DÜNYAYA DÜZƏNİ ŞAİRLƏR VERİR
(Dostum Yavər Həsən haqqında düşüncələr)
Olaram yaz yeli, zülfündən, əzizim, əsərəm mən,
Sənə qəlb etsə dönüklük, onu doğrar, kəsərəm mən.
Sən elə hurisən, ey şux, elə göyçək pərisən ki,
Sənə küsməm, küsər olsam da özümdən küsərəm mən.
Gətir ulduz mənə Göydən, desən, ey gözləri məxmur
O qəra zülfünə ulduzları gültək düzərəm mən.
Mənə damla kimi baxma, kiçicik damlayam, əmma
Bir kiçik damlada bir Eşq ilə yüz min Xəzərəm mən.
Ayağım yerdə qərar tutsa da göylərdə qərarəm,
Bütün aləmlər ara aləmi-mə`na gəzərəm mən.
Məni bir əhli-məhəbbət bilir Allahı sevən kəs,
Və bilir Aşiqi-Həqqəm ki, nahaqdan həzərəm mən.
Bu iki gözlərimin, ruhumun Allahdı qərarı
O Bir Allahım ilə, Yavər, ədalətnəzərəm mən.
“Bir kiçik damlada bir Eşq ilə yüz min Xəzər” olan şairin heca vəznindəki lirikası, bənzətmələri də gözəldir. “Unutmaq olarmı Səni” adlı şeirdə qara rəngin “dəyərinə”, ölçüsünə baxın:
Ağartmasın, bənzətməsin
bu dünya qara bəxtimi.
Rəngi zülfünün rəngidi,
sevirəm qara bəxtimi.
Qara günüm gözlərinin
qarasını salır yada.
Onunçun də qara gündən
şikayətim yox dünyada.
Yaxud bu qəzəldə:
Qarədir gündüzümün Göydə Günü, Yerdə gülü,
Bəxtimin rəngini də, indi gərək qarə deyim.
Bu “qara bəxtli” şairə təbibdən də haray yoxdur, çünki
Təbibə söylədim əhvalımı, biçarə təbib
Bildi bu, Eşqdi, ərz etdi:”Necə çarə deyim?”
Azərbaycan dilinin zənginliyindən, zərifliyindən ustalıqla istifadə edən şair “Hansı qapını döyürsən, üzünə qıfıl bağlayır. Pəncərələr də pərdədən gözünə qıfıl bağlayır” deyir. İlk baxışda sadə görünən sətirlərdə həyat fəlsəfəsi var.”Bu nə qayda, bu nə üsul? Hamı qüsur gəzir, qüsur… Kimi dindirirsən susur, sözünə qıfıl bağlayır.” Şeirin üçüncü bəndindəki deyim tərzi fərqlidir: “”Adam olsa adam Yarı, olmaz heç bir adam yarı. Bu dünyanın adamları özünə qıfıl bağlayır”. Eşq dərdinə düçar olanların tənhalığının “səbəbini” Yarın “adam olmamağında” görmək ilk baxışda qəribə görünsə də qarşılıqsız eşqlə insanın bütöv deyil, yarım olmasının səbəbi kimi poetik tapıntıdır.
Yavər Həsənin şeir dünyası o qədər rəngarəngdir ki, onu təhlil etməzdən qabaq bütün əsərləri sitat kimi yazıya köçürmək keçir könlümdən. Bu qəzəlin hər beyti ayrıca təhlilə layiqdir:
Ətri-Yarımdan uzaq güllər ətirsizdi mənə
Nə qədər yaz gətirə fani, xətirsizdi mənə
Yarımın yel dağıdan zülfüdü başımda fikir,
Göydə durna səfi də indi sətirsizdi mənə.
Harda qəm var, tökülür başıma yağmur sayağı,
Dərdü möhnət sarıdan Tale çətirsizdi mənə.
Can evim canlı dəyirmanə dönüb, dərd üyüdür,
Bu dəyirman canımın cəhdi fətirsizdi mənə.
Mən bu Yavər Həsənə bağrıbadaşın biriyəm,
Parədir göydə Günəş, Ay da bədirsizdi mənə.
Aşiqin aşiqliyi təmənnasız sevgidir, sevgilisinin eşqindən qarşılıq istəsə də onu görməyəndə yalnız özünü günahkar, o sevgi zirvəsinə çata bilməyən bir yolçu hesab etməyindədir. Hətta çəkdiyi iztirablardan yarın xəbərdar olub-olmadığını belə ehtiyatla soruşur: “Bilmirəm bilirsənmi, Sənsizliyin dadını.” Dağlar duman yeridir. Sinədəki dağ, sevgi, həsrət, ayrılıqdan üstü şan-şan olan bir meydan kimidir. Şair o dağla bu dağı belə “qovuşdurur”: “Sinəmdəki dağlardan gözlərimə çən gəlir. Sənsizliklə varlığım, yoxluğuma tən gəlir”.
Həmin şeirin təzadlar üzərində qurulan sonuncu bəndi isə daha təsirlidir:
Yenə yaman istidi,
yenə yaman üşüdüm.
Eşidirsənsə məni,
sus, səsini eşidim.
Yavər Həsənə bədbinlik yaraşmır. Amma haqqın tapdandığı yerdə də nikbinlik aramaq yanlışdır. Elimizin sağalmamış, korun-korun tüstülənən Xocalı yarası Yavərdən “Qara bayraqlar qaldırın!” kimi hüznlü əmr gətirir:
Bu gün bəlkə də dünyanın
Ən pis günü, nəs günüdü.
Dağılan Yurd, sönən Ocaq,
Haray olan Səs günüdü.
Qar üstündə körpə qanı,
Hər sinə bir arı şanı.
Zülmün Ərşə çıxan günü
İnsafın məhbəs günüdü.
Güllələnib qoca,cavan,
Bu gün mənim çatmır havam.
Mələklər bələnib qana,
İblisin həvəs günüdü.
Əsir düşüb ana, bacı,
Tapdalanıb Namus Tacı.
Qara bayraqlar qaldırın,
Xocalının yas günüdü.
Poeziya çələngində ən zərif çiçəkləri olan şairin yaradıcılığı haqqında fikirlərimin bu dəstini istər-istəməz günümüzün “şəklini çəkən” bu şeirlə bitirir və gələcək söhbətlərdə “Dünyaya düzəni şairlər verir” qənaətini oxucularımızla bolüşməyi düşünürəm:
Bu əsrin insanı qəm çələngidir,
Sevinci başından aşan adam da,
Xoşbəxt adam deyil heç bir zamanda,
Xoşbəxtlik nə gəzir bu qara damda?
Bu əsrin insanı qəm çələngidir,
Özünü özgəyə bürümək ilə,
Bəxtəvər-bəxtəvər yerimək ilə
Xoşbəxt adam olmaq olmaz, ay lələ.
Bu əsrin insanı qan çələngidir,
Güllələr sinədə açır qan gülü,
Hər bir an ölümə tuşdu can gülü,
Şeytan iyi verir kor vicdan gülü…
Bu əsrin insanı qəm çələngidir,
Bu əsrin insanı qan çələngidir,
Özünü şah bilir hər gələn gidi,
Allah qiyaməti hələ ləngidir…
Cəfər Sadıq,
Moskva, 4 mart 2016-cı il.
“