Daxıldakı Qəpiklər


Özünün yox, əməlinin şəklini qoydum bu yazıya. Və bir də DAXILDAKI qəpiklərdən daha dəyərli DAXİLİNDƏ topladığını. Uşaqları müdrikləşdirən məqamın tablosu qarşınızda.


Açmasını açacaq əməlin adına nə deyirsiz Siz deyin. Mən bunları yaza bildim.

Hansı arzusunu gerçəkləşdirmək üçün yığmışdı bu pulu? Hələ 10 yaşına çatmamış bu kiçik qız torpağın olmayandan sonra bütün arzuların puçluğunu hardan bilir? “Nə zaman öyrəndi bunları, nə zaman böyüdü?”

Rüstəmova Səbinə -9627 rubl. Siyahıya adı belə yazıldı. Valideynləri bunun gizli qalmağını istəsələr də… Səbinənin dünyaya, düşmənə ismarıcı olsun! İnsanlq adına, mərhəmət və xeyirxahlıq, mübarizlik və vətənpərvərlik adına!!!

Bu millətin Zəhraları ölməsin deyə Səbinələrin kiçik qəlbindəki böyüklüyü həyəcansız təsvir edə bilmirəm.

Bu daxılı, bu hesabı, bu şəkli bir qrupda paylaşıblar. (Paylaşımı mənə göndərən çox dəyərli dostumla qızcığazın bu hərəkətindən mütəəssir olmuş, qəhərlənmşdik. İndi də yazanda kəlmələr boğazıma tıxanır-T.V.) Atası –qızımın yardımıdır və təkidlə əsgərlərimizə göndərilməsini istəyir- deyib. Bir əsgərin ehtiyacına yardım üçün, birini xilas etməsi üçün…

O pulun məbləği bəlkə yetməz, amma onun mənəvi ismarıcı, genini daşıdığı xalqın humanistliyi, rəhmdilliyi, mərhəmətliyi, yardımsevərliyinin dəyəri vurmanın, toplamanın hesabına sığmayacaq qədər sərhədsizdir.

Səbinə Rüstəmova Moskvada yaşayır. Düşdüyü, yaşadığı mühit başqadır. Təxminən ondan 2000 km uzaqlıqda- nənəsinin, babasının yaşadığı Azərbaycanda toplar, tüfənglər partladığını evdəkilərdən eşitsə də, bunun nə olduğunu anlamaya bilər.

Valideynləri verdiyi pulu daxılına yığar uşaqlar. O pullar atılan daxıla arzularını gerçəkləşdirəcək sehirli qutu kimi baxarlar. Nə zaman dolacaq, nə zaman açacaq? 3 ildə hər gün neçə dəfə qaldırıb, silkələyib, içinə atdığı qəpiklərin səsinə qulaq asıb ta dünənə qədər. Dünənsə… Evdə -“Cəbhəyə yardım üçün hər kəs əlindən gələni etməlidir, təbii ki”- atasının telefon danışığını eşidir. Tez gedib 3 ildə hələ dolmayan daxılını saxladığı yerdən gətirib. Açıb içindəki pulları sayıb. Hər birini səliqə ilə ayrıca paketlərə yığıb və:

-Ata, 9627 rubl var burada. Bunu da Qarabağda döyüşən əsgərlərimizə yollayın!

Eşitdiyi kəlmələrdən ata-anasının gözləri dolub.

-Qızım, bu hardan çıxdı? Biz –buradakı əmilər yığıb yollyacağıq.

-Olmaz! Orada vuruşan əsgər əmilərə mənim payım olsun! Bəlkə onlar üçün, uşaqları üçün bir şey alarlar. Onlar bizə, Vətənimizə görə cəbhədədir, axı.

Anlaşılandı, qayğılarımız da, təhnizlərimiz də. Etirazlarımız da, ehtiraslarımız da. Sınanan səbrimizin üstündən bir də yollar çəkildi, bir də andlar içildi. Təhnəsində çörəyi, canında ürəyi bölüşən xalqıq biz. Xocalıda anasının bətnində öldürülən körpələr, oyuncağı əlində yerə düşüb qalan uşaqların gül ömrü külə döndərilmişdi. İnsanlıq güllə, top səsi nə olduğunu bilməyən uşaqların qulağının dibində partlayan, onu yaralayıb keçiən yerdə öldürülmüş, ölmüşdü.

Ona yaxşını, yamanı diktə edən qəlbidir ki, orada yaman-qorxuludur. Qəhrəman isə bu qorxudan çəkib çıxardandı.

Bizim millət övladına bunu nə zaman təlqin etdi? Anasının bətnində dünayaya gəlmədən öldürülən o körpə, oyuncağı əlində yerə düşən o uşaqların ruhumu gətirdi, yoxsa?! Bunu ancaq azərbaycanlı olan anlayar, azərbaycanlı olan bilər. İnsanlığın, humanizmin milliyəti yoxdur! Amma millətin insanlığı, humanizmi, mərhəməti, xeyirxahlığı, olanını qardaşı ilə bölüşmək, paylaşmaq özünəməxsusluğuna ayrılanı var. Əmin olun!

Səbinənin verdiyi ismarıc budur: Uşaqlara nifrəti ideyil, insanlığı, mərhəməti əmanət qoyun! Qoyun daxıllarına onu toplasınlar!!!

Tünzalə Vəliqızı, Moskva
02.10.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir