FATEH


… olmaq üçün mütləq qılınc çalmaq, top atmaq lazım deyil. Mən Sizi tanıyanda Siz mənim indiki yaşımdan əlli üç il cavan idiniz. Yaradanın lütfüdür ki, uzun zaman kəsiyindən sonra şəxsinizə bu etirafı ünvanlamaq kimi bir şansım var. Keçən müddət ərzində tələbəlik illərindən sonrakı görüşlərimizin sayı bir əlin barmaqları qədər ola ya olmaya. Bəs bu müddətin ruzgarında aşılanmayan doğmalığın, məhəbbətin xəmiri nə ilə yoğrulub ki, mahnımızda deyilən kimi, “nə üçün Sizi mən unuda bilmirəm”?

Keçən yüzilliyin yetmişinci illərində “Günəş daha isti, qarlar daha bəyaz” idi və biz nə qədər hüzurlu, dinc bir ortamda, əzəmətli (o vaxt elə idi!) bir dövlətdə, ideallarımızın göylərdə, kasıb güzəranımızın yerdə keçici olacağına əminlik içində, “çox-çox adi dolanan, gələcəyə inanan” ruhda yaşayırdıq. Tələbə yoldaşımız Şamxal Rüstəm himnimizi yazırdı: Tələbəyəm, hələ mehəm. Amma bütün varlığımla, bu günümə, sabahıma cavabdehəm”. Onda hər şey fərqli idi. Rayon şəhərdən uzaq idi, kənardakılarla ünsiyyət vasitəsi telefon, votsap yox, məktub, qələm, varaq idi. Bir-birini görüşə dəvət edən dostlar bir çay süfrəsində saatlarla danışırdılar, nə zəng ayırırdı onları söhbətdən, nə tik-tok. Hər kəsin ağlına gələni “əsər” kimi ortaya qoyub, dahilik iddiasına düşməsi yoxdu. Bunları texnologiyanın inkişafından şikayət kimi deyil, günəş işığının fərqli nəsnələrə müxtəlif təsir etdiyini dilə gətirmək üçün yazdım.

Qələmimizin bərkimədiyi, dilimizin söz tutmadığı, “universitet müəllimi” adının qarşısında dizlərimizin titrədiyi vaxtlar idi Sizinlə tanışlıq dövrümüz. Bu həyəcanları aradan qaldıran Sizin mülayim rəftarınız, bizləri özünüzə yaxınlaşdırmaq üçün əvvəlcə bizim səviyyəyə “enməyiniz” oldu. Heç yadımdan çıxmır, bir qəzet məqaləsini təhlil edirdik. Yazı artıq dərc olunmuşdu və bizim təhlil, “düzəliş” cəhdlərimiz sadəcə öyrənmə missiyası daşıyırdı. Cümlələrdən biri xoşunuza gəlməmişdi və oxuyandan sonra dediyiniz fikir beynimə ömürlük qazıldı: “Bu cümlə belə olmamalıdır, amma necə olmalıdır, onu da deyə bilmərəm.” Yəni mən də sizin kimi, oxucu kimi, bu fikrin düzgün ifadə olunmadığının fərqindəyəm, lakin anında veriləcək hazır düzəlişim də yoxdur. Bu səmimi etiraf məni elə həvəsləndirdi ki, ağlımdan qəzetdə getmiş yazıya “redaktorluq” eləmək iddiası keçdi. Bəlkə o gün bizə cəsarət dərsi deyirdiniz.

Çox sonrakı görüşlərimizin birində, Moskvada uzun-uzadı söhbət imkanımız olmuşdu. Artıq Siz respublika ictimai mühitində, universitetin professor-müəllim heyətində, media məkanında öz səsi, sözü, mövqeyi olan mütəxəssis idiniz. Söhbətimiz  ortaq dəyərlərimizin ətrafında dolaşırdı. Əlbəttə, belə söhbət mətbuatımızın və jurnalistika fakültəsinin duayeni, cümhuriyyət sevdalısı, Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti tarixinin əvəzsiz tədqiqatçısı Şirməmməd Hüseynov şəxsiyyətinə toxunmadan dolğun sayılmazdı. O söhbət zamanı mən Sizi özüm üçün yenidən kəşf etdim. Şirməmməd müəllim haqqında danışanda bir həmkar, bir müəllim, bir həmvətən sevgisindən daha çox ona qarşı bir övlad sevgisi sərgilədiniz. Fakültəni yaratmaq, mütəxəssis yetişdirmək, məhdud imkanları ilə hər müəllimə, tələbəyə kömək etmək yolunda çəkdiyi əziyyətlərdən, birgə layihələri necə hazırlamağınızdan danışdınız.

Ömrün altmış ilindən çoxunu mətbuatımızın tarixinə, tədrisinə, təkamülünə sərf etmək şərəfli olduğu qədər, çətindir. Bu yolda rastlaşdığınız maneələrin, keçdiyiniz yolun nahamarlıqlarının da fərqindəyəm. Çətinliklərə rəğmən heç bir dedi-qoduya qarışmadan, ədalət tərəzisinin pərsəngini pozmadan, dövlətçilin, müstəqilliyin şərbətinə su qatmadan yaşamaq hər oğulun nəsibi deyil. Yuxarıda narazı notlarla qeyd etdiyim sosial şəbəkələrin müsbət yanı da odur ki, professor Cahangir Məmmədlinin növbəti doğum gününü təbrik etmək üçün növbəyə duranların sayı, tərkibi, sanbalı çox mənalı bir ömür bağının bəhrələrini dadan bağbanın məmnuniyyətini nümayiş etdirir.  

“Cahangir”—dünyanı fəth edən deməkdir. Ad, sahibinin həyat yolunu müəyyən edir. Siz adınızla, təmkininiz, alimliyiniz, insansevərliyinizlə o qədər ürəkləri fəth eləmisiniz ki, onların hər birinin etirafını dinləmək, oxumaq, hiss etmək üçün uzun illər sağlam omür sürməyə məhkümsunuz. Var olun!

Dərin sevgi və hörmətlə,

Cəfər SADIQ, Moskva
ADU jurnalistika fakültəsinin 1978-ci il məzunu
1 fevral 2026-cı il