KINTSUGI: QIRIQLARIN QIZIL HƏQİQƏTİ…
Düş yeddi dəfə, qalx səkkiz dəfə.”— Yapon məsəli. İnsanın daxili dünyası qaranlığa qərq olanda səs çıxarmır, fəqət o səssizlik bəşəriyyətin yeni bir ucalışının başlanğıcı ola bilər.Bu gün pəncərəmdən Almaniyanın o səliqəli, nizamlı dünyasına baxarkən uzaq Şərqdən, Yaponiyadan gələn qədim və optimist bir müdriklik ruhumu işıqlandırır: Kintsugi. Adı üstündə — qırılan keramikaları, fincanları və vazaları gil-gilə, gizlətmədən, əksinə o qırıqların daxilinə saf qızıl tozu yerləşdirərək yenidən bərpa etmək sənəti.Bu fəlsəfə bizə pıçıldayır ki, bir ömür və ya bir əşya sınaqlardan keçib yaralanıbsa, o yaralar gizlədilməli olan bir eyb deyil; əksinə, qızıllarla bəzədilməli olan ən qiymətli, ən şərəfli hekayədir. Yaralı və bərpa olunmuş fincan, həyatın sınaqlarından keçməmiş bəsit bir saxsıdan qat-qat daha dəyərlidir.
Yaponların o məşhur məsəli əslində Kintsugi fəlsəfəsinin insan ruhundakı böyük qələbəsidir: “Düş yeddi dəfə, qalx səkkiz dəfə.” Bu müdriklik sadəcə keramikaya deyil, birbaşa insan həyatına, taleyinə tətbiq olunmaq üçün var edilmişdir. Kintsugi, döyüş meydanında ağır yaralar almış, can çəkən, amma o yaraları mənəvi bir gücə çevirib daha əzəmətlə ayağa duran tənha bir samuraya bənzəyir. Samuray qılınc zərbələrini gizlətmir, o yara izləri onun mübarizə yoludur. Fəqət saxsı qabları, samuray bədənini qızıl və iradə ilə bərpa etmək olur… Kintsugi bəşəri yaralara dərman ola bilirmi?Əgər eqom olarsa, o qızıl sim keramikanı heç vaxt birləşdirməyəcək; Kintsugi fəlsəfəsi mənə məhz bunu diqtə edir. İnsanın həyatın hər üzüylə rastlaşdığı və aldığı yaralar, bəlkə də sonradan onun mükəmməl bir Yol xəritəsinə çevrilir. Biz o qırıqları qəbul etdiyimiz, eqomuzu mütləq bir “heçlik” (məhviyyət) məqamında sıfırladığımız an, o saf qızıl simvollar ruhumuzu yenidən bütövləşdirir.
Kintsugi insan qəlbinə dərman olur, bəli! Amma səni o qayğısız, ağrısız uşaqlığına geri döndərəcək deyil, səni o yaraların sayəsində daha möhkəm, qırıldığın yerdən bərkiyən bir insan kimi yenidən var edəcək. Qırılmış və qızıl xətlərlə bərpa olunmuş bir könül, həyatın amansız sınaqlarından keçməmiş bəsit bir ürəkdən qat-qat daha böyük sivilizasiya yaradır.Dünyanı qılıncları ilə diz çökdürən böyük hökmdarlar, sərkərdələr mənəvi kimliklərini itirib çürüyərkən, sarsılmaz sənətkarlar öz qırıqlarından yeni bir intibah doğurdular. İnsan hər zaman ən çətin situasiyalarda qırılan parçalarını toplamalı və o yaralı samuray iradəsi və mütləq bir təvazökarlıqla ayağa qalxıb, uca əxlaqi fəziləti və nəfsini yenən inadkarlığıyla öz iç dünyasını — saf qızıl xətlərlə bəzəməlidir.Ən ölümcül yara — insanın öz ədalət, mərhəmət, mübarizə əzminə kilid vurmasıdır.Kintsugi bu kilidin açarıdır.Və bu açardan hamıda var…
Məhəmməd İsrafiloğlu. Almaniya.
10.06.2026
