Soyuq Moskva da
… isindi səsinizdən.
Uzun zaman oldu. Məzun olduqdan sonra səhv etmirəmsə, 2006-cı ilin fevralında Dünya Azərbaycanlılarının Bakıda keçirilən II Qurultayında görüşmüşdük. Hətta yan-yana oturmuşduq.
Müəllimim, Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin 84 yaşının tamam olması xəbərini Facebook sosial şəbəkəsindən öyrəndim. Yel qanadlı illərin belə sürətlə keçdiyinin fərqinə yenidən vardım. Aramıza illərlə bərabər coğrafi məkan da girdi.
Döğüm günü doğma müəllimimin səsini eşitmək üçün vəsilə oldu. “Bəlkə də xatırlamaz məni”- düçüncəsiylə telefon nömrəsini Cəfər (Sadıq) müəllimdən alıb ona zəng etdim.
-Məni xatırladınızmı, müəllimim?-sualım havadan asılı qaldı.
-Əlbəttə xatırladım-deməsindən, doğma səsindən… soyuq Moskva da isindi. Yetirmələrinin sayı hesaba gəlməz müəllimlərin tələbələrini yadda saxlaması da onların böyüklüyündən olsun gərək.
O səsin dalğalarıyla geriyə- o illərə qayıtdım.
Mən ali məktəb, universitet deyiləndə müəllimlərin saralmış vərəqlərdən oxuduğu (sıxıcı) muhazirələri dinləmək kimi təsəvvürundən daha çox, tədrisin məhz bu metodla keçildiyini təsdiqləyən tələbə qohumlarım arasında böyümüşdüm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub, onun timsalında dövri mətbuata yön verən pedaqoqlardan dərs alanda, bu fikirin hamıya şamil edilməsinin doğru olmadığını anladım. Bəlkə bu bir də onunla bağlı idi ki, bizim nəsil sovetlərdən təzə ayrılmış müstəqil Azərbaycanın demək olar ki, hər sahəsinin yenidən formalaşması mərhələsindən keçirdi. Yenilənmə təhsil sistemindən də yan keçmədiyinə görə köhnə stereotiplərin dağıdılması da bu zərurətdən doğandı. Bir sözlə, keçid dövrünün başlanğıcıydı. Necə deyərlər, “köhnə bitmiş, yenisi isə bişməmişdi”. “Kurikulum”, “kollokvium” kəlmələrinin nəinki tədrisə daxil olduğu, hətta onların işlənmədiyi bir dövrün tələbələriydik biz. Bunları termin olsun deyə yazmıram. Əski quruluşun “yanlışlığını” yeni quruluşun “doğruladığı” sürəcindən keçən nəsilin nümayəndələri olaraq bunlardan hələ ki, xəbərsizdik. Netləşmə (internetləşmə) həyatımıza yeni ayaq açırdı. Belə bir vaxtda adını bilmədiyimiz o metodları dərsində tədris edən nadir müəllimlərdəndi- Cahangir Məmmədli.
O zamanlar jurnalistika üçün dərs vəsaiti belə yox dərəcəsindəydi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Cahangir Məmmədli jurnalistikaya dair 7 kitabın, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bütün bunlara baxmayaraq, çox sadə, səmimi, imtahanla qorxudan sərt, tələbə ilə arasına sərhəd qoyan –bu (mənə görə bəlkə də süni) qəlibləri aşan biri olaraq tanıdıq, sevdik onu. Üzündə daima məskunlaşmış mülayim, xoş təbəssümü görüncə, qorxudan buz kəsmiş ürəyimiz isinər, dilimiz çözülər, cəsarətimiz artardı. Müəllim- tələbə münasibəti arasındakı incə cizgiyi pozmadan, şəffaf davranışı ilə bizimlə bizlərdən biri kimiydi. Əslində bu səmimiyyət üzərimizə düşən məsuliyyəti ikiqat artırırdı. Bəlkə bu da onun özünəməxsus pedoqoji metodlarındandı. Hətta bu sətirləri yazarkən belə hər cümlənin məsuliyyətini dərk edərək, sanki yenidən imtahan qarşısındayammış kimi hiss etdirən də ondan bizə sirayət edən səmimiyyətin, sevginin doğurduğu məsuliyyətdəndir. Cahangir müəllimin bizdən əvvəlkilərin də, bizdən sonrakıların da xatirində və xatirələrində özünə belə bir tablo cızdığına əminəm.
Oxuduğumuz təhsil ocağı əvvəllər Azərbaycan Dövlət Universiteti adlanırdı. Biz qəbul olunanda M.Ə.Rəsulzadənin adını daşıyırdı, məzun olduğumuzda artıq sadəcə Bakı Dövlət Universitetiydi! Cahangir müəllim bu tarixi etaplarda zamanın süzgəcindən keçib bu günümüzə gələn, duruşunu pozmayan, doğru bildiyindən vaz keçməyən mediamıza yeniliklər gətirən, zamanla zamana yenilənlərdən yox, yenilənənlərdəndir.
90-ların tələbələrinin də müəllimi olan Cahangir Məmmədli ömrünün 80-dən 90-na gedən yolunu yarılayıb. Bu yolda yorulmayasınız, Cahangir müəllim!
Və yazının sonunda yazdığım Tünzalə Vəliqızı adının imza olmasında əməyi keçən Sizə minnətdarlıqla, “hələ növbəsini gözləyən neçə-neçə adları imza edəcək” yolunuz uzun olsun!-deyirəm.
Tünzalə VƏLİQIZI, Moskva
Bakı Dövlət Universitetinin məzunu
2 fevral 2026-cı il
