Payızda yerə düşən yazın ilk açan Nərgizi
(Sevimli müəllimimin xatirəsinə)
İndi orada olsam və dərs dediyini məktəbə vidalaşmaq üçün gətirilimiş nəşin önündə çıxış etmək istəsəm…
Göz yaşlarına boğula-boğula, barmaqlarımın sürünə-sürünə istəksiz yazdığı bu sətirlər… Qəlbimdən keçənlər, təəssüflər, keşkələr, özünüqınaqlar… Sizə deyə bilməyəndən sonra, tənha otaqda hıçqırsam nə olacaq, bütün ağrılara rəğmən Sizə sevgimi, rəğbətimi pıçıldasam və ya hayqırsam nə?!.
Çünki…
Həyat-hər gün, hər an iki hissin arasında vurnuxduğumuz, saat əqrəblərinin ucunda enib qalxan, irəli-geri hərəkət edən fikir kəfkirində xəyalla gerçəkliyin ayrıcında var-gəl etdiyimiz və sonunda itdiyimiz yoldur.
Yıxıla-yüyürə, tapa-itirə hər birimiz gedirik bu yolla… Fərqli istiqamətlər, fərqli ünvanlar, fərqli dalanların sonunda çatacağımız mənzil eynidir!
Xoşbəxt və ya bədbəxt deyilən son yoxdur. Sadəcə son var. Əbədi qalmaq istəsən də, unudulsan da… Sonuncu bir insanın yaddaşından silinən zaman- bax, onda mütləq yox olursan.
Vida nitqlərini kim sevir ki… Vida nitqinin qiymətləndirmə əmsalı varmı-yaxşı və ya pis deyə?! Varsa mən bilmirəm. Mənə görə bütün vida nitqləri ağrılı, yanğılı və eyni zamanda manipulyasiya ediləcək, divident gətirəcək nüanslardan məhrum olduğu üçün təsirlidir. O an, o durduğun yer sənə- olumla-ölümün kəsişdiyi an budur-deyir.
Mənə Bakı Dövlət Universitetini əlçatmaz kimi göstərən, sadəcə sinif otağına girib ilk dərsinizlə sənət seçimimdə dəyişiklik etməyə vadar edən, müəllimim. Mən nərgiz çiçəklərini də o zaman sevdim. Məhəbbət çiçəyi, özünəaludəlik simvolu kimi mənalarını da o zaman öyrəndim.
Bir kənd məktəbi üçün olduqca modern, adı kimi çiçək qoxulu olan, nitqi ilə heyrətdə qoyan, diksiyasını təqlid etdirən yeganələrdən biri də Sizdiniz. Bütün fənnləri eyni dərəcədə sevmək olmur. Amma fənnləri sevdirənlər olur. Mən bütün fənnləri bir də müəllimlərim üçün sevmişdim. Tarixinsə ədəbiyyatla daha təsirli olduğunu ilk test edən sizdiniz, bəlkə… Bu iki fənni efirdən veriliş aparan bir aparıcı kimi çatdırmağınızdandır ki, əlimə qələm alıb sinif divar qəzetində, sonra rayon və daha sonra Azırbaycan mətbuatında yazı yazmaq kimi cəsarətim oldu.
Siz “Gülüstan müqaviləsi”ndən danışanda B.Vahabzadənin hələ o zamanlar çap olunmamış eyniadlı poemasının olduğunu və əlyzamasından köçürülən variantını çıxarıb oxuyan tarix müəlliməsi idiniz. Sərkar kənd Nizami adına orta məktəbin şagirdləri bəlkə Sizin kimi müəllimləri olduğu üçün şanslı olduqlarını bilmirdilər. Mən və sizin dərs dedikləriniz bəxtəvərlərdənəm…
Nərgiz müəllimə, bir də bilirsinizmi nəylə heyrətləndirmişdiniz məni? Gözəl üzünüzə və səsinizə yaraşan qiraət ustası olmağınızla. Bu gün xəyalən nəşiniz qarşısında çıxış edərkən ifrata varmadan, bu, demək imkanım olmadığı üçün yazdıqlarım tam bir həqiqətdir.
“Hansı yerdə, bir gəlinsiz, bir nəvəsiz ana görsən, Bil ki, mənim anamdır, o!” Böyük Vətən müharibəsi mövzusunu anladanda söyləmişdiniz bu şeiri, həm də göz yaşları ilə… O dərsdən sonra bir çoxumuz kitabxanaya qaçmış, o şeiri, müəllifini axtarmışdıq.
Və bir dəfə də məhz o şeir üçün sizə gəlmişdim. Qapıda zərif barmaqlarında ağ rənglı boya gördüyüm, sankı sadəcə qələm və gül tutmaq üçün yaradılan pambıq əlləriniz xəmirlı halda qarşılamışdınız məni. Oturub seyr etmişdim.Gördüyüm səhnədən həm də çaşmışdım. Sonralar elmə istəkli olmağım sizin qapınızı tez-tez döyməyimə səbəb olacaqdı və hər dəfəsində də fərqli amplualarda qarşıma çıxmağınızla şaşırdacaqdınız məni.
Mən onu həyətdə kərənti ilə ot çalanda da gördüm, inək sağanda da, cücələrə yem hazırlayanda, onları nəğmə ilə yemləyəndə də, güllü-güllüstan olan baxçada gül yetişdirəndə də, “qaynatam gec gəlib, yoldaşım işdədir, qaynanam xəstədir”- deyib bütün işlərin dalınca qaçanda da.
Hələ stolun üstündəki şirniyyatları, dadlı yeməklərini demirəm. Eyni zamanda nadir kitabxanasında ərəb-fars dilləri lügətindən tutmuş, tariximiz qədər antikvar olan saralmış kitablar… İş stolunun üstündə yarıaçıq qalan kitabları oxumağa nə zaman vaxt tapırdı? Ustəgəl iki körpə oğlu.
Universiteti bitirəndə o zamanlar Ali Sovetdə çalışmışdı. Ailə qurandan sonra Sərkara gəlin gəlmişdi müəlliməm. Və duruşunda tam bir paytaxt havası vardı. Evdə gördüyüm bu təzadlı mənzərə isə… Məktəbdə müəllimə, evdə gəlin, həyat yoldaşı və ana! Örnək deyilmi?!
Bunları və gözəl şeir deməsini anama söyləyəndə, onlar- bütün bacı qardaşları- (7 qardaş 4 bacı idilər, məncə. Və hamısı ali təhsilli müəllim, həkim və s.) ataları Əli müəllim öləndə onu şeirlə son mənzillə yola saldıqları bir nağıla dönüşüb -dedi.
Qəribədir, anam onun atasını öz anasından duymuşdu. “Atası bizim kəndin (Gəncənin lap yaxınında olan Çobanabdallı kəndi) direktoru olanda bizdə qalıb. Anam ona otaq verib. Və çox ziyalı, respublikada tanınmış adam olduğu deyilirdi. Bədəlov Əlinin qızı da elə olacaq!”
Nərgiz müəllimə, hər ölüm sarsıdır insanı. Bizim gələcəyimizi cızan, müəllim adının işığıyla yolumuza şəfəq saçan Sizlərin ölümü o işıqdan bir şeylər əksildir. Öləziyir Sizlərsiz o işıqlar.
İçimdə böyük bir təəssüf, qəlbimi sıxan keşkələrlə… Gəncəyə gələndə görüşmədiyimiz üçün, bağışlayın məni!!!
Yazın ilk Nərgizinin payızda yerə düşəcəyini bilsəydim…
Tünzalə Vəliqızı
Moskva, 17.10.2017
P.S. Bilirsinizmi, Gəncədən Moskvaya gələndə əmim oğlu Mürşüd müəllim bir böyük dəstə nərgiz vermişdi mənə. Təyyarədə onları sevə-sevə gətirmişdim.