UNUTMAMAQ VƏ UNUTDURMAMAQ ADINA: AYDIN MƏMMƏDOV VƏ DİLARƏ ƏLİYEVA


35 il öncə iki böyük aydınımızı itirdik.
Bu ağrıdan doğan boşluq isə dolmur, dolmayacaq…

“Bir insan ömrü həm yol, həm də son mənzildir.”
— Rüstəm Behrudi.

Uşaqlığımdan bu günümədək qəribə bir xüsusiyyətim var. Sanki yaşadığım bütün günlər xronoloji ardıcıllıqla yaddaşıma həkk olunub. Hər biri incə detallarına qədər içimdə “yaşayır” və həmin tarix yetişəndə qəfil oyanaraq məni yenidən o günlərə aparır. Bu xasiyyətimdən heç vaxt qurtula bilməmişəm.

Bəlkə də tarixçi olmağımla bağlıdır. Amma etiraf edim ki, bunu yaxşı xüsusiyyət saymıram. Çünki itirdiyim əziz insanların xatirəsini daşıyan günlər sadəcə bir tarix deyil — qəlbimdən asılan ağır bir yükdür.
Aydın Məmmədov və Dilarə Əliyeva…

Şəxsən tanımasam da, onların ictimai-siyasi fəaliyyəti, cəsarətli vətəndaş mövqeyi və ziyalı duruşu mənim üçün onları doğmalaşdırıb. Onlar yaddaşımda sadəcə tarixi şəxsiyyət kimi deyil, mənəvi olaraq yaxın insanlar kimi yaşayırlar.
Moskvada yaşayan tələbə dostum İqbal Aslanov 4 il öncə  Şəkinin Kiş kəndində Aydın Məmmədovun məzarını ziyarət etmişdi. Oradan çəkdiyi videonu mənə göndərdi. Açığını desəm, o görüntülər məni sarsıtdı. Onsuz da bu erkən itkinin acısını zaman-zaman hiss edirdim.

 İqballa telefon söhbətimizdə bu mövzu yenidən açıldı. O, onların ildönümü ərəfəsində hisslərimi bir yazıya çevirməyi tövsiyə etdi. Elə bu yazı da həmin söhbətin nəticəsidir.

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzası nəticəsində həyatlarını itirən xalq hərəkatının liderlərindən Aydın Məmmədov və Dilarə Əliyevanın vəfatından 35  il keçir.

“Xalq öz qəhrəmanlarını daim gözünün önündə görmək istəyir — ya tribunada, ya da dar ağacında.”
— Aydın Məmmədov.

Bu yazı xalqının yolunda ömrünü şam kimi əridən, zəkası ilə qaranlıqları işıqlandıran və bu yolda canından keçən bu iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunur.

Bugünkü gənc nəsil bu kimi aydınları mütləq tanımalı, onları örnək götürməlidir. Çünki biz təkcə insanları deyil — bir düşüncə məktəbini, bir mənəvi dayağı itirdik.

Aydın Məmmədov — sözün həqiqi mənasında parlaq natiq, dərin düşüncəli alim və cəsarətli ictimai xadim idi. Onun çıxışları insanları düşündürür, oyadır və arxasınca aparırdı. O danışanda insanlar sadəcə dinləmirdi — inanırdı.

Dilarə Əliyeva isə elm, mədəniyyət və vətəndaş mövqeyinin nadir vəhdətini təcəssüm etdirən ziyalı idi. Qətiyyəti, savadı və mənəvi bütövlüyü ilə seçilən bir şəxsiyyət kimi yadda qaldı. Onların itkisi yalnız bir dövrün deyil, gələcəyin də itkisi idi.

1991-ci ilin o faciəli aprel günü təkcə iki insanı yox, böyük bir ümid parçasını da bizdən aldı. Ardınca baş verən hadisələr — o cümlədən Qarakənd faciəsi — bu itkilərin təsadüfi olmadığını göstərdi. Bu gün geriyə baxanda bir həqiqət daha aydın görünür: belə şəxsiyyətlərin yoxluğu cəmiyyətdə dərin boşluqlar yaradır. Bu boşluqları doldurmaq isə illər, bəlkə də nəsillər tələb edir.

Onları xatırlamaq sadəcə keçmişi anmaq deyil. Bu, həm də gələcəyə məsuliyyətlə baxmaqdır.
Ruhları şad olsun. İşıqlar içində yatsınlar.

Məhəmməd İSRAFİLOĞLU, Almaniya
19.04.2026