Deyingən – BİLMİRƏM YADINIZDA NECƏ QALACAM


Deyingən - BİLMİRƏM YADINIZDA NECƏ QALACAM
Bəlkə şən, nəşəli bir insan kimi. Bəlkə ədalət axtaran bir sadəlövh kimi. Bəlkə… nə bilim.

Ona görə bu sətirləri kağıza tökməyə qərar verdim.

Deyirlər insanın özünə tənqidi yanaşması lazımdı, amma hər uğursuzluqda özünü günahlandırması da doğru deyil. Bunlar hamısı bəhanədir. Bir İNSAN var, bir də kütləni təşkil edən ikiayaqlı, şüurlu, nitqi, mülahizəsi olan boz fərdlər. Ayrı-ayrılıqda dindirərsən, əməlli-başlı səni qane edəcək ağlı var, hətta səni təəccübləndirən təqdirəlayiq fikirləri var. Məmurdu, müəllimdi, alimdi, həkimdi, amma bozdu. Onlardan biri də bəndənizdi.

Qorxaqların öndə gedəni. Özünün rahatlığı üçün münaqişədən qaçan, atdığı addımı yüz ölçən, bir biçən. Sözdə ədalət axtaran, amma ədaləti tapdalayanla göz-gözə gələndə, gah etikanı, gah diplomatiyanı bəhanə edib vəziyyəti “yola verən”. Dünyanı bozlar dəyişdirəmməz. Özlərinə qurd deməklə hər bozdan qurd olmur, əslində qurd heç boz olmur. Mübarizlər ölümə şərəf, şan-şöhrət arxasınca getmir, başqa cür yaşamağı qəbul edə bilmədiyinə görə gedirlər. Bozlarınsa min bir bəhanəsi var: hər şeyi savaşla həll etməzlər, biri od olanda biri su olar, biz sülhsevər insanlarıq, hələ gündə bir forma da fikirləşirlər, ay bu “tolerantlıqdı”, ay bu multikulturalizm qaydalarına ziddi, ay bu qonaqdı, ay bu uşaqdı və sairə və sairə.

Heç düşünmüsünüzmü, Nizami Gəncəvinin qonşusunun adı nə idi, Gəncədə o vaxt neçə İlyas var idi? Onların bacı-qardaşı kim idi, nə iş görərdilər? Əlbəttə, bu barədə ağlı yormaq kimin nəyinə lazımdı? Hələ üstəlik Nizaminin adı ilə elm taxtına çıxmaq istəyən, yüzlərlə olub-olmayan şaiyələr uyduran minlərlə çağdaş bozlar varkən.

Bu cəfəngiyatı niyə yazıram?

Gücsüzlüyümün, cılızlığımın etirafı üçün. Əsgəranda iki həmyerlimizin öldürüldüyü SSRİ-nin əsas televiziya xəbərində deyiləndə, yəni erməni-azərbaycanlı qanlı qarşıdurmasına yuxarıdan start veriləndə 31 yaşım vardı. Amma bu qanlı xəbərin start olduğunu nə mən, nə də milyonlarla həmvətənim dərk etdik. Dediyim o bozluq üzündən. Bizi qarşı tərəfə nifrət cərəyanına qoşdular. Qarşı tərəfi qoşmağa belə ehtiyac yoxdu.

Bir qərinə 33 ildi deyirlər. Azərbaycan torpaqlarının son işğalının başlanması bir qərinəni haqlamaq üzrədi. Təkcə Xocalı faciəsi 26 ildir cəzasız, cavabsiz qalır. Biz bozlar onların ildönümünü qeyd eləməklə özümüzü borcdan, məsuliyyətdən silkinmiş hesab edirik. Daha tünd bozlarımız Xocalı, 20 Yanvar şəhidlərinin dəhşət saçan hekayələrinin, şəkillərinin önünə gül dəstəsi qoymalarının foto sərgisini paylaşır, o biri bozların “biz sizin kimi MƏRD oğullarla fəxr edirik” təqdirlərini alır. Beləcə yaşayırıq.

Dünyada baş verən hadisələrin çox hissəsinin gərginlik naqilləri Moskvadan keçir. Azərbaycanın uğurunun da, uğursuzluğunun da yeraltı dalğalarının keçdiyi məkanın böyük hissəsi buradadır. Və biz bu məkanda təxminən iki milyon bozla təmsil olunuruq. Göz almacıqlarınıza yazığınız gəlsin, hədəqədən çıxarmayın gözünüzü. Xüsusən özünü bozdan başqa rəngdə görənlər, boşuna havalanmayın. Bu bir-iki kəlmə sizin ahənginizi pozan deyil. Yenə aliminiz alim, məmürünüz məmur, yaltağınız yaltaq, qorxağınız qorxaq, agentiniz agent, casusunuz casus olaraq yaşayışına davam edəcək. Hə, bir az fərq mütləq olacaq. Təqaüdə çıxandan sonra adının önünə Mir əlavə edənlər, həkim mədəsindəki xoradan dolayı içkini qadağan edəndən sonra təsbeh alıb namaz qılmasını gözə soxanlər, əlbəttə çoxalacaq. Amma bu onların bozluğunu dəyişən amil olmayacaq. Bir də bu bozluq Moskvada və ya Şəkidə, Vaşinqtonda və ya Gədəbəydə olmaqla dəyişən əlamət deyil ki. Moskvanı ona görə misal çəkirəm ki, burdakılar öz bozlarımızdı və demək olar hər gün üz-üzə, göz-gozə gəlirik. Birimiz Dövlət Dumasına girə bilməyimizlə, digərimiz Jirinovski ilə şəkil çəkdirməyimizlə, üçüncümüz deputat köməkçisinin köməkçisi vəsiqəmizlə gündəmə gətiririk özümüzü. Hansı gündəmə? Feysbuk gündəminə. Hələ bir böyük ekrana çıxanımızı görəsiniz. Bu yerdə bir səciyyəvi misal düşdü yadıma. Misal deyəndə ki, olmuş hadisədi, bilmirəm olduğu andakı atmosferi sizin təsəvvürünüzdə canlanacaq şəkildə təsvir edə biləcəmmi. Moskva hökümətində icraçı məmur olan bir həmyerlimiz şəhərdə inşaatla (belə deyək) məşğul olan başqa həmyerlimizə iş sifarişi almaqda yardım edir. İnşaatçı qardaş özünü sifarişi verəcək adama təqdim edəndə bir vizit kartı verir. Adam vizit kartında “…iya-…ya elmləri doktoru” ünvanını görəndə bir az ciddiləşir. Yardımçı həmyerlimiz tez müdaxilə edir: bəri başdan deyirəm, mən sizi inşaatçı ilə tanış edirəm, elmlər doktoru ünvanına zəmanət vermirəm!
Görüş bitir, iki həmyerli məsul adamdan ayrılıb yola düzələndə “doktor” incik halda, “sən niyə elə dedin o adama” deyə soruşur. Birinci də cavabında “mən sənin inşaatçılığına bələdəm, ona da zəmanət verirəm, amma vizit kartında yazılan ünvanı belə düz oxumadığını bilə-bilə səni doktor kimi təqdim edə bilmərəm, incimə” deyir. Sözüm odur ki, ey dili-qafil, inşaatçı kimi özünü isbat elədiyin halda bir ətək pul verib məğzini anlamadığın elm sahəsinin doktoru diplomunu almaq sənə nə verir?

Yenə uzaq düşdüm mətləbdən. Belə onlarla hüquq elmləri doktorumuz var, amma bir Qorbaçov üçün iş qaldırmaq cəsarəti, qabiliyyəti, səriştəsi olanımız yoxdur. Elə onlardan biri də mənəm. Hüquq elmləri doktoru yox, səriştəsiz, cəsarətsiz ziyalı. Hamını qaralama deyən də haqlıdır. Söhbət sıradan rutin icraatdan getmir. Dünyaya səs salacaq əməldən gedir. Yoxsa yüz il sonra Moskvadakı bu qədər adamdan ensiklopediyaya ya Jirinovski düşəcək, ya Voloçkova.

25 yanvar 2018-ci il,
Moskva


Bir cavab yazın