Vətənin səni qucaqlaması və sənin Vətəni qucaqlaman


Heç nə etmədən dövlət kanallarını və ya saytlarını zəbt edib bunun müqabilində maaşla yanaşı jurnalistikanın ən böyük təqdir medalını alanlarla müqayisədə bir də  hər gün şəhid, qazi ailələriylə təmasda, onlara biganə qalmadan gecə -gündüz qələm çalanların fəaliyyətinə baxıram. Ikincilərin görünməsi üçün “daha nə etmək lazımdır” sualını verməyəcəm.  Çünki cavabı gözəgörüməz əlaqələrdə möhürlü.

Bütün bunlara rəğmən borcunu unutmayanlar var, az da olsalar. Biz bir ömür, tarixsə sonsuza qədər borculudur ONLARA. Əynində əsgər  (rübtəsindən asılı olmayaraq) paltarı olan evi sərhəd, səngər olanlara!

Paltarının rəngi ilə ayaqqabısını və ya aksesuarını uyğunlaşdıra bilməyən dediklərimiz,  küçədən keçəndə diqqəti cəlb eləsin deyə  telefonda bərkdən danışanı, nə bilim musiqinin səsini yuxarı qaldıranı, mədəni görünüşlü (nədənsə bu da geyimlə birbaşa əlaqələndirilir) olmayan kimi düşündüyümüz  o sadə uşaqlar  içindəki saflıqla, həqiqi sevgiylə heç düşünmədən bir anda Varlıqlarını ortaya qoydular. Bəli. Varlıqlarını. Çünki çoxunun varı yoxdu. Sadəcə Varlığı vardı. Hər kəsə nəsib  olan deyil Varlıqlı olmaq. Varlı ilə Varlıqlı arasındakı incə cizgini bilən bilir.

Mən əsgər paltarını Vətənə  bənzədirəm. Onu  əyninə geymək Vətənin səni qucaqlaması və sənin Vətəni qucaqlaman kimidir. Ondakı ucalıq, şərəf də bundandır. Bir anda ən cılızını belə  böyüdən, nəhəngləşdirən qüdrət paltardadırmı, yoxsa…Əslində paltarın daşıdığı anlamdadır. Müqəddəs anlamda. Geyinəni şərəfləndirər, geyinən şərəfləndirər.

Tünzalə Vəliqızı,

Moskva, 12.02.2021


Bir cavab yazın