Səfirlikdən Yuliya Latınınanın çıxışı ilə bağlı kəskin reaksiya
Polad Bülbüloğlu “Exo Moskvı” radio stansiyasının baş redaktoru Aleksey Venediktovdan cavab istədi
“Yuliya Latıninanın “Exo Moskvı” efirindən Azərbaycan xalqını təhqir etməsi nə jurnalist, nə də vətəndaş mövqeyinə yaraşan deyil”.
“Exo Moskvı” radiostansiyasının “Kod dostupa” müəllif proqramının 28 aprel 2018-cı il tarixli buraxılışında şərhçi Yuliya Latınina son zamanlar Ermənistanda baş verən daxili siyasi böhranla bağlı Qarabağ probleminə də toxunaraq tarixi təhriflərə yol vermişdi. Bir sıra hadisələrə birtərəfli –ermənipərəst mövqe bildirən Yuliya Latınina “Exo Moskvı”nın efirindən Azərbaycan xalqının ünvanına böhtan dolu ittihamlar səsləndirməklə qalmamış və hətta daha irəli gedərək xalqımızı “ruhi xəstə” adlandırmaqdan belə çəkinməmişdi.
Yenises.ru olaraq xalqımıza yönəlik bu təhqiramiz çıxışa etirazla saytımızda yazı vermişdik. Həmin yazıda Yuliya Latıninanın xalqımızdan üzr istəməsi tələb olunurdu. Yazının linki burada: (http://yenises.ru/yazarlar/2326-ugolok-vorchuna-snegopad-v-yule.html). Eyni zamanda Y. Latıninanın çıxışına dövlət səviyyəsində cavab verilməsi üçün aidiyyatı qurumlara- Rusiyadakı Azərbaycan səfirliyinə müraciət edərək bu məsələ ilə maraqlanmalarını da xahiş etmişdik.
Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu Yuliya Latıninanın çıxışına dərhal reaksiya verərək “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktova məktub göndərib. Məktub radionun eynidalı saytında dərc edilib. Səfir məktubunda “Exo Moskvı” radiosu şərhçisinin xalqımızın tarixini təhrif etməsi və torpaqlarımızın onun müdafiə etdiyi və “qəhrəman” kimi qələmə verdiyi Serj Sarqsyan və eləcə də erməni yaraqlıları tərəfindən işğal edilməsi, Xocalıda törədilən qətliam və digər bu kimi faktlara toxunaraq təhrif olunmuş həqiqətlərin çoxmilyonlu auditoriyası olan efirdə səslənməsinin etik normalara zidd olduğunu vurğulayıb. Səfirliyin məktubunda “Exo Moskvı” radiostansiyasında belə qərəzli çıxışın səslənməsinin radionun mövqeyinə də zərər gətirməsi vurğulanıb və ən azından 1 miyonluq Moskvalı azərbaycanlının həmin radiodan imtina etməsi kimi xoşagəlməz nəticə verə biləcəyi də xüsusilə qeyd edilib. Məktubun tam mətni burada:
Biz də Yenises.ru saytı olaraq Azərbaycanın Rusiyadakı səfirliyinə müraciətimizi nəzərə alaraq ona təcili və kəsin reaksiya verdiyi üçün dərin minnətdarlığımızı bildiririk.
Tünzalə Vəliqızı
Yenises.ru informasiya portalının baş redaktoru