfеyli (XV əsr) və s. kimi hürufiməslək şairlərimiz də var ki, onlar ədəbiyyatımızın yüksəliş tarixində əhəmiyyətli rol oynamışlar. Göründüyü kimi, hürufiliyi və hürufiməslək poеziyanı nəzərə almadan XIV-XV əsrlər düşüncə tərzimizi ətraflı təsəvvür еtmək mümkün dеyil. Həmin poеziyanın məzmun və mahiyyətini anlamaq üçün hürufiliyin və onun idеyalarının nədən ibarət olduğunu az-çox (Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bax. Səh.55)  bilmək gərəkdir. 

Bunu da qeyd edək ki, antik dövrün dini-mifoloji və fəlsəfi dünyagörüşündən bəhs edən müəlliflər ellinizmə qədərki dövrü insanlara xas olan xüsusiyyətlərin tanrılara, ellinizm dövrünü isə tanrılara xas xüsusiyyətlərin insanlara şamil edilməsi ilə xarakterizə (Antiçnaya literatura, s.199) edirlər. Düşüncədə və təsəvvürdə insanın tanrılaşdırıilması prosesini təkcə sufizm və hürufizmlə bağlamaq, əlbəttə ki, səhv nəticələrə səbəb ola bilər. Sufilər o şəxslərdir ki, özünü və dünyanı dərkə can atmışlar. Onlar dini-mifoloji, dünyəvi biliklərə yiyələnmək, yaradılışı dərk etməyə can atan insanlar idilər. Onlar müdriklər idilər. onlar fetişizmə, animizmə və sakrallığa inanmaqla yanaşı inanclarının mahiyyətinə də varmaq istəyirdilər. İslami dövrün sufiləri Qədim Şərqin və Qərbin, o cümlədən, yunan və Roma patetikləri və peripatetiklərinin ərəb dilinə tərcümə edilmiş əsərləri ilə  yaxından tanış idilər.

Əbu Haşim Kufəi, Əbu İshaq Bəlxi, Bəyazid Bistami,  Həllac Hüsеyn ibn Mənsur, Əbu Rеyhan Biruni, Abdulkərim Kuşeyri,  Marağalı Əvhədi (1274-1338), Mahmud Şəbüstəri (1287-1320), Şihabəddin Yəhya Sührəverdi  və onlardan sonra gələn Şərq peripatetikləri Levkippin (e.ə.V əsr) əsərləri, Demokritin (e.ə.460-360) atomizm nəzəriyyəsi, Anaksaqorun (təxminən e.ə 500 – 428) kainatın yaranması, sofistlərdən Protaqorun (e.ə.490- 420) “hər şey həqiqətdir”, Qorqinin (e.ə.485-380) “hər şey yalandır”, Ramnuslu Antifon(t)un (e.ə.480-411), o cümlədən,  pifaqorçuların (e.ə.VI-IV əslər) mənəvi-əxlaqi, dini-mistik və asketik görüşləri, Demokritin evdomenist (xoşbəxtlik, səadət) görüşlərindəki ziddiyyətləri ilə tanış idilər. Hələ ellinizm dövründə insan sakrallaşmışdı. Ona görə ki, oraya qədər olan fəlsəfə və ədəbiyyat insana xas xüsusiyyətləri allahlara şamil edirdisə, ellin dövründən etibarən allahlara xas xüsusiyyətlər insanlara şamil edilməyə başladı. Demokrit və onu əhatə edən mühit isə Şərq dünyagörüşünü yaxından öyrənmişdi. Demokritin “Bütlər nəzəriyyəsi”ndə “Od”un, “Su”yun və “Torpağ”ın ilahiləşdirilməsinə əsaslanan “Maq təlimi” dayanırdı. “Avesta”da mənəviyyat “humata” (“xeyirxah fikir”), “hukhta” (“xeyirxah söz”) və “hvarsta” (xeyirxah iş) üçlüyü – triadası üzərində qurulmuşdu və Demokrit “Avesta triadasını öz “Etika”sında (Bax. A.O.Makovelьskiy. Drevneqreçeskiye atomistı. Demokrit i drevniy Vostok s.190-191) təkrar edirdi. O da bu üçlüyü  “Od”, “Su”, “Torpq” üçlüyü kimi ilahiləşdirirdi.

Bir sözlə intibah deyilən proses Günəş kimi zamanı gəldikcə periodik olaraq Şərqi və Qərbi işıqlandırır. Bu işıqlanma və diametral təkrarlanma yeni keyfiyyətlər qazanaraq sonsuzluğa doğru hərəkətdədir. Əslində təriqət və inancla bağlı olan “Hürufizm” də sufizmin davamı kimi özündən əvvəlki fəlsəfəni və fəlsəfələri müəyyən mənada ehtiva etmiş, elmdə və düşüncədə, ədəbiyyatda və incəsənətdə, təsəvvürdə, fantastikada və kosmoqonik görüşlərdə özünü biruzə verir.

Sufizmin “Bəktaşilik”,  “Mövləvilik” istiqamətləri davam etdikcə onun yeni təzahür formaları da yaranırdı. Sufizmin “Hürüfilik” şəklində təzahür etməsi insanın özünü və onu əhatə edən dünyanı dərk etmək cəhdindən irəli gəlmişdi. Sifiləri və hürufiləri islamdan əvvəlki dinlərə və etiqadlara müraciət etməyə sövq edən əsas cəhət də elə bu idi.  

Əslində sufilik VIII-IX əsrlərdən başlayaraq  ehkamlara münasibət şəklində inkişaf edirdi. Sufilər və hürufilər Allahın hər şeydə, o cümlədən,  insanda təzahür etməsini (panteizmi) təbliğ edirdi. Panteizm sufizmin və hürufizmin fəlsəfi əsası idi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular.  Sufi mürüdlər  ribat (karvansara), raviyə (künc, əlahiddə guşə), xənəkə və təkkələrdə yaşayır, təlim-tərbiyəsi başa çatanda  mürşidinin buyruğu ilə xüsusi qurşaq bağlayır, xirgə (dərvişlərin üst paltarı) geyir və papaq (Z.Məmmədov, göstər. əsəri, səh. 58) qoyurdular.

(Davamı olacaq)

Vaqif ASLAN


2 thoughts on “VAQİF ASLAN- Hürufizm postsufizm hadisəsi kimi

Yorumlar kapatıldı.