Kolgələrin savaşı


Mən bilirsən neçə dəfə
ev dəyişmişəm?
Otaq dəyişmişəm,
yer dəyişmişəm…
Qəribə meyvə qabı kimi
pəncərədən boylanan
qarı kimi.
Tərliyimin dəliyindən
ötüb keçən
qarışqa ayağı kimi.

Kəlmələri zilləyirəm neçə dəfə gözlərə
dəyişirəm çox şeyi.
Bircə əllərimdən bərk -bərk
yapışan qadınları…

Yavaş yavaş, aram -aram
Yastıq ölçüsü qədər yerə
dərdini sığdıran,
Dünyaya sığmayan adamların
yerini dəyişə bilmirəm.

İndi miskinlikdən pənah gətirən
adamları heç kim sevmir.

İndi divan örtüyütək
şuxluğunu itirməyən
adamları sevir hamı.

Onlar şam yeməyindən sonrakı
həzin musiqi kimidir.
Oxunur və unudulur.

Hamar döşəmənin tavanındakı
kölgələr də yerini dəyişər,
yer ki dəyişmir.
Gerçəklik də belədir,
dəyişsən də nə qədər yer!

Pərvin Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir