Bilinən bilinməzlər
II Qarabağ müharibəsi bitdi, amma dalğası davam edir. Bilinəni bilinməyəninə qarışıb. Hələ azad olunan torpaqlarımıza üçüncü ölkənin hərbçilərindən icazə alıb getməyimiz, beş illik təəhhüdün müddətli müddətsizliyi, bizim pasportumuzu daşıyacaq xankəndlilərin dövlət dilinin “rus dili” olması qərarını elə bu dil sahiblərinin qərarlaşdırması və s. qarmaqarışığında bir də son günlərin gündəmi olan “Tərtər hadisələri” var…
Kimi faciə deyir, kimi satqınlıq. Baxış prizmasına görə dəyişir. Amma dəyişməyən bu hadisənin yaşanmasıdır. Haqlı-haqsız mövzusu isə bütün “bilinən bilinməzlər” aqibətlidir.
Bir halda ki, “bilinməyən doğrunun” əmsalı bildiyinin qədərinə və yalanın miqyasına görə dəyişə. Yəni nə qədərinin yalan olduğu nə qədərinin doğru olduğuna bağlı ola. O zaman bu tapmacadan sən deyil, bəşər belə çaşar.
Çaşqınam, mövzunun “məhkəməsinin” Qurban Məmmədov tərəfindən qurulmasına. Qurban Məmmədov o qədər bilmədiyi şeyləri də sifarişli mövzu edib, dozasını bilərəkdən bir neçə dəfə artırıb ki… İnanımmı, inanmayımmı arasında qalırsan. Qurban Məmmədovu keçək. Çünki bəzilərinin bostanına atılan söz belə təhlükəlidir, geri dönüb daş olar, başını yarar.
Müharibə vaxtı cəbhədən məlumat veriləndə mənbə kim və ya kimin sahibi olduğu sayt, bloq olmasına baxmayaraq, sadəcə ölkə başçısının rəsmi xəbərini gözləyir, ona inanırdı hamı. Bəlkə o gündən qalma vərdişdir ki, əksəriyyət hətta dövlətin olan kanalların rəsmi məlumatına inanmır. Çıxıb prezident desə onda inanaram deyə. İndi belə bir informasiya atmosferində dünən qarşısnda bu gün yanında, və ya dünən yanında bu gün qarşısında olan dördüncü hakimiyyət qurumllarına inamı, güvəni, etibarı siz düşünün. (Ad çəkmək gərəkməz məncə. Ölkədə mətbuatın keçmiş ağasının Əli Həsənovundan tutmuş , kimin hansı sahəni monopoliyada saxladığını hamı bilir). Skeptik (şübhəli) , eklektik (reklam üsuli kimi istifadə) baxışdır- vardığın nöqtə…
Vara bilmədiyim dəhşətlər yaşayan bizlərə özümüzün acımasız olmağımız, kimliyindən asılı olmayaraq Azərbaycan kişisinin (satqınlığı ehtimal olan yerdə) inanılmaz şəkildə sındırılmasıdır. Cinayəti sübut olunmayana cani demirlər. Əməli təqsiq olunmayana da satqın…
Silsilə videolarla gündəmi zəbt edib qrupların əsas mövzusuna çevrilən, Tərtərin tərtəmizinə ləkə olan satqınlıqla bir arada tutulan və bu gün ona cavab istənilən hadisəsinə çəpəki baxıb yan keçə bilmirsən. Laqeydlikdən saymaq bir yana, ehtiyatlı davranıb hamının cəsarətli olduğu yerdə səs çıxartsan (ki bu da “palaza bürün, elnən sürün”dür) “fürsətçi” damğasıyla damğalanmaq da bu prosesdən doğandır. Bu durumda məchulların yanında və ya qarşısında olmaq da anlamsız gəlmirmi sizə? Yoxsa koronavirusdan sonrakı fəsadlardır ki, doğru bildiyinə belə, bir əcəba deyirsən.
Əslində bizim toplumda bilmədiyi yerdən verilən sualın cavabını “hamı bilir” kimi bir məziyyət də var. Hətta “mən çoxdan bilirdim” iddiasının da patentinə sahibdirlər. Amma baxsan, sahib çıxa bilmədiyimiz o qədər bilinənlər var ki…
Cəmiyyətin bütün sahələrində korrupsiya olduğunu bilməyən varmı?
Çox şeyin qohumluq, dostluq bağlılığı ilə həll olunduğunu kim bilmir ki?
“Toxunulmazlığı olan” (bunu bəlirləyən də özləridir) adam və mövzulara toxunmaq deyil, bir az yanaşsan sülalənin təhdid altında olacağını bilmirikmi?
Bilmirsinizsə, doğrusunu yazsan, desən “persona non qrata” edib qara siyahıya salınanacağından da deyim o zaman?
Müqəddəs mətləbləri murdarlayan (din başçısının universitet rektoru ilə şərab biznesi qalmaqalı), təlimi tərbiyəsini kök altına qoyan ocaqları sadalayımmı?
Bilib- bilməməyin fərqi varmı?
Nəticəsi dəyişməyən məchulun hansı tərəfində olmağın fərqi var. Çünki bölən çoxaldıqca qismət azalır…
Tünzalə Vəliqızı, Moskva
18.04.2021