İntiharların qətli-intihara döndüyü yer
Ötən gün Türkiyədə həyat yoldaşını, 7 övladını və bacısını saxlaya bilməyən 36 yaşlı ər, qardaş, ata olan kişinin doğmalarına silah çəkib öldürməsi və sonunda da silahı öz başına tuşlayıb özünü öldürmək istəməsi faciəsini oxudum. Bu faciənin qanlı mürəkkəbi qurumamış oxşar bir faciə Azərbaycanda oldu. Ata həyat yoldaşı və qızını baltalayıb, sonra intihar etdi.
Türkiyə mətbuatının bu olay haqqında ilk versiyalarında “Bunun içində gizli eşq məcarası ola bilərmi?”, “Qadın həyat yoldaşına xəyanətmi etmişdi?”- qəbildən olanlar yer aldı.
Azərbaycanda baş verənlərə isə eyni səpkidən bir az başqa yanaşma sərgilənməkdədir. Bilinməyən intiharın altında kişinin qadına qarşı zorakılığı fikri irəli sürülür. Əslində intihar və ya qətli-intihar qurbanlarının ailəsini bu ölümdən daha betər oldürən, hadisə ətrafında danışılanlar olur. Təxəyyülümüzü zorlayıb fantaziyamızın gedə bildiyi yerə qədər gedib ici uydurmalı “həqiqətlə”” dolu oxucu gözünü və könlünü oxşayan yazılar yazıb versiyalar “fırladırıq”. Lakin intihar, qətli-intiharalara sürükləyən cəmiyyəti suçlayan yoxdur.
Faciə birinin bu müsibətlərdən qurtamaq üçün ailəsini öldürməsi deyil. Qurtuluşu ölümdə görməsidir. Faciə təsəllilər, ümidlər dalana dirənib qulaq saqqızından başqa bir şeyə mail olmayanda özünü təklənmiş hiss etməkdir. Faciə insanın bu toplum içində tək olmasıdır. Faciə “mən insanımın qədrini bilirəm”- deyib ona sahib çıxılmayan yerdədir.
Bir zamanlar namus və ya başqa qisaslar üçün (bu günün içində də o qisaslar hələ var) əlinə silah verilən adətlərin qurbanları kimi, bu gün də insanının əlinə silah, balta verən idarə edən quruluşun qurbanları var. “Haqsızlıqla razılaşmaq ona şərik olmaq deməkdir”-i demək də asandır. Amma haqsızlıqla savaşa gücü olmadığını görüb sürünmək və səbr etmək nədir?
Türkiyədəki qətlin altından sadəcə borcluların qapıda dayanması və insanın işdən qovulması, kasıblıq hekayəsi çıxdı. Azərbaycanda törədilənin içində isə gah o tərəfə, gah bu tərəfə bəraət verən ehtimallar söylənir. Namus, əxlaq, işsizlik, aclıq, evə çörək gətirə bilməyən aciz kişinin “qəhrəmanlığını” zorakılıqla tətbiq etməsi ya nə olur olsun. Bunda bu cəmiyyətin, ideologiyanın, vətəndaşını ailə yanında üzü qara edən, qadınını çölə salan və sıraladıqca bitməyənlərin heçmi payı yoxdur?
Rusiyaya gəlib naxışı tutmayanda belindəki kəməri boğazına ilmək edib keçirən gəncin intiharından yazmışdım. Təyyarənin qanadında Bakıdan Rusiyaya uçmaq istəyən uşağın ölümündən yazmışam. Qardaşı evində qalıb utancdan özünü dənizə atan oğlan, “”Qiz qalası””nın başına çıxıb özünü oradan tullayan qız, evinə çörək apara bilməyib dünya başına dar gələndə parkdakı ağaclarda özünü dara çəkən atalar… Müxtəlif vasitələrlərlə eyni yola-intihara çıxaran yolda nə qədər həyatlar məhv olur. Elədə, ya belədə bu cəmiyyətdə vətəndaşın əlinə ölüm ilgəyi verib intiharları indi qətli-intihara döndərən nədir?
Türkiyədəki qətli-intiharı törədən sağ qaldı və güman ki, sağalaq. Bu dəfə daha ağır cəzanın bədəlini ödəyəcək. Təkrar ölmək istəyəcək. Öldürməsinə səbəb axtarılacaq, suçuna qanun hökm edəcək. Amma niyə dəli olmaq dərəcəsinə çatdığına ictimai tərəfdən deyil, tibbi nöqteyi nəzərdən baxılacaq. Məntiqinin o zaman ağlına tabe olmadığı affekt halından yazılacaq. Ancaq bir kimsə onun durumun qurbanı olduğunu deməyəcək və buna təhrik edəni mühakimə stoluna çıxartmayacaq.
Balta ilə öldürüb özünü öldürəni, güllə ilə güllələyib son gülləni başına çaxana bəraət axtaran kimi səslənməsin bu yazı. Amma hamının iradəsi eyni gücə malik deyil və dayanma həddi də eləcə. Günahı bir də səbrlərin sinirini sınayanlarda, insanı heyvaniləşdirib insanlıqdan çıxardan səbəbə bais olan yerdə, şeydə, axtarmalı, məncə.
Tünzalə VƏLİQIZI, Moskva“